Onlayn ictimai-siyasi qəzet
Erməni cəmiyyəti məyusdur və bunun müxtəlif səbəbləri var, amma ermənilər düşdükləri durumun əsl səbəbini dilə gətirmirlər. Bunun kökündə Ermənistanda uzun illərdir təbliğ olunan və yalan üzərində qurulan hakim ideologiya dayanır. Uydurma tarix, “erməni dövləti”, onun ərazisi, “böyük etnos”, “Böyük Ermənistan” və bu kimi uydurmaların, xülyaların puçluğu erməniləri indi məyus edib. Ölkə siyasiləri, ictimai fəallar, ziyalılar günahkar axtarırlar. “Günah keçisi”, yaxud ona oxşar axtarışlar yeni yanlışlıqlara yol açır, həqiqətin yenidən gizlədilməsinə səbəb olur.
Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra mövzularla bağlı reallığı vətəndaşlarına çatdırmağa çalışır. Onlardan biri də yeni konstitusiyanın qəbulu ilə əlaqədardır. Bu ölkənin müstəqillik bəyannaməsi əsasında hazırlanan əsas qanunu Azərbaycan-Ermənistan normallaşma prosesinə, o cümlədən sərhədlərin müəyyənləşməsinə, sülh sazişinin imzalanmasına ciddi maneədir.
Hökumət başçısı fevralın 7-də bildirib ki, Azərbaycanla sülh sazişi ilə bağlı əldə edilən razılaşmaya əsasən, İrəvan üzərinə düşən öhdəliyə əməl etməmək üçün öz qanunvericiliyinə istinad edə bilməz. Bu o deməkdir ki, Azərbaycanla danışıqlar zamanı Ermənistanın mövcud konstitusiyasında problem yarada biləcək maddələrə rəsmi İrəvanın istinad etməmək barədə öhdəliyi var.
Ancaq həmin razılaşma dövlətlərarası münasibətlərin normallaşması üçün yetərli sayıla bilərmi? Bu müvəqqəti dövr üçün yetərli olar. Çünki dövlətin əsas sənədi konstitusiyadır. Orada bütün istiqamətlər öz əksin tapır. Lakin əsas qanunun bütün müddəalarının inkişafa xidmət etmədiyi də reallıqdır. Ona görə də yeni konstitusiyanın qəbulu, orada qonşu dövlətlərə ərazi, “erməni soyqırımı” kimi iddiaların olmaması, Ermənistan milli dövlətçiliyi, 1918-ci ildə qurulmuş respublikaya münasibətin dəyişməsi ilə bağlı maddələrin açıq-aydın göstərilməsi vacibdir. Bu, Ermənistan və erməni cəmiyyətinə reallığı da göstərə bilər. Yeni konstitusiya onların yuxudan ayılması üçün terapiya olar.
N.Paşinyanın Bakı ilə razılaşma barədə açıqlamasına inansaq, o zaman belə nəticəyə gəlmək olar ki, Ermənistanın konstitusiya ilə idarə olunmur. Çünki bu ölkənin həyati - vacib məsələləri Azərbaycanla münasibətlərin normallaşmasından asılıdır. Belə razılaşmalardan rəsmi İrəvanın imtina etməsi də mümkündür.
Ermənistanda yeni konstitusiyanın əleyhdarları da olduğundan rəsmi İrəvan bu vasitə ilə manevr etməyə səy göstərir. N.Paşinyan həm də vaxt udmağa çalışır.
Onun “Müstəqillik bəyannaməsi”ni rədd etməsi və yeni konstitusiya istəyinə qarşı çıxanlardan biri də ölkənin İctimai radiosunun icraçı direktoru Qaregin Xumaryandır.
Bu günlərdə radionun Nəzarət Şurası Q.Xumaryana qarşı intizam tədbiri görməyə başlayıb. “Lurer” saytı bildirib ki, o, bu bəyanatları tənqid edən məqaləsini radionun internet saytında dərc edərək vurğulayıb: “Baş nazir siyasi kimliyimizin sütunlarından birini məhv etmək və bizi - biz olmaqdan məhrum etmək niyyətindədir. Bizə deyirlər ki, azərbaycanlılar güclüdür və ermənilər zəifdir”.
O, həmin yazıda erməniləri daha güclü olmağa çağırıb: “Ancaq bunun əvəzində bizə “erməni olmağınızı dayandırın” deyirlər”. Q.Xumaryan başqa erməni ideoloqları kimi Azərbaycanı şərləməkdən də özünü saxlamayıb: “Belə siyasət Azərbaycanın Ermənistana qarşı təcavüzünün qarşısını almayacaq”.
Göründüyü kimi, Ermənistan cəmiyyətində məyusluq davam edir. Xumaryanın iddiaları buna nümunədir. İrəvan Dövlət Universiteti İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan Azərbaycanı nəzərdə tutaraq bildirib: “Düşmən məğlubedilməz deyil”.
Bunlar Ermənistan və erməni cəmiyyətinin ruh düşkünlüyü, məyusluğunu əks etdirir. Belə düşüncə sahibləri Azərbaycanla münasibətlərin normallaşmasına mane olur. Bu tip qüvvələr iki ölkə arasında normallaşmaya problem yaradanların əlində alət olurlar.
N.Paşinyan yeni konstitusiyanın qəbulu istiqamətində işi dayandırması Ermənistan dövlətçiliyinə, ermənilərin xalq olmasına problem yarada bilər. Baş nazirin razılaşma barədə açıqlamasını isə əsas qanunun yazılmasından yayınmağa cəhddə saymaq olar. Başqa sözlə, o, daxildəki narazı qüvvələri bununla neytrallaşdırmağa çalışır.
Məyus Ermənistan cəmiyyəti üçün nicat, çıxış yolu reallığı əks etdirən, uydurma, qondarma iddialardan uzaq düşüncələr əsasında yazılacaq yeni konstitusiyadadır. Bu, yeni Ermənistanın yaranmasına, erməni etnosunun yetişməsinə təkan verə bilər.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ