Onlayn ictimai-siyasi qəzet
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı, həmçinin ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanında I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə isə DT və TC altqruplarının hər ikisini seçmiş abituriyentlər üçün müvafiq olaraq informatika və coğrafiya fənləri üzrə əlavə imtahan keçirilib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunub. İmtahanın idarə olunmasına 78 ümumi rəhbər, 221 imtahan rəhbəri, 1396 nəzarətçi-müəllim, 266 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
İmtahanda iştirak üçün 19 725 bakalavr ərizə təqdim edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat 30 dəqiqə davam edib.
İlkin məlumatlara əsasən, 1 nəfər üzərində mobil telefon aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və hər iki qayda pozuntusu ilə bağlı araşdırma aparılır.
Ümumiyyətlə, magistratura təhsili lazımdırmı?
Musavat.com-un xəbərinə görə, təhsil eksperti Kamran Əsədov mövzuya bu cür rəy bildirib:
"Azərbaycanda magistraturaya qəbul 2006-cı ildən etibarən DİM (keçmiş TQDK) tərəfindən həyata keçirilir. 2005-ci ilə qədər magistraturaya qəbulu universitetlər daxili qaydada həyata keçirirdilər.
2005-ci ildən 2024-cü ilə qədər magistraturaya qəbul imtahanlarının formatında çoxsaylı dəyişikliklər edilib. Onlar arasında ən yanlışı isə ixtisas fənlərindən imtahanların ləğvi idi.
İndi magistraturaya qəbul olunmaq istəyən tələbələr 50 məntiqi təfəkkürü yoxlayan test tapşırığı, 25 informatika üzrə, 20 xarici dil üzrə test suallarına cavab verməli, 5 ballıq esse yazmaldır.
Bu məzmunda olan imtahanla gələcəyin elmi-tədqiqat işlərilə məşğul olacaq mütəxəssislər seçilə bilməz. Çünki magistratura pilləsində ən vacib olan o mütəxəssisin ixtisas biliyidir. Onsuz da 4 il bakalavr pilləsində onların biliyi subyektiv amillər ilə yoxlanılıb.
Təkrar ixtisas biliklərinin yoxlanılması zəruridir. Bizə ixtisaslı mütəxəssislər lazımdır, gələcək elmi-tədqiqat işlərində heç bir vaxt istifadə etməyəcəyi riyazi məntiq yox.
Ötən il, 2023-cü ildə Azərbaycan, həm də rus bölməsi üzrə magistraturaya 14 081 plan yeri ayrılmışdı ki, onun da 6388 yer dövlət sifarişli (pulsuz), 7693 yer ödənişli (pullu) plan yeri idi. Bu il qəbul plan yerlərinin artırılması ehtimalı var.
İmtahanda iştirak edənlərin heç də hamısı müsabiqə şərtlərini ödəmir. Hətta ödəyənlərin də hamısı qəbul olmur. Məsələn, 2021-ci ildə müsabiqə şərtlərini ödəyən və ixtisas seçimi edən 14 981 bakalavrdan 10 350 nəfəri qəbul olmuşdu ki, onlardan 3766 nəfər dövlət sifarişi, 6584 nəfər isə ödənişli plan yerlərinə qəbul olmuşdu.
2022-ci ildə isə müsabiqə şərtlərini ödəyib ixtisas seçimi edən 14 293 bakalavrdan 11 510 nəfəri magistr adını qazanmışdı. Qəbul olunanlardan 4043 nəfər dövlət sifarişi, 7467 nəfər isə ödənişli əsaslarla qəbul olmuşdu.
Ötən il, 2023-cü il müsabiqə şərtlərini 17 359 bakalavr ödəmişdi. Onlar 14 171 plan yeri uğrunda mübarizə aparırdı.
Hazırda Bakı şəhərində magistraturaya qəbul imtahanlarının keçirildiyi bir neçə məktəb binasının qarşısında müşahidə aparırıq. 21-22 yaşlı, ali təhsilli insanları valideynləri gətirib və onları azı 3 saat çöldə gözləyirlər. Deyəcəksiniz ki, telefon və digər zəruri əşyaları saxlamaq üçün ortadadırlar. Xeyr, bu, bəhanədir.
Bir neçə saatlıq telefonsuz imtahana gəlib geri qayıtmaq olar. Məsələ odur ki, biz valideynlər övladlarımızı sərbəst buraxmırıq. 9 və 11-ci sinif şagirdlərinin imtahanlarını başa düşmək olar, amma artıq sərhədi qoruyan, deputat ola bilən, müdir, müəllim, nazir ola bilən yaşda insanları valideynlər aparıb-gətirməməlidir".
Qeyd edək ki, fevralın 12-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
Xalidə Gəray
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ