Onlayn ictimai-siyasi qəzet
Bakı Hərbi Məhkəməsində tarixi baxımdan ibrətamiz proses davam edir.
Musavat.com-un xəbərinə görə, martın 17-də keçirilən prosesdə müttəhim Lyova Mnatsakanyan ifadə verib.
2015-ci ildə qondarma rejimin yaydığı “rəsmi məlumat”a görə, Lyova Mnatsakanyanı “müdafiə naziri” “vəzifə”sinə guya o vaxtkı “prezident” Bako Sahakyan təyin edib.
Bakıda keçirilən məhkəmədə müttəhim qismində ifadə verən “müdafiə naziri” bu məlumatı təkzib edib.
O, sərbəst ifadəsində bildirib ki, 2015-ci ilin iyun ayında qondarma rejimin “müdafiə naziri” - “ordu”nun “komandanı” vəzifəsinə Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyan tərəfindən təyin edilib.
Müttəhim deyib ki, əvvəlcə Ermənistanın müdafiə naziri Seyran Ohanyan onun bu “vəzifə”yə “təyin olunması” barədə təqdimat verib, Serj Sarkisyan isə onu təsdiqləyib.
Lyova Mnatsakanyanın sözlərinə görə, Serj Sarkisyan təyinatla bağlı onu qəbul edib: “Görüş zamanı mənə dedi ki, bu, çox önəmli vəzifədir”.
Mnatsakanyan etiraf edib ki, qondarma rejimin “ordusu”nda yüksək vəzifələrə təyinatlarla bağlı qərarlar Ermənistanda verilib.
O bildirib ki, baş qərargah rəisi, müdafiə naziri və prezident təyinatı Ermənistanda verilib.
“Mən isə “ordu”nun “komandiri” kimi mayor daxil olmaqla, ondan aşağı vəzifələri təyin edə, mayora qədər rütbə verə bilərdim”, - deyə Lyova Mnatsakanyan qeyd edib.
Təqsirləndirilən şəxs əlavə edib ki, qondarma rejimin “ordusu”nun maliyyə məsələləri Ermənistanın Müdafiə Nazirliyi tərəfindən, silah-sursat isə tam olaraq Ermənistan silahlı qüvvələri tərəfindən təmin olunurdu.
O, daha sonra bildirib:
“Bizdə təchizat xidməti var idi. Təchizat xidməti qəbul edirdi, sonra hər bölməyə təqdim olunurdu. Yəni silah-sursat təminatı Ermənistanın Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi”.
Müttəhim Lyova Mnatsakanyan deyib ki, hər il Ermənistandan 7-8 min nəfər hərbi çağırışçı Azərbaycanın işğal olunmuş ərazilərində müddətli hərbi xidmətə göndərilib.
O, ildə 2 dəfə hərbi çağırış olduğunu, hər çağırış zamanı 3500-4000 Ermənistan vətəndaşının işğal edilmiş ərazilərə gətirildiyini bildirib.
Lyova Mnatsakanyanın sözlərinə görə, qondarma rejimin “ordusu”nda xidmət edənlərin təxminən 70 faizi Ermənistan vətəndaşları, digər 30 faizi isə Qarabağda yaşayan erməni sakinlər olub.
“Xidmət zamanı onların arasında fərq qoyulmurdu, onlar eyni komandanlığa tabe olurdular və hərbi geyimləri də eyni idi”, - deyə müttəhim bildirib.
Lyova Mnatsakanyan deyib ki, Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb.
O, dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən qondarma rejimin “müdafiə naziri” olduğu vaxt, ondan əvvəl və sonra işğal altındakı ərazilərdə bu silahları görmədiyini bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
18 Mart 2025
17 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ