Onlayn ictimai-siyasi qəzet
"Son vaxtlar viral infeksiyaya yoluxmada kəskin artım müşahidə olunur. Dekabr ayından başlayaraq öskürək, yüksək temperatur, "kataral vəziyyət", səsin tutulması, halsızlıq, bütün bədəni bürüyən ağrı ilə müşahidə olunan viral infeksiya demək olar ki, hər bir evin, ailənin arzuolunmaz qonağıdır. Bununla bağlı kəskin bronxit və pnevmoniya kimi ağırlaşmaların da artdığı sirr deyildir".
Musavat.com bildirir ki, bu barədə tibb elmləri doktoru, professor Musa Qəniyev bildirib.
Professor qeyd edib ki, insanları ən çox narahat edən son günlər Çində eyni klinik simptomlar verən yeni bir virusun—metapnevmovirusun epidemik xarakterli artımı və bunun ölkəmiz də daxil olmaqla dünyaya yayılaraq yeni bir pandemiyaya səbəb olma ehtimalıdır:
"Digər xüsusi narahatlığa səbəb olan hal isə dekabr ayının sonunda Tayvanda Money UDN nəşrində bu virusun letallıq əmsalının 43%-ə yaxın olması barədə yayılan iddiadır.
Rəsmi mənbələrdə ölkəmizdə bu virusa yoluxmanın qeydə alınmadığı bildirilir. Əvvəla unutmamalıyıq ki, biz sərhədlərin şəffaflaşdığı, qloballaşan bir dünyada yaşayırıq. Odur ki, "dünən" dünyanın istənilən bir nöqtəsində hər hansı bir viral infeksiyaya yoluxma halı baş veribsə, "sabah" onun bizim ölkəmizə və ya dünyanın istənilən bir ölkəsinə daşına biləcəyi tamamilə reallıqdır. Bu səbəbdən də, "bu infeksiya qonşu ölkələrdə var, hələ bizim ölkəmizdə yoxdur və ya olmayacaq" fikri, tamamilə absurddur."
Professor Musa Qəniyev bildirib ki, metapnevmovirus heç də söylənildiyi kimi yeni bir virus deyil:
"Hazırda tənəffüs yolu infeksiyası törədə bilən və ümumi sayı 200-dən artıq olan virus ailəsi üzvlərindən biridir. Bu virus 2001-ci ildə Hollandiyada 28 nəfər uşağın yoluxması ilə qeydə alınsa da, əslində 1959-cu ildən bəri, yəni düz 65 ildir ki, mövcuddur. İki genotip (A və B) və hər birinin iki subtipi olan bu virus, dünyanın hər yerində yayılıb. Cinsindən və irqindən asılı olmayaraq insanlar arasında bu virusa yoluxma daim baş verib və verir.
Yoluxmada fəsli sıçrayışlara gəlincə isə, bu təbii və qanunauyğun bir haldır. Virusun genom quruluşunda istər nöqtə, istərsə də xromosom parçalarının ayrılması kimi daha ciddi mutasiyalar müşahidə edilməyib. Virusun genom quruluşunda nukleinlərin sıralanma ardıcıllığı isə, təqribən 43% nisbətində eyni ailədən olan respirator-sinsitial viruslarda (tənəffüs yolu infeksiyası törədən) olduğu kimidir."
Söylənilir ki, bu virus xüsusən uşaqlar və yaşlı şəxslər üçün qorxuludur. Professor bildirir ki, bütün yaş qruplarında olan insanlar bu virusa həssasdır və yoluxa bilər:
"Uşaqlara gəlincə, birincili uşaqlıq yaş dövrünün sonuna qədər (6 yaş) əksər uşaqlar, ikincili yaş dövrünün (9-10 yaş) sonuna qədər isə, demək olar ki, bütün uşaqlar metapnevmovirus infeksiyasına yoluxur və sağalırlar. Yəni burada faciə kimi təqdim ediləcək qeyri-adi bir şey yoxdur.
Bəli, müxtəlif illərdə bu infeksiya zamanı aşağı tənəffüs yolunun xəstəlikləri ilə yuxarı tənəffüs yolu xəstəlikləri arasında fərqlilik müvafiq olaraq 10,2%-36% və 1%-5% faiz nisbətində olub. Lakin bu hal risk qrupunda olan xəstələrin (immun sistemi zəifləmiş, üzülmüş və s.) müqayisəli göstəricilərinin təhlili əsasında aparılıb."
Musa Qəniyev onu da qeyd edib ki, hazırkı virus infeksiyasının ekliptik hərəkət boyunca ardıcıl növbələşən üç dalğa şəklində davam etməsi gözlənilir:
"Hazırki 1-ci dalğa yanvar ayının ikinci yarısına kimi davam edəcək. Daha sonra fevral ayının 1-ci ongünlüyünə qədər (2-ci dalğa) yoluxmada stabilləşmə, ikinci ongünlüyündən etibarən (3-cü dalğa) isə kəskin zəifləmə müşahidə ediləcək. Mart ayının 2-ci ongünlüyündən etibarən isə sporadikləşmə və sönmə baş verəcəkdir.
Xəstələnmə zamanı fəsadlaşma və ya ikincili mikrob infeksiyası baş vermədiyi halda antibiotiklər, antibakterial dərman maddələri, eləcə də insanların çox sevdiyi “sistem vurdurmaq” mütləq əks göstərişdir. Yoluxmanın ilkin və davam etdiyi müddətdə müalicə prinsipi bütün hallarda İnteqrativ Təbabətin tövsiyə etdiyi meyarlar (dəstəkləyici və sanogenetik terapiya) üzrə aparılmalıdır.
Xəstə olmayan şəxsin maska taxması da məsləhət deyil. Viral infeksiyalardan qorunmanın əsas yolu isə, həmişə dediyim kimi, eynicinslilərin öpüşməsi kimi gigiyenik cəhətdən yolverilməz davranışlardan çəkinməkdir. Uşaqları öpmək isə viral infeksiyaların fəsli artımı dövründə ümumiyyətlə yolverilməzdir."
Xalidə Gəray
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ