İnsanlara hürriyət, millətlərə istiqlal!

Maye qaz təklifi qlobal qaz bazarında qiymətləri “öldürəcək” – Beynəlxalq Enerji Agentliyi  

 

Yeni maye qaz(LNG) layihələri üzrə istehsalın başlanması 2030-cu illərə doğru qaz bazarında təklif bolluğu yaradacaq. Beynəlxalq Enerji Agentliyinin (IEA) illik “World Energy Outlook” hesabatının müəllifləri hesab edirlər ki, təklif bolluğu bazarda təbii qazın qiymətindəki volatilliyin qarşısını alacaq, onun ucuzlaşmasını şərtləndirəcək. Onların fikrincə, qısa müddətdə təbii qaz qiymətlərindəki dəyişkənlik davam edəcək, lakin 2025-ci ildən sonra yeni LNG layihələrinin tətbiqi ilə vəziyyət dəyişəcək ki, bu da “bazarların tarazlığını pozacaq və tədarüklə bağlı narahatlığı aradan qaldıracaq”.

Hesabatda qeyd edilir ki, artıq tikintisi davam edən və ya yekun investisiya qərarı qəbul edilən layihələr 2030-cu ilə qədər LNG istehsalını ildə 250 milyard kubmetr artırmalıdır ki, bu da bugünkü qlobal tədarükün yarısına bərabərdir. Qlobal maye qaz təklifində ən əhəmiyyətli artım 2025-ci ildən 2027-ci ilə qədər gözlənilir. Yeni layihələrin yarıdan çoxu ABŞ və Qətərdə yerləşir.

BEA-nın fikrincə, yeni LNG istehsalının tətbiqi qlobal qaz bazarında tarazlığa nail olmağa imkan verəcək, lakin onun istehlakının artım tempi yavaşıyıb. Tələb və təklif 4,3 trilyon kubmetrə qədər artacaq ki, bu da 2022-ci illə müqayisədə 161 milyard kubmetr və 140 milyard kubmetr (təxminən 4 faiz) çoxdur. Eyni zamanda, 2050-ci ilə qədər analitiklər qaza tələbat və təklifin 3 faiz azalacağını və ildə 4,17 trilyon kubmetrə düşəcəyini proqnozlaşdırırlar.

Agentlik vurğulayır ki, yeni LNG güclərinin işə salınması, eləcə də qlobal qaz tələbatının artım tempinin aşağı düşməsi Rusiya üçün Asiya ölkələrinə “mavi yanacağın” tədarükünün diversifikasiyasında çətinliklər yaradır: “Qiymətləndirmələrimizə görə, yeni qaz tədarüklərinin üçdə birindən çoxu spot bazarda təqdim olunacaq. Bununla belə, yetkin bazarlar, xüsusən də Avropa bazarı struktur tənəzzülü yaşayır. İnkişaf etməkdə olan bazarlarda isə daha böyük həcmləri mənimsəmək üçün kifayət qədər infrastruktur olmaya bilər. Bazarda artıq LNG təklifi o deməkdir ki, Rusiya Federasiyası yeni bazarları fəth etmək üçün son dərəcə məhdud imkanlara malikdir. Onun qlobal qaz ticarətində 2021-ci ildəki 30 faizlik payı 2030-cu ilə qədər STEPS (mühafizəkar iqlim ssenarisi - IF) çərçivəsində iki dəfə azalacaq”.

Agentliyin məlumatına görə, Çində qaz istehlakının payı 2030-cu ilə qədər 24 faiz artaraq 458 milyard kubmetrə, Hindistanda – 78 faiz artmaqla 107 milyard kubmetrə, Cənub-Şərqi Asiya ölkələrinin qalan hissəsində isə 21 faiz artmaqla 191 milyard kubmetrə çatacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR