İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərhumun anası fəryad edir, atası “buraxın, getsin” deyir...- Video

Sabunçu rayonunun Balaxanı qəsəbəsində dostunu amansızlıqla öldürməkdə ittiham olunan 18 yaşlı Rəhim Əsədovun məhkəmə istintaqı başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk baxış iclasında prokuror ittiham aktını elan edib.

Rəhim ittihama münasibətdə özünü tam təqsirli bilib, həmyaşıdı Rəşid İmanovu öldürdüyünü etiraf edib. Rəhim sərbəst ifadəsində Rəşidi ona borca pul vermədiyinə və söydüyünə görə qətlə yetirdiyini deyib.

Danışdıqlarından məlum olub ki, zərərçəkmişlə hadisədən 20 gün əvvəl tanış olubmuş: “Bir-birimizi instaqramda tanımışıq. Xeyli yazışdıqdan sonra ondan borca pul istədim. Birinci dəfə borc verdi, dediyim vaxtda da qaytardım. Üstündən bir neçə gün keçdikdən sonra yenə pul lazım oldu. Bu dəfə ona müraciət edəndə dedi ki, gəl Balaxanıya, götür. Dediyi yerə getdim, amma pulu verməkdən imtina etdi. Nəsə mübahisə etməyə başladıq. Mənə qeyrət söyüşü söydü. Bundan sonra özümdən çıxdım. Yerə yıxıb bıçaqla boynuna iki zərbə vurdum. Öləndən sonra da izi itirmək üçün onun telefonunu, həmçinin cibindəki 3 manat pulu götürüb qaçdım”.

Təqsirləndirilən şəxs cinayətin necə baş verdiyini danışarkən, mərhumun zalda əyləşən anası Günel İmanova və babası hisslərini cilovlaya bilməyiblər. “Biz 18 il yetimçiliklə uşaq böyütmüşük. Necə rahat danışa bilərsən?”, - deyə qohumlar səslərini yüksəldiblər.

Məhkəməyə sədrlik edən hakim qohumlardan sakit olmalarını tələb edib.

Öldürülən gəncin atası Elçin İmanov prosesin davamında ifadə verib. Bundan əvvəlki iclasda o, oğlunu öldürməkdə ittiham edilən şəxsdən şikayətçi olmadığını, hüquqi varislikdən imtina etmək istədiyini demişdi.

Ata İmanov bu gün də əvvəl dediklərinin üstündə dayanıb. O, yenə də təqsirləndirilən şəxsin azadlığa buraxılmasını xahiş edib: “Ona heç bir sualım yoxdur. Cavan uşaqdır. Bildiyimə görə, anası da xəstədir. Buraxın, getsin. Ola bilərdi ki, mənim oğlum da onu öldürərdi. Biri ölüb, o biri yaşasın. Mən də dustaq olmuşam, onun yerində dayanmışam. Onu bağışlayıram”.

Rəhim də öz növbəsində şüşə qəfəs arxasından ataya təşəkkür edib. 

Qeyd edək ki, Rəşid İmanovun anket məlumatlarından aydın olub ki, o özü də qəsdən adam öldürdüyünə görə 12 il həbsdə olub. Oğlunun 5 yaşında həbsxanaya düşən ata, onun ölümündən 9 gün sonra cəzasını tam başa vuraraq azadlığa buraxılıb.

Xatırladaq ki, bu hadisə 4 ay əvvəl baş verib. Təqsirəndirilən gəncə əvvəl 120-ci maddənin yüngül  bəndi ilə cinayət işi başlansa da, istintaqın gedişində ona ağır maddələrlə yekun ittiham elan edilib.


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR