İnsanlara hürriyət, millətlərə istiqlal!

Metroda tibbi xidmət niyə yoxdur?

 Bir hadisənin doğurduğu reaksiya və rəsmilərin cavabı

“İşdən çıxıb "Neftçilər" metrostansiyasına düşdüm. Baxdım ki, bir gənc qızın halı pisləşib, polis və metropoliten əməkdaşları onu özünə gətirməyə çalışırlar. Çantamdakı “Yeni Müsavat” qəzetini çıxarıb polisə verdim ki, havalandırsınlar. Əməkdaşlardan biri qaçıb nə isə gətirdi, qoxlatdılar. Üzünə su vurdular, az sonra gözlərini açdı, yenə bayıldı. Bu müddətdə təcili tibbi yardıma edilən zəngin nəticəsi olmadı. Haradasa 15 dəqiqə belə davam etdi. Qız yenə gözlərini açdı, amma danışa bilmədi. Ayağa durmağa belə taqəti olmadı. Hiss olunurdu ki, üşüyür. Polis qardaşımız kürkünü çıxarıb qızın çiyninə saldı. Qadınlar əllərini ovdular, özünə gətirməyə çalışdılar. Bu müddətdə yenə həkimlər gəlmədi. Polis qardaşımız əlacsız qalıb qızı qolları üstündə bayıra çıxartdı. Bəlkə də tələbə idi. Sonra nə oldu bilmədim. Allah kömək olsun!

Amma belə olmaz! Heç olmaz! Səhiyyə qurumları haradasınız? Bəlkə elə o qız sizin də doğmanızdır! İnsafınız olsun, belə təcili yardım xidmətimi olar?!

Hər stansiyada bir-iki növbətçi həkim ola bilməzmi, metropoliten rəhbərliyi? Hər gün neçə yüz min sərnişin daşınır, bəlkə onların sağlamlığının da qayğısına qalasınız? Havasızlıq, basabas. Pik saatlarda dəhşət!

Hərdən yerin altına nəzər salın! Son vaxtlar metroda neçə nəfər ölüb, sayını bilirsinizmi?"

Bu fikirləri “Yeni Müsavat”ın siyasi şərhçisi Elşad Paşasoy öz sosial media hesabından yazıb.

1641998077_1641988555_elad.jpg (58 KB)

Qeyd etmək yerinə düşər ki, həmkarımızın qabartdığı məsələ son dövrlər üçün olduqca aktualdır. Çünki son vaxtlar metroda ölüm halları, qəflətən halı pisləşənlərlə bağlı məlumatlar yayılır ki, bunları da həm sosial mediada, həm də mətbuatda tez-tez izləyirik.

Nəzərə almalıyıq ki, hər gün metro stansiyalarında insan izdihamı yaşanır. Basabas ucbatından bəzən insanlar heç qatara minə bilmirlər. Mübaliğəsiz demək olar ki, əsasən pik saatlarda metroda “iynə atsan yerə düşməz”. Bu cür izdiham fonunda insanların səhhətində problem varsa, o zaman onların halının pisləşəcəyi istisna edilmir. Bu cür misallar az deyil, halı pisləşənlər arasında sıravi vətəndaşlardan tutmuş, hətta metropoliten işçilərinə qədər var.

Yaxınlarda metroda müğənni Çinarə Məlikzadənin atasının qəflətən halının pisləşdiyi və dünyasını dəyişdiyi xəbərini də oxuduq. Xəbərlərdən hər zaman onu da oxuyuruq ki, metroda halı pisləşənlərə ya insanlar, ya polislər, ya da metropoliten işçiləri kömək edir.

Metrostansiyalarda həkimlərin, təcili yardım xidmətinin təşkili mümkündürmü? “Bakı Metropoliteni” QSC tibbi xidmətlə bağlı səhiyyə qurumlarına müraciət edibmi? Metro stansiyalarında insanlara ilkin tibbi yardım göstərilə bilərmi?

İlk olaraq TƏBİB-dən “Yeni Müsavat”ın ünvanladığı sorğuya cavab olaraq bildirildi ki, konkret hadisə ilə bağlı 14.12.2023-cü il tarixində saat 16:23 radələrində Respublika Təcili və Təxirəsalınmaz Yardım Mərkəzinə çağırış daxil olub: “Saat 16:29 radələrində hadisə yerinə çatan təcili yardım briqadasının həkimi tərəfindən 2002-ci il təvəllüdlü (qadın cinsli) vətəndaşa ilkin tibbi yardım göstərilib. Məlum olub ki, vətəndaş "Qlisin" adlı dilaltı dərman tabletlərindən istifadə edib. Qeyd edək ki, çağırışa gecikmə halı qeydə alınmayıb. Təcili və təxirəsalınmaz tibbi yardım protokoluna uyğun olaraq xidmət vaxtında təşkil olunub".

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə məsələ ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, son dövrlər ölümlərin, ya da halı pisləşənlərin sayı həqiqətən çoxdur-azdır, bu, fərqli yanaşma tələb edir:

bakhtiyar_mammadov_151020.jpg (120 KB)

“Bizim halımız pisləşəndə hər dəfə təcili yardım çağırmırıq. Peşəkar qiymət verilməsi peşəkar səviyyədə olmalıdır. Pandemiyaya qədər Səhiyyə Nazirliyi ilə sıx ünsiyyətimiz var idi, bir çox məsələləri bir yerdə həll edirdik. Postpandemiya dövründə müəyyən cari məsələlər var ki, onların müzakirəsi aparılır. Bu məsələni də araşdırıb, məlumat verəcəyik”.

fazil.jpg (79 KB)

Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, əslində ictimai nəqliyyatın işlədiyi hər bir yerdə insanların sağlıq problemlərini qorumaq üçün infrastruktur olmalıdır: “Metronun içində də bütövlükdə vətəndaşa xidmət edən fəaliyyət olmalıdır. Hansısa bir ekstremal vəziyyətdə səhhətində problem yaranan vətəndaşın qorunması vacibdir. Bunu təyyarədə və başqa yerlərdə etmək çətin olar. Hətta təyyarədə olanda elan edilir ki, sərnişinlər arasında həkim varsa, xəstəyə yaxınlaşsın. Amma yerdə bunun elə bir çətinliyi yoxdur. Həqiqətən də metroda son vaxtlar sağlıq problemləri ilə bağlı problemlər çox olur. Vətəndaşlar üçün nə qədər riskli, təhlükəli olduğunu görürük, ona görə məsələ üzərinə gedilməlidir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR