Onlayn ictimai-siyasi qəzet
İqtisadçı deyir ki, ölkəmizdə ixtisar iqtisadi aktivliyi tamamilə öldürər, ona görə...
İlon Mask ABŞ Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin (DOGE) həmsədri olaraq, 2026-cı ilə qədər federal xərclərin ciddi azaldılması yolu ilə ABŞ-da inflyasiyanı sıfıra endirmək üçün strategiya irəli sürüb.
Donald Trampın prezidentliyi dövründə yaradılan və Maskla sahibkar Vivek Ramasvaminin həmsədr olduğu Dövlət İdarəetməsinin Effektivliyi Departamenti federal əməliyyatların yenidən qurulmasına mandat alıb. Agentlik əsas dövlət qurumlarına öz nümayəndələrini göndərərək qənaət imkanlarını müəyyənləşdirmək və qeyri-effektivliyi aradan qaldırmaq niyyətindədir.
Əvvəlcə Mask dövlət xərclərinin 2 trilyon dollar azaldılmasını təklif edib, lakin sonradan bunun ideal bir ssenari olduğunu qəbul edib. Daha praqmatik yanaşma, onun fikrincə, 1 trilyon dollarlıq azalma olardı, lakin o, bu ixtisarların həyata keçirilmə vaxtı ilə bağlı konkret məlumat verməyib. Adətən fiskal ekspertlər dövlət büdcəsi strategiyalarını onilliklər üzrə qiymətləndirirlər, iki illik qısa zaman çərçivəsində deyil.
Bir çox iqtisadçılar belə kəskin ixtisarların həyata keçirilməsinin mümkünlüyünə şübhə ilə yanaşırlar, çünki ABŞ hökumətinin xərclərinin əhəmiyyətli hissəsi Sosial Təminat və Medicare kimi siyasi cəhətdən həssas məcburi proqramlara ayrılır. Digərləri xəbərdarlıq edirlər ki, xərclərin belə sərt azaldılması iqtisadi artımı təşviq etmək əvəzinə, onu boğa bilər.
O da qeyd edilir ki, fiskal siyasətdə belə qısa müddətdə (iki il ərzində) 1-2 trilyon dollarlıq büdcə ixtisarları nadir hallarda effektiv olur və ciddi sosial-iqtisadi risklər daşıyır. Dünyada fiskal siyasət adətən onilliklər üzrə tərtib olunur və dövlət borcunun idarə edilməsi, xərclərin səmərəliliyi və iqtisadi artımla balanslaşdırılır. Qəfil və aqressiv ixtisarlar iqtisadi şoklara və sosial gərginliyə səbəb ola bilər. Misal üçün, Avropa Birliyi fiskal islahatları Maastricht kriteriyaları çərçivəsində mərhələli şəkildə həyata keçirir. Yaponiya və Kanada kimi ölkələr isə büdcə konsolidasiyasını 10-15 illik planlarla aparırlar. ABŞ-da belə fiskal strategiyalar 5-10 illik proqnozlarla həyata keçirilir (məsələn, 1990-cı illərdə Klinton administrasiyasının büdcə balanslaşdırma planı). Yəni kəskin fiskal azalmalar iqtisadi resessiya riskini artırır. İctimai sektorun zəifləməsi iqtisadiyyatda özəl sektorun rolunu artırsa da, bu keçid vaxt tələb edir. Büdcə xərclərinin azalması dövlət investisiyalarının azalmasına, bunun nəticəsində də iqtisadi artımın zəifləməsinə səbəb ola bilər. İnflyasiyanın azaldılması üçün yalnız büdcə ixtisarları kifayət deyil. İnflyasiya əsasən pul-kredit siyasəti ilə tənzimlənir. Mərkəzi Bankın qərarları, faiz dərəcələri və pul təklifi fiskal siyasətdən daha vacib rol oynayır. ABŞ Federal Ehtiyat Sistemi (FED) inflyasiyanı əsasən faiz dərəcələrini artıraraq və pul siyasətini sərtləşdirərək tənzimləyir. ABŞ-da büdcə ixtisarlarının inflyasiyaya təsiri adətən uzunmüddətli olur və qısa müddətdə effektiv olmur.
“Turan” yazır ki, oxşar strategiyalar Azərbaycanda da inflyasiyanın idarə olunması və iqtisadiyyatın sabitləşdirilməsi üçün nəzərdən keçirilə bilər. Azərbaycan Mərkəzi Bankı (AMB) inflyasiya üçün 4% ± 2% hədəf aralığı müəyyən edib və hazırkı uçot dərəcəsi 7,25%-dir. Ekspertlər hesab edirlər ki, daha sərt monetar siyasət-mümkün faiz artımları-həddindən artıq borclanma və xərcləmənin qarşısını alaraq inflyasiyanı cilovlaya bilər.
“İnflyasiyanı nəzarətdə saxlamağın açarı ardıcıl və etibarlı monetar siyasətdir,” - deyə adının açıqlanmasını istəməyən yüksək vəzifəli AMB rəsmisi bildirib. “Hökumət fiskal intizamı məhsuldar sektorlara yönəldilən hədəfli investisiyalarla balanslaşdırmalıdır”.
Maskın ABŞ üçün təklif etdiyi strategiyaya bənzər şəkildə, Azərbaycan da dövlət xərclərini hərtərəfli nəzərdən keçirməklə faydalana bilər. Daha sərt fiskal siyasət - əsas xərclərə üstünlük verərək qeyri-effektiv subsidiyaları azaltmaq - inflyasiyanı nəzarətdə saxlamağa kömək edə bilər. Hökumət artıq daha intizamlı büdcə yanaşmasına keçsə də, qeyri-vacib xərclərin daha da azaldılması tələb oluna bilər.
Maskın ABŞ üçün baxışı dərin xərclərin azaldılmasına əsaslansa da, Azərbaycanın yolu daha sərt monetar siyasət, büdcə intizamı və strateji investisiyaların birləşməsindən ibarət ola bilər. Nəticədə, inflyasiyanın idarə olunması sadəcə rəqəmlərdən ibarət deyil, bu, iqtisadi tənəzzülə səbəb olmadan dayanıqlı artımı təmin etmək məsələsidir. Maskın antiinflyasiya planının Azərbaycanda tətbiqinə iqtisadçılar nə deyir?
İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, İlon Maskın strategiyası həddindən artıq aqressiv olduğu üçün bu, ABŞ-ın dövlət idarəçiliyinə, ümumiyyətlə, dövlət idarəetmə sisteminə uyğun olmayan bir strategiyadır: "Hətta onun bu strategiyası heç bir dəqiq plana və konkret hədəflərə fokuslanmadan, yalnız ehtimal etdiyi uğur üzərində qurulmuş bir yanaşmadır. Bu səbəbdən də ixtisarların həcmi birdən-birə iki dəfə dəyişdi - əvvəlcə 2 trilyon dollar azalma nəzərdə tutuldu, daha sonra isə bu rəqəm 1 trilyon dollara endirildi. Hesab edirəm ki, bu cür ixtisarlar ABŞ-da bir sıra problemlərə yol aça bilər. Hətta 1 trilyon dollarlıq büdcə ixtisarı belə ciddi çətinliklər yaradacaqdır. Bu ilk növbədə ABŞ iqtisadiyyatı üçün tənəzzül riskini artıracaq, iqtisadi aktivliyi azaldacaq, işsizlik səviyyəsini yüksəldəcək, dövlət investisiyalarını məhdudlaşdıracaq və sosial platformalarda müəyyən gərginliklərə səbəb ola bilər. ABŞ-ın bir neçə iri sosial təyinatlı layihəsi var və bu layihələrin icrasında problemlər yarada bilər. Eyni zamanda müdafiə xərclərinin azalması ABŞ-ın qlobal hərbi strategiyasına təsir göstərə bilər. Bütün bu risklər ABŞ iqtisadiyyatı üçün yaxşı heç nə vəd etməz. Nəzərə alsaq ki, Trampın tarif siyasəti ABŞ-da inflyasiyanı dəstəkləyəcək, bu da qiymətlərin yüksəlməsinə və alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxaracaq. Belə bir şəraitdə bu qərar ABŞ üçün olduqca risklidir".
İqtisadçı ABŞ-da mövcud olan bu təcrübənin Azərbaycana tətbiqi məsələsinə də fikir bildirib: “ABŞ-da maliyyə ili 1 oktyabrdan 30 sentyabra qədər davam edir. Bu maliyyə ilində ABŞ-ın federal büdcə xərcləri təxminən 7 trilyon dollara yaxın olub. Azərbaycanda isə büdcə xərcləri təxminən 25 milyard dollar həcmindədir. Bu, müqayisəolunmaz bir səviyyədir. Üstəlik, adam başına düşən ÜDM göstəricisinə baxdıqda, ABŞ-da bu rəqəm 86-87 min dollar düşür. Azərbaycanda isə bu göstərici cəmi 7,5 min (7412 dollar) dollar düşür. Yəni adam başına düşən ÜDM ABŞ-dan 10 dəfədən çox azdır. Belə bir şəraitdə xərclərin azaldılması ilə hədəflərə nail olmaq mümkün deyil - bu, birmənalıdır. Çünki Azərbaycanda dövlət xərcləri iqtisadi aktivliyin əsas drayveridir. Buna görə də ixtisar iqtisadi aktivliyi tamamilə öldürər. Diqqət xərclərin azaldılmasına deyil, səmərəliliyin artırılmasına ayrılmalıdır. Büdcə şəffaflığı artırılmalıdır, satınalma prosesləri şəffaf olmalıdır. Dövlət investisiyalarının effektivliyi artırılmalıdır. Biz məhz bu istiqamətlərdə islahatlara getməliyik”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ