İnsanlara hürriyət, millətlərə istiqlal!

“Marşal planı” nədir, bizə niyə xeyri dəymir?

Qabil Hüseynli: “ABŞ Azərbaycana maddi yardım etmək əvəzinə, bu prosesə əngəl törədən davranışlar edir”

Ukrayna müharibəsinin aktuallaşdırdığı mövzulardan biri də “Marşal planı”dır. Qərb liderləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsini İkinci Dünya müharibəsi ilə müqayisə edir,  Ukraynaya qarşı müharibəni humanitar faciə hesab edirlər və yeni “Marşal planı”nı yada salırlar. Son olaraq, Almaniya kansleri Olaf Şolts da Bundestaqda çıxışında “Ukraynanın bərpası üçün ”Marşal planı"na ehtiyac var", - deyə bildirib. Kansler Ukraynanın bərpası üçün böyük maliyyə sərmayələrinə ehtiyac olduğunu qeyd edib.

Şolts vurğulayıb ki, lazım olan yardımın həcmini və onun təmin edilməsinin prioritetini qiymətləndirmək üçün beynəlxalq ekspertlər təşkilatı yaradılmalıdır.

Azərbaycanın da 30 illik işğal nəticəsində ərazisi ciddi dağıntılara məruz qalıb, Ermənistan qəsdən bütün şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri viran qoyaraq, talayaraq, onları əsl urbisid - şəhərlərə qarşı genosid və kultursid - mədəniyyətə qarşı genosid nümunələrinə çevirib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, onu “Qafqazın Xirosiması” adlandırırlar.

Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb. Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib. Amma beynəlxalq aləm bu faktları görməzdən gəlir.

Azərbaycana münasibətdə “Marşal planı” yoxdur"

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Şuşadakı tədbirdə bu barədə danışıb.  O qeyd edib ki, normalda 30 ildən artıq davam edən, bu qədər humanitar fəlakətlərə, faciələrə səbəb olmuş postmünaqişə şəraitində BMT-nin ali rəhbərliyi səviyyəsində regiona səfər edilməli və bu münaqişənin həll edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi faktları əslində təqdir olunmalı idi.

“Təəssüflər olsun ki, necə BMT Təhlükəsizlik Şurasının qətnamələri 30 il masa üzərində qaldısa, biz bu məsələdə də BMT rəhbərliyi tərəfindən hər hansı ciddi fəaliyyət müşahidə etmirik. Azərbaycana münasibətdə ”Marşal planı" yoxdur. Bəlkə Azərbaycan xalqı və dövləti onların təqdim edəcəyi formada bunun arzusunda da deyil. Bizim özümüzün milli resurslarımız var. Amma burada həmrəylik nümunələri çox vacibdir. Məsələn, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın qardaş dəstəyi, Füzuli şəhərində məktəb layihəsi ilə bağlı təkliflər və digər layihələr həmrəyliyin, qardaşlığın nümunəsidir. Bu kimi addımlar Azərbaycan tərəfindən də müsbət qiymətləndirilir", - deyə H.Hacıyev əlavə edib.

“Marşal planı”nın konturları 5 iyun 1947-ci ildə Harvard Universitetində çıxışı zamanı ABŞ dövlət katibi Corc Marşal tərəfindən irəli sürülüb. “Marşall planı” ABŞ-ın İkinci Dünya müharibəsində darmadağın edilmiş Avropa ölkələrinin iqtisadiyyatını işə salmaq üçün hazırlanmış maliyyə yardımını ehtiva edən tədbirlər planı idi. Planın məqsədi müharibə nəticəsində dağılmış Avropa iqtisadiyyatını bərpa etmək, ticarət əngəllərini aradan qaldırmaq, Avropa ölkələrinin sənayesini modernləşdirmək, kommunistləri güc strukturlarından sıxışdırıb çıxarmaq və bütövlükdə Avropanı inkişaf etdirmək olub.

Göründüyü kimi, Azərbaycan bu cür yardımı haqq etsə də, Qərb liderləri bir dəfə də olsun, Bakıya belə bir yardım planı haqda danışmırlar. Bu ikili münasibət nədən xəbər verir?

Qabil Hüseynli: “Paşinyan vahimə içindədir”

Qabil Hüseynli 

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a danışıb: ““Marşal planı" çox böyük əhəmiyyətə malik plandır. İkinci Dünya müharibəsindən sonra xarabalıqlar içərisində itib-batan, bir dövlət kimi az qala silinən Almaniyaya bu planın tətbiq edilməsi və ona 30 milyard dollar yardımın ayrılması onun yenidən dirçəlməsində mühüm rol oynadı. Bundan əvvəl Amerika “Lend-liz” qanunu tətbiq etməklə antifaşist koalisiyasına böyük yardımlar etmişdi. Yəni müəyyən dövrlərdə ABŞ-ın xarici siyasət xəttində müsbət, rasional cəhətlər olub.

Ukraynaya da “Marşal planı” olduğu kimi tətbiq edilir. Xarici kömək qanununa uyğun olaraq Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini önləmək və bu məsələdə Ukraynanın mövqelərini möhkəmləndirmək üçün mütəmadi olaraq, ardıcıl surətdə hərbi siyasi yardım göstərilməsi nəzərdə tutulub. Yenə də söhbət 30 milyard dollardan və Rusiyaya qarşı anti-Rusiya koalisiyasının formalaşmasından gedir. Beləliklə, İkinci Dünya müharibəsində antifaşist koalisiyasının formalaşdırılmasında Amerikanın böyük xidmətləri olub və indi də həmin  xidmətləri Ukraynanın timsalında həyata keçirir. Yəni zənnimcə,  Amerikanın bu köməyi  Ukraynanın haqq işinə böyük töhfələr verəcək, sonda qələbə çalmasına kömək edəcək.

Azərbaycana gəldikdə isə yenə də ikili standartlar, xristian təəssübkeşliyi işə düşüb. Bunun ən bariz nümunəsi ondan ibarətdir ki, bugünlərdə Şuşada böyük beynəlxalq konfrans keçirildi, həmin konfransa Azərbaycanda akkreditə olunmuş bütün ölkələrin səfirlikləri dəvət edilmişdi, demək olar ki, dəvət olunanların böyük əksəriyyəti həmin tədbirdə iştirak etsələr də, ABŞ-ın və Fransanın səfirləri iştirak etmədilər. Üstəlik, ABŞ-ın səfirliyi bəyanat verərək, Azərbaycanın Qarabağ məsələsinin həllində ən maraqlı tərəf olduğunu bildirdi ki, bu da sözün həqiqi mənasına çox gülməli səslənir. Çünki “halva, halva deməklə ağız şirin olmur”, sən bir tərəfdən Qarabağ məsələsində ən çox dəstək verən ölkə kimi özünü təqdim edirsən, amma Azərbaycanın xarabalığa çevrilmiş  torpaqlarına “Marşal planı” kənara qalsın, heç olmasa müəyyən maddi yardım göstərməyə cəhd etmirsən, həmçinin nizamlanma prosesi başa çatmaq üzrə olduğu halda bu prosesə əngəl yaradan hərəkətlər edirsən.  Məsələn, ABŞ ATƏT-in Minsk Qrupunu dirçəltmək haqqında mənasız cəhdlər edir.

Daha bir məsələ, Qarabağın dağlıq hissəsində hələ də qalan bir ovuc, sayları cəmi  15-16 min olan erməniyə status tələb etməsi ABŞ-ın nə qədər ikiüzlü və riyakar mövqe tutduğunu göstərir. ABŞ başa düşməlidir ki, onun bu hərəkətlərini Azərbaycan xalqı ikrahla qəbul edir və nifrətini artırır. Ona görə də ABŞ bu cür mənasız sevdalardan əl çəkməli və Qarabağ probleminin həllinə beynəlxalq normalara uyğun surətdə dəstək verməyi hədəf seçməlidir. Təəssüflər olsun ki, bu baş vermir.

Məgər ABŞ-ın gözü görmürmü ki, Azərbaycanın işğal edilmiş ərazilərində daş-daş üstə  qalmayıb. Burada bərpa və digər iqtisadi tədbirləri həyata keçirmək üçün 100-150 milyard dollara yaxın bir vəsait lazımdır. Doğrudur, Azərbaycan hissə-hissə böyük nəhəng quruculuq işləri aparır. Amma bütövlükdə bu prosesin sürətlə getməsi üçün beynəlxalq yardımlara da ehtiyac var. Lakin ABŞ bu məsələ haqqında səsini də çıxartmır, əksinə, prosesləri mürəkkəbləşdirmək üçün uğursuz cəhdlər edir. Azərbaycanda el arasında belə bir söz var: “Keçi can hayında, qəssab piy axtarır”.  İndi biz dağıdılmış, viranə qalmış, xarabalığa çevrilmiş ərazilərimizin bərpası haqqında düşünürük, ürəyimizdən qara qanlar axır, ABŞ isə çox riyakarcasına burada bir ovuc, köçməyə meylli, bu bölgəni həmişə qeyri-sabitliyə çəkmiş, qarşıdurmalar yaratmış millətə münasibətdə bu cür ürəyiyananlıq edir. Əlbəttə ki, bu ABŞ-ın bu, məsələdə qeyri-səmimi olduğunu bir daha aydın göstərir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR