Onlayn ictimai-siyasi qəzet
Məzhəb fərqlilikləri İslam dininin tarixində təkcə dini yox, həm də sosial və siyasi hadisələrə təsir göstərən amillərdən biri olub. Şiə və sünni məzhəbləri arasında yaranan ixtilaflar zaman-zaman genişmiqyaslı qarşıdurmalara, regional münaqişələrə və insan itkisinə səbəb olub. Yaxın Şərqdə - xüsusilə İraq, Suriya, Yəmən və Bəhreyn kimi ölkələrdə məzhəbçilik əsasında aparılan siyasətlər və xarici təsirlər bu gərginlikləri daha da dərinləşdirib. Bu kimi proseslər təkcə həmin ölkələrin daxilində deyil, bütövlükdə İslam dünyasında parçalanma təhlükəsi yaradıb.
Azərbaycanda isə tarixən müxtəlif dini məzhəblərin nümayəndələri birgə yaşayıb, tolerantlıq mühiti qorunub saxlanılıb. Lakin son dövrlərdə bəzi xarici təsirlərin və radikal çağırışların fonunda məzhəb məsələsinin süni şəkildə gündəmə gətirilməsi cəhdləri müşahidə olunmaqdadır. Bu cür cəhdlər cəmiyyətin vəhdətinə xələl gətirə, dini zəmin üzərində gərginliklərə yol aça bilər ki, bu da həm milli təhlükəsizlik, həm də ictimai sabitlik baxımından diqqətlə izlənməlidir.
İlahiyyatçı Fərid Abdulla “Yeni Müsavat”a deyib ki, son bir neçə ildə dəstə-dəstə yeni cərəyanlar peyda olmaqdadır: “Hətta bir zaman bitmiş, izi-tozu silinmiş qədim məzhəblər Azərbaycanda dirilir. Çox təəssüf ki, dünya müsəlman ölkələri artıq bu mərhələni keçiblər. Biz isə həmişə yad ünsürlərin maraq dairəsində olduğumuz üçün bizdə yeni cücərir. Sabah-biri gün burada İsmailiyyə, Vaqifiyyə də görsək, gərək təəccüb etməyək. Xüsusilə mötədil din xadimləri var ki, heç nəyə qarışmırlar. Qarışsalar, gərək müəyyən bir zümrə ilə üz-üzə gəlsinlər. Dünən onlara ustad deyən kəs bu gün onları söyəcək. Lakin tarixi baxımından tam qətiyyətlə həll olunmayan məsələ üstündə məclislər təşkil edənlərin bu binəva inanclı adamlara ürəyi yanmalıdır. "Filan" tarixi şəxsiyyət olsa da olmasa da əqidən dağılmaz, amma artıq sənin əqidənin kökləri laxladılır.
Son illər isə “əxbari”, “rafizi” adları altında yeni cərəyanlar ortaya çıxır. Petraçılardan canımızı qurtarmışdıq ki, indi də xeyli vaxtdır mənə “əxbari kimlərə deyilir?” sualları verilir. Bu neoəxbarilik təbliğ edənlərin çoxu hicrətin 11-ci əsrindən sonra şiddətlənən “Əxbari-Üsuli” qarşıdurmasını canlandırmağa çalışırlar. Mən başa düşürəm, hansısa müctəhidə nifrət edə bilərsiz, yaxud bunu özünüzə siyasi sığorta da edə bilərsiniz. Lakin düşmənçiliyi həmin müctəhidlə edin. Bilmədən, başınız çıxmayan sütunları tərpətmək və savadsız dindarları hərəkət etdirmək istəyirsiniz. Özü də bu zümrə Quranilər, petraçılar, əməvilər və sairlərindən daha qatı və sərtdirlər. Bəziləri hətta daha ədəbsizdilər. Qurani ilə dil tapmaq olar, petraçı ilə də, amma bunlarla çətin. Onlar bir sıra uydurma hədislərə əsaslanıb, adama şər və böhtan atmağı da caiz bilərlər.
Elmi rəqabətdə məğlub olmuş bir cərəyanı diriltmək istəyənlərin inanın ki, çoxu əxbariliyin əsaslarını bilmir. Əxbarilik həssas bir məsələdir. Onların da böyük rolu olub. Lakin elmi dartışmada məğlub olublar. Hansısa müctəhid, alim, siyasi görüşə görə, bilmədiyiniz işlərə girməyin. Qarışıq durumu bir az da qarışdırmayın. Məsələni elmi səviyyədən kənara çəkməyin. Müzakirə edin, suallar və iradlar verin, eybi yox. Amma bundan alət düzəltməyin. Heç olmasa alimlərin ruhundan həya edin. Məsuliyyət daşıyırsınız".
İlahiyyatçı əlavə edib ki, illərlə müxtəlif ölkələrdə sünni-şiə əlaqələrinin möhkəmləndirilməsi üzərində müxtəlif layihələr, çağırışlar edilsə də, Azərbaycanda bu sahədə vəziyyət hər zaman stabil olub: “Sünni və şiə, sadəcə, ad idi. Dostum danışırdı, sünni məntəqəsindən olsa da şiə idi. Deyirdi, qohumlarım mənə deyirdilər: Biz sünniyik. Məhərrəmlikdə əza saxlayır, İmam Hüseyn üçün ehsan veririk. Yəni Azərbaycanda İslam dini bir mədəni-ənənəvi kültür halı aldığı kimi, məzhəb məsələsi də belə olub. O vaxt yazmışdım ki, biz Azərbaycandakı ənənəvi sünniliyə dəstək verməliyik. Nə olsun ki, şiələr çoxluq təşkil edir? Qardaşıq. Dəstək durmalıyıq. Yoxsa kənar qüvvələr fitnə salmağa başlayacaq. Sünnilərin beyinlərini yumağa çalışacaqlar. Burada məzhəb ixtilafları doxsanların axırında başladı. Xüsusilə vəhabilər, nurçular artıqdan sonra. Yoxsa ki, sünni də, şiə də bir-biri ilə yaxşı keçinirdi. Hələ bilmirik ki, bu, necə bir nemətdir. Başqa ölkələrdə vəziyyət fərqli, bizdə tam fərqlidir. Sən 27 ildən sonra Şuşa üzü gör, cəld məscidə qaç, sil-süpür, camaat namazı qıl, həm də şiəsi-sünnisi bir yerdə. Mən həqiqətən də heyranam, hərb kimi çətin situasiyada belə, məzhəblərarası vəhdət bilirsiniz nədir? Sözlə ifadə olunmayacaq möhtəşəm bir hiss. Düşmənin gözünü çıxaran, fitnəsini dağıdan bir şey”.
Yazını hazırladı: Afaq MİRAYİQ
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ