İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhbuslar məzuniyyətdə - bəs geri qayıtmasalar...

Ekspertlər hesab edir ki, bu qaydanın tətbiqi məhkumların islah olunması üçün vacib faktordur və geri qayıtmazlarsa...

Məhkumların bir neçəsinin məzuniyyətə buraxılması ilə bağlı xəbərlər cəmiyyətin diqqətini cəlb edib. Bildirilir  ki,  məhkumları həbsxana əməkdaşları müşayiət etməyib. Onlar yaxınları ilə görüşüb, təqribən 7-8 gün onlarla birlikdə vaxt keçirdikdən sonra özləri də sərbəst şəkildə saxlanıldıqları həbsxanalara geri qayıdıblar. Məlumata əsasən, indiyədək səkkiz nəfər məhkum ailə üzvlərini ziyarət edib və geri qayıdıb. Məlumatı Penitensiar Xidmətdən də təsdiqləyiblər.

Qanuna görə, əmək fəaliyyəti ilə məşğul olan məhkumlar hər il əmək qanunvericiliyi ilə müəyyən edilmiş ödənişli məzuniyyətdən istifadə hüququna malikdirlər: “Məhkumlar hər il məzuniyyət vaxtı cəzaçəkmə müəssisəsinin müdiriyyətinin qərarı ilə cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısamüddətli səfər edə bilərlər. Cəzaların İcrası Məcəlləsinə əsasən, məntəqə tipli cəzaçəkmə müəssisələrində ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə həbs olunmuş məhkumlara yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliklərlə əlaqədar, yaxud məhkumlara və onların ailəsinə təbii fəlakətlər və digər fövqəladə hadisələr nəticəsində əhəmiyyətli maddi zərər vurulduqda yalnız ölkə daxilində 7 gün müddətinə qısamüddətli səfərə getməsinə icazə verilə bilər.

Bu zaman gedib-gəlmək üçün sərf olunan vaxt iki gündən çox olmamaq şərti ilə nəzərə alınır. Qısamüddətli səfərə cəzaçəkmə müəssisəsinin müdiriyyəti müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra məhkumun şəxsiyyətini və davranışını nəzərə almaqla icazə verir. Məhkumun cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda olduğu vaxt cəzanın icrası müddətinə hesablanır. Məhkumun yol xərcini özü və yaxud qohumları ödəyir, ona cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda olduğu vaxt ərzində əmək haqqı verilmir. Eyni zamanda uşaq evlərində övladları olan qadın məhkumlara öz məzuniyyətləri vaxtı övladlarını qohumlarının himayəsinə verməsi və ya nəzarətsiz qalan övladlarını uşaq evlərinə yerləşdirməsi üçün 15 günədək qısamüddətli səfərə getməsinə icazə verilə bilər.

Bəs qayıtmasalar necə olacaq? Ümumiyyətlə, buna nəzarət mexanizmi necədir?

Sahib Məmmədov: “Azərbaycanda Əmək Məcəlləsi yenidən yazılmalıdır” -  12.06.2018, Sputnik Azərbaycan

Sahib Məmmədov

Vəkillər Kollegiyasının üzvü, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu hüquq bütün məhkumlara verilmir: “Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkənlərə faktiki olaraq onsuz da nəzarət zəifdir. Az ağır, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər ki var, onlara belə məzuniyyət verilə bilər. Əgər özlərini intizamlı aparırlarsa, rejim qaydalarına əməl edirlərsə, onlar nəzarətsiz olaraq buraxıla bilərlər. Tutaq ki, şəxsi ehtiyatsızlıqdan avtoqəza törədib hansısa  cəza alıb, onu buraxırlar, o geri qayıtmır, bunun ehtimalı çox azdır. Geri qayıtmamaq onun aldığı cəzadan daha ağır cəza almasına səbəb ola bilər. Bir var qəddar cinayətlər törədiblər, onların qaçmaq ehtimalı daha çoxdur. İkincisi də, nəzarətin müxtəlif növləri var. Bu bir stimullaşdırma tədbiridir. İslah proseslərinə müsbət təsir edən amildir. Kim rejim qaydalarına əməl edir, islaha meyllidir, o zaman onlara bu və ya digər stimullaşdırıcı tədbirlər təşkil edilir ki, buna müsbət baxıram”.

Əliməmməd Nuriyevə yeni VƏZİFƏ VERİLDİ | KONKRET

Əliməmməd Nuriyev

Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın sədri, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, Cəzaların İcrası Məcəlləsinə cəzaçəkmə müəssisəsindən kənar səfərlərlə bağlı normalar da daxil edilib: “Bu o şəxslərə şamil edilir ki, onlar cəzanın üçdə birini çəksinlər. Qısa müddətdə, 7 gün müddətində yaxın qohumlarına gedə bilər, 2 gün də yol üçün vaxt verilər bilər. Bu, həmin 7 günə daxil edilmir. Bu həm də o məhkumlara tətbiq edilə bilər ki, onlar nümunəvi davranış nümayiş etdirsinlər. Eyni zamanda böyük ictimai təhlükəli olmayan, az ağır cinayətə görə və ehtiyatsızlıq səbəbindən edilmiş cinayətlərə görə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəksinlər. Bu zaman onlara qısamüddətli məzuniyyət tətbiq edilə bilər. Əgər şəxs 18 yaşına çatıbsa, məzuniyyətə sərbəst şəkildə gedib-gələ bilər. Onları müşayiət etməyə ehtiyac yoxdur. 18 yaşı tamam olmamış şəxslər isə ya valideyn nəzarəti altında, ya da həmin qurumun nümayəndəsinin onlara ayırdığı şəxslə gedə bilər. Bu, əslində müsbət haldır, məhkumlara motivasiya verir. Burada inam və etimad məsələsi var. Onlar məzuniyyətdən geri dönməsələr, yeni maddə ilə cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Bu onların vəziyyətini daha da ağırlaşdıra bilər. Əgər məzuniyyətdə olan şəxs nəzarət altında yola salınacaqsa, yatanda da kimsə izləyəcəksə, o zaman bu, məzuniyyət olmaz, inam və etimad olmaz. Görülən işin mahiyyətinə, fəlsəfəsinə ziyan dəyə bilər”.

Ekspert əlavə edib ki, bu gün Penitensiar Xidmətdə geniş islahatlar prosesi başlayıb: “Uzun müddət əvvəl bunun əsası qoyulub. Amma indi daha sürətli tətbiq edilir. Bu da onunla bağlıdır ki, Penitensiar Xidmətin rəhbərliyində dəyişikliklər baş verib. Öz işlərini peşəkar səviyyədə bilirlər. Həm məzuniyyət hüququnun tətbiq edilməsi, eyni zamanda cəzaçəkmə müəssisələrində yaşayış şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı böyük işlər görülür. Tam keyfiyyətli ərzaqla təmin olunurlar. Bu da ona gətirib çıxarıb ki, artıq məhkumlar ailələrinə yük olmurlar. Əvvəllər onlara bağlamalar göndərilirdi. Amma indi məhkumlar yeməkxanalarda yeməklərini yeyirlər. Çünki o yeməyin keyfiyyəti evdə bişirilən yeməkdən heç nə ilə fərqlənmir. Bu çox vacib bir məsələdir. Bu gün cəzaçəkmə müəssisələrində görüşlə bağlı məsələlərdə də neqativ münasibətlərə son qoyulub. Hər kəs rahat şəkildə gəlib öz qohumları ilə görüşə bilir. Bu zaman rüşvət almaq kimi neqativ hadisələr sıfıra endirilib. Sadəcə, şəxsiyyət vəsiqəsini təqdim etməklə rahat şəkildə öz yaxını ilə görüşəcək. Bunlar hamısı kontaktsız, elektronlaşma proqramı təminatı ilə həyata keçirilir. Eyni zamanda məhkumlar ailə üzvləri ilə gün ərzində bir neçə dəfə telefon əlaqəsi yaradırdı ki, bu da 15 dəqiqə çəkirdi. Burada problemlər növbələrlə bağlı yaranırdı. Heç də bütün məhkumlar bu hüquqdan tam istifadə edə bilmirdilər. Yenə də bununla bağlı proqram təminatı hazırlanıb. Məhkumlar yenə də proqram təminatı ilə, sim kart vasitəsilə istənilən vaxt ailə üzvləri ilə danışmaq imkanları əldə edir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR