Onlayn ictimai-siyasi qəzet
17-18 il öncələr idi, məcburi köçkünləri ovaxtkı Motodromun (indiki avtovağzal) yaxınlığında yerləşən və Meşəli adlandırılan yaşayış massivindən çıxarırdılar. Onlar da yolu kəsmişdilər. Həyəcanlı adamlar bir-birinə göstəriş verirdilər: “Zəng edin, “İç xəbər”dən gəlib çəksinlər”; “Yeni Müsavat”a zəng edin, müxbir göndərsinlər” və s.
Hər gün beləydi, kimin harada problemi olurdusa, ya ANS-in üstünə qaçırdı, ya “Yeni Müsavat”ın, ya da “Azadlığ”ın. İqtidar qəzetlərinin üstünə gedənlər də olurdu. Amma o qəzetlərdə şikayətçilərə deyirdilər: “Biz şikayətə baxmırıq, aidiyyatı orqanlara müraciət edin”. Ya da ürəkləri yanır, adamları bizim üstümüzə yönəldirdilər.
Bunu ondan bilirdik ki, şikayətə gələnlər deyirdilər: “AzTV-yə (“Xalq qəzeti”nə) getmişdik, dedilər ki, şikayətmizi sizə edək, biz də gəldik bura”.
İş yerimiz qəzet redaksiyasından çox indiki “ASAN xidmət”in qəbul otağına oxşayırdı. Hər gün ondan çox şikayətçi gəlib-gedirdi. Bəzən kollektiv şəkildə gəlirdilər. Paytaxtdan gələnlərin işi rahat idi, amma ölkənin ucqarlarından – Qazaxdan, Xaşmazdan, Yardımlıdan da gəlirdilər, yardım etməyimizi istəyirdilər.
Bir neçə əməkdaşımız sırf şikayətçilərlə işləyirdi. Hər gün redaksiyamıza edilən şikayətlər əsasında yazılar hazırlayırdıq. Haqqı pozulanlara, haqqı verilməyənlərə, haqqına girilənlərə yardımçı olmağa çalışırdıq, heç kimə “haqqın az” demirdik. Çox vaxt yazdıqlarımız işə yarayırdı, adamların işi düzəlirdi. Bəzən qoca kötüklərdən, arxalı köpəklərdən birinə ürcah olurduq, gücümüz çatmırdı.
Hərdən başqa cür də olurdu, biz yazandan sonra ədalətsiz məmur şikayətçinin işini düzəldirdi, amma şikayətçidən tələb edirdi ki, qəzetin üzünə dur, de ki, sən şikayət etməmisən, jurnalist özündən yazıb. O da deyirdi – işi düzəlib axı. Belə durumda çox məyus və pərt olurduq. Amma bu, cəmi bir gün çəkirdi.
Ertəsi gün şikayətə baxmaq, onu yazmaq bizim mülki və hərbi mükəlləfiyyətimiz imiş kimi, davam edirdik. Şikayətçilər də, insafən hərdən özlərini elə aparırdılar ki, sanki ölkədə şikayət olunası son instansiya bizik, bu, bizim boynumuzun borcudur və ondan imtina etmək, hansısa şikayəti işıqlandırmamaq haqqımız yoxdur.
Gerçəkdən, redaksiya ictimai əsaslarla fəaliyyət göstərən vəkil bürosuna oxşayırdı. Kontorumuza daha kimlər gəlmirdi? İşdən çıxarılan nazirlərdən, İH başçılarından tutmuş ta həbsə məruz qalan siyasi fəalların ailə üzvlərinə qədər. İşığı, suyu, qazı kəsilənlər, küçələrinə asfalt tökülməsini tələb edənlər, “süpürgə pulu” vermədiyinə görə məktəblərdə övladı pisikdirilən valideynlər, həkim səhlənkarlığı üzündən əzizini itirənlər, gömrükdən mal keçirə bilməyənlər, kəndin örüşünün İH başçısı tərəfindən hasarlanmasına etiraz edənlər, boşanma hadisələri zamanı qarşı tərəfi borclu çıxaranlar, övladının təhsil haqqını ödəyə bilməyənlər, işindən qanunsuz çıxarılanlar, maaşları verilməyənlər və sair və ilaxır...
Elə olub, gecə saat 2-də ictimai-siyasi fəaldan zəng gəlib ki, təcili aeroporta jurnalist göndərin, oğlum Almaniyadan qayıdır, hava limanında onu saxlaya bilərlər.
“Mənə bir jurnalist qoşun, sabah prokurorluğa şikayətə getməliyəm” deyənə “vəkilinizlə getsəniz daha yaxşı olar” deyəndə cavab belə olub: “Nə fərqi var, jurnalistlər də vəkil deyillərmi?”
Əlbəttə, o vaxtlar jurnalistlərlə vəkillərin arasında elə də fərq yox idi. Zatən vəkillərin də bir ayağı redaksiyada olurdu, müdafiə etdikləri şəxsin hüquqlarını qəzet yazıları ilə müdafiə edir, necə deyərlər, qanunsuzluqları ictimailəşdirirdilər.
Yalnız bir fərq vardı: vəkillər göstərdikləri xidmətə görə zəhmət haqqı alırdılar, qəzetçilər bütün bu xidmətləri pulsuz edirdilər. Pulsuz. Təmənnasız. Heç bir mənfəət ummadan, gözləmədən. Yalnız istisna hallarda kimsə qəzetin müəyyən bir probleminin həllinə yardımçı olardı, ya olmazdı.
Bu sözləri niyə yazıram? Ona görə yazıram ki, jurnalistlər üçün tikilən 3-cü binanın jurnaistlərə verilməyəcəyi qətiləşəndən sonra ictimaiyyət arasında belə bir fikir yenidən kükrəyib: “Jurnalistlərə niyə ev verilməlidir?”
Bunu deyənlər arasında jurnalistlər özləri də var, ayağı büdrəyəndə, bir qanunsuzluqla üzləşəndə, adicə yol polisi tərəfindən cərimələnəndə jurnalistin üstünə qaçanlar da, işləri düşəndə redaksiyada oturub gözləyənlər də, öz QHT-lərinin heç kəsə lazım olmayan informasiyasının saytda getməsi üçün jurnalistlərə ağız açan, hələ bir “sayta qoyanda linkini mənə göndərin” deyənlər də, adlarının (imzalarının) yuxarıdakıların diqqətini cəlb etməsi üçün günaşırı müsahibə verənlər (yazı yazanlar) də.
Onlar bütün bu işləri jurnalistlərə pulsuz gördürüblər və hələ də o fikirdədirlər. Amma xalqın qulu-qaravaşı, pulsuz vəkili, “qıvraq əl-ayaq uşağı” olan jurnalistlərə ev verilməsi məsələsi gələndə bir çoxlarının yadına düşür ki, onlar özləri işləyib ev almalıdırlar. Yaxşı, necə alsınlar? Siz onların köməyi ilə düzələn işlərinizə görə redaksiyaya, jurnalistə 5 manat verirsiniz ki, onlar da pul qazansın, ev alsın?
Uzun illərdir bir demaqogiya da var: “Hökumət jurnalst üçün normal iş şəraiti yaratsın, onlar da hamı kimi işləsin, pul qazansın”.
Hökumət deyil, sizsiniz, nə edəcəksiniz, jurnalistə normal fəaliyyət şəraitini necə yaradacaqsınız? Bu deyilən şey böyük və rəqabətli iqtisadiyata malik, oxucu kütləsi geniş olan ölkələrə aiddir. Bizdə hökumət telekanalları, agentlikləri, qəzet və saytları maliyyələşdirməkdən imtina etsə, bir ayın içində 95 faizi bağlanar. Başqa variant varmı? Yoxdur.
Bəs mediasız ölkə, dövlət olarmı? Mümkün deyil. Mediasız ölkə barıt anbarı deməkdir. Barıt anbarına yanan kibrit çöpü atmaq nədirsə, mediasız ölkəyə bir-iki şayiə buraxmaq da odur. Hər iki halda partlayış olacaq.
Ölkənin idarə edilməsində, dövlətin xarici dövlətlərin informasiya basqısının qarşısında duruş gətirməsində medianın rolu, xidməti, əhəmiyyəti adi adamların bu barədəki təsəvvüründən yüz qat artıqdır. Zaman gəlir, bir jurnalist bir yazısıyla bir diviziya əsgərin işini görür. Elə gün olur adi bir jurnalist ölkəyə diş qıcayanların ağzının üstündən elə vurur ki, sakitcə öz qınlarına çəkilirlər. Yüzlərlə misal çəkmək olar.
Ona görə də bir çoxları jurnalistlərə verilən mənzil hədiyyəsini nahaq xor görürlər. Onlar da bu ölkənin vətəndaşlarıdır və xarici ölkələrə satılan milyon-milyon neft barrellərindən sızan bir damcının puluyla onların mənzil şəraiti yaxşılaşırsa, camaat buna görə niyə pəjmürdə olsun ki? 3 milyonluq neft-qazma avadanlığını 12 milyon dollara sənədləşdirib 9 milyonunu ciblərinə qoyan adamlar olub. 200-dən artıq evin bir imzayla oğurlanması demək idi bu. Bir adam bu barədə danışırmı? Azı 3 dəfə yazılıb bu barədə.
Etiraza qalxıb üsyan püskürənlər təkcə Bakıda 47 evi olanlardan danışsınlar. Gecə vaxtı şəhərin mərkəzindəki minlərlə mənzilin birindən işıq gəlmir. Ona görə ki, hamısı boşdur, yüksək mənsəbli məmurlar o mənzilləri (qiymətləri 500 min - 1 milyon arasında) dənə-dənə alıb “yaman gün üçün” saxlayıblar (əlləri dara düşəndə satsınlar deyə), çoxu heç kirayə də verməyib, özləri isə şəhərin kənarındakı villalarında yaşayırlar. Bundan danışmaq lazımdır. Yoxsa 5 nəfərlik ailə üzvü ilə şəhərdən 15-20 kilometr uzaq qəsəbələrdə kirayədə yaşayan və 4-5 aydan bir başqa qəsəbədəki başqa bir kirayə mənzilə köçən jurnalistin 40 ilin başında normal mənzil şəraitinə yiyələnməsi elə də böyük haqsızlıq-ədalətsizlik deyil.
Uzun sözün qısası, müxtəlif səbəblərdən bu iş belə alındı. Burada özlərini mediada, sosial şəbəkədə dilə-dişə salan jurnalistlərin də xeyli təqsiri var. Öcəşmək, mənzil bölgüsündə yol verilmiş 3-4 neqativ faktı qabardıb ümumilikdə layihəni gözdən salmaq lazım deyildi.
Amma ən maraqlısı budur: Jurnalistlər üçün tikilən 3-cü binanın fundamentinə atılan kapsulda nə yazılmışdı?
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ