İnsanlara hürriyət, millətlərə istiqlal!

“Laçın” sərhəd-buraxılış məntəqəsinin bir ili

Bu məntəqənin qurulması Qarabağdakı erməni təxribatlarının qarşısını həmişəlik aldı

2023-cü ilin 23 aprelində Laçın rayonunda Ermənistanla sərhəddə buraxılış məntəqəsi qurulması ilə Qarabağda qalan qanunsuz erməni silahlı birləşmələrinin silahla təchizatı məhdudlaşdırıldı.

Heç kimə sirr deyildi ki, 2020-ci il 10 noyabr üçtərəfli sənədin müddəalarına zidd olaraq Ermənistan bu yoldan hərbi məqsədlər üçün istifadə edir, Azərbaycan ərazilərində qalan tör-töküntülərinə silah-sursat, hərbi vasitələr, canlı qüvvə göndərirdi. Aprelin 23-ü saat 12:00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi açıldı. Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağı ucaldıldı və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edildi.

Təbii ki, bu sərhəd-keçid məntəqəsinin qurulmasından ölkəmizə qarşı istifadə etmək istəyən, bunu qeyri-qanuni hesab edən qüvvələr də az olmadı. Amma bu məntəqə ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addım idi və beynəlxalq hüquq normalarına tam uyğun idi.  Bu tarixi hadisədən bir həftə sonra - mayın 1-də ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng etdi. Prezident 23 aprel qərarını ABŞ dövlət katibinə belə izah etmişdi: “Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır". 

Bu məntəqənin qurulması Qarabağdakı erməni təxribatlarının qarşısını həmişəlik aldı.

Beləliklə, ərazilərimizin qanunsuz erməni silahlılarından təmizlənməsi prosesi başlandı. 

Laçında sərhəd-keçid məntəqəsinin açılması Azərbaycanın öz torpaqları üzərində suverenliyini tezliklə tam təmin edəcəyini və bunun üçün bütün riskləri gözə almağa hazır olduğunu ortaya qoyan ən mühüm hadisə idi. Proseslərin sonrakı gedişi də bunu təsdiqlədi. “Laçın” postu ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə həyata keçirdiyi hərbi-strateji gedişlərin növbəti mərhələsinə keçid oldu.

Emin Həsənli: “Düşünürdülər ki, Qarabağda doğulmayan vətənpərvər ola  bilməz” - MÜSAHİBƏ

Emin Həsənli 

Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, 2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsi xalqımız üçün çox əlamətdar hadisələr ortaya çıxartdı: “Vətən müharibəsində Şuşa başda olmaqla, torpaqlarımız azad edildi, Ermənistan atəşkəs imzalamağa məcbur oldu, Kəlbəcəri, Laçını, Ağdamı boşaltdı, ardınca bir neçə qisas əməliyyatı keçirildi. 2023-cü ilin 23 aprelində isə Laçın rayonunda Ermənistanla sərhəddə buraxılış məntəqəsi quruldu. 

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması çox böyük tarixi hadisə idi, bu, bütün sərhədlərimizə nəzarət demək idi. Bu imkan verdi ki, Ermənistanın Qarabağla əlaqəsi tam nəzarətə götürülsün. Məlum olduğu kimi, ermənilər hər zaman oradan separatçılara silahlar daşıyıb, canlı qüvvə gəlib-gedib. Ona görə də bu cür sərhəd-buraxılış məntəqəsinin yaradılmasına böyük ehtiyac var idi və bu məntəqə yaradıldıqdan sonra bir çox məsələlər aydınlaşdı. Ermənilər düşünürdülər ki, Rusiya sülhməramlıları bölgəyə gəldikdən sonra Ermənistandan Qarabağa rahat silah-sursat daşıya biləcəklər. Amma bu istəkləri baş tutmadı. Azərbaycan Prezidentinin qətiyyətli siyasəti nəticəsində ötən ilin sentyabr ayında bir günlük antiterror tədbirləri həyata keçirildi və bu da dünya hərb tarixində özünəməxsus əməliyyat idi. Əməliyyat nəticəsində bir gündən də az müddətə separatçılar və silahlı terrorçular zərərsizləşdirildi, təslim oldular və onlar bölgəni bütünlükdə tərk etdilər. Bütün bu hadisələr Azərbaycan tarixində çox böyük əhəmiyyətə malikdir, önəmlidir.

Beləliklə, “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması antiterror tədbirlərinə gedən yol üçün, suverenliyimizin tam bərpası üçün çox böyük hadisə idi.

Beynəlxalq təzyiqlərə gəldikdə, Azərbaycan son zamanlar çox ağır beynəlxalq təzyiqlə, xüsusən Avropanın, Amerikanın təzyiqləri ilə üz-üzə gəlir. Lakin bütün bu təzyiqlərə sinə gəlib, hərbi məkanında olduğu kimi diplomatik meydanda da böyük qələbələr  qazanır".

Siyasi şərhçi Aqşin Kərimov isə açıqlamasında qeyd edib ki, Laçının Ermənistanla sıfır nöqtəsində Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin yaradılması əhəmiyyətli zəncir yaradıb: “Bu, Azərbaycanın sərhədlərinin təhlükəsizliyinin təmini fonunda Qarabağa qeyri-qanuni silah daşınmasındakı təchizat zəncirini dağıtdı. Azərbaycanın isə təhlükəsizlik zəncirindəki həlqələr bərkidi. Sərhəddəki nəzarət rejiminin sərhəd-gömrük prosedurlarına uyğunlaşdırılması artıq Ermənistandan giriş-çıxış məsələlərinə hüquqi nəzarət modelində daşları yerinə oturtdu. Sərhəddə təhlükəsizlik rejiminin hərbi prizmadan kənar əlavə hüquqi əsasları diqqəti Qarabağ iqtisadi rayonundakı separatizmi daxili məsələ kontekstinə gətirdi. Deməli, Laçında sərhəd-buraxılış məntəqəsinin qurulması: 

- Azərbaycanda separatizmin təchizat kanallarını blokladı; 

- İzolyasiyaya düşən separatçılar küncə qısnanmış vəziyyətdə qaldı; 

- Nəticədə Azərbaycan antiterror əməliyyatları ilə sürətli nəticə əldə etdi. 

Bir sözlə, Laçındakı sərhəd məntəqəsi regionun geosiyasi mənzərəsinin üzərinə əhəmiyyətli təhlükəsizlik çətiri qaldırdı". 

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR