Onlayn ictimai-siyasi qəzet
Ukrayna savaşı Rusiya prezidenti Vladimir Putinin dövlət başçısı karyerasında yol verdiyi ən böyük səhv idi. Bu “savaş bataqlığı”nda Rusiyanın düşdüyü durum da bunu birmənalı şəkildə təsdiqləyir. Üstəlik, Kremldə də artıq buraxılan səhvin Rusiya üçün tarixi və taleyüklü olduğunu anlamağa başlayıblar.
Məsələ ondadır ki, Ukrayna savaşına qədər Rusiya dünyanın ikiqütblü düzənində önəmli təsir mövqeyinə malik idi. Kreml ABŞ və Qərblə rəqabət vəziyyətində olan beynəlxalq düşərgənin əsas lider dövlətlərindən biri hesab olunurdu. Prezident Vladimir Putin isə dünyada ən güclü və nüfuzlu liderlər sırasında yer alırdı.
Ancaq Ukrayna savaşının başlanmasından sonra bütün bunlar haqqında danışmaq artıq olduqca çətindir. Çünki, “savaş bataqlığı” Rusiyanı öz dərinliklərinə çəkib. Rusiyanın superdövlət imici əriyib, yox olub. Dünyanın ikinci ən güclü ordusu hesab olunan Rusiya ordusu haqqında bütün mövcud miflər və əfsanələr dağılıb, öz əhəmiyyətini itirib. Rusiyanın maliyyə-iqtisadi sisteminin kənar təsirlərə dözümsüz olduğu hər kəsə məlum olub.
Belə anlaşılır ki, Rusiya dövləti və onun qüdrəti Ukrayna savaşında günbəgün əriyərək, yox olmaq təhlükəsi qarşısında qalıb. Rusiyanın ən yaxın müttəfiqi Belarusun Kreml sahibi V.Putini özünün böyük qardaşı elan edən prezidenti Aleksandr Lukaşenko belə, artıq öz şübhələrini dilə gətirməyə başlayıb. O, son açıqlamasında Rusiyanın Ukrayna savaşında qalib gələcəyini düşünəcək qədər sadəlövh olmadığına eyham vurub. Və “Batka” onu da əlavə edib ki, Ukrayna savaşının bu qədər uzanması onu da təəccübləndirib.
Təbii ki, hətta “Batka”nın belə, bu cür ümidsiz danışması Rusiya üçün olduqca təhlükəli prosesin başlanğıcından xəbər verir. Çünki, bu, MDB məkanında Rusiyanın ətrafında mərkəzdənqaçma prosesin qaşılmazlığının ən real əlamətlərindən sayıla bilər. Hər halda, Rusiyanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) heç bir dövlət Ukrayna savaşında Kremli dəstəkləməyə həvəsli deyil.
KTMT-ya üzv olan Orta Asiya dövlətləri Ukrayna savaşında heç bir halda, Rusiyanın yanında tərəfə çevrilməyəcəklərini birmənalı şəkildə bəyan ediblər. Hətta Qazaxıstan Kremlə Rusiyanın məruz qaldığı beynəlxalq sanksiyalardan yayınmaqda dəstək olmayacağını da qətiyyən gizlətmir. Yəni, heç bir dövlət Rusiya ucbatından özünü beynəlxalq problemlərin içərisinə yerləşdirməkdə maraqlı deyil. Və bu, Rusiya-Belarus cütlüyünün planlaşdırdığı “SSRİ 2.0” layihəsinin artıq iflasa uğraması deməkdir.
Kreml üçün ən qorxunc məqam isə ondan ibarətdir ki, hazırda “SSRİ 2.0” layihəsinin iflasa uğraması barədə deyil, məhz Rusiyanın dünya xəritəsindən silinməsi ilə bağlı təhlükənin real görüntülər ala biləcəyi haqda düşünmək məcburiyyətində qalıb. Rusiya ordusu Ukraynada hər ötən gün savaş qabiliyyətini daha çox itirir. Bu azmış kimi, ABŞ və Qərb isə Ukraynaya ən müasir hücum silahları göndərir. Nəticədə Rusiya ordusu hücum edən tərəfdən, müdafiə olunmaq məcburiyyətində qalan tərəfə çevrilməyə başlayıb.
ABŞ və Böyük Britaniya kəşfiyyatı Ukrayna ordusunu ən operativ hərbi məlumatlarla təmin edir. Ukrayna ordusu isə həmin kəşfiyyat məlumatları sayəsində Rusiya hərbi birləşmələrinə ağır zərbələr endirir, ciddi canlı qüvvə və hərbi texnika itkilərinə məruz qoyur, təchizat sistemini iflic edir. Belə vəziyyətdə Rusiya ordusunun uzun müddət savaş meydanında duruş gətirməsi o qədər də inandırıcı görünmür.
Kreml aprel ayında Ukrayna savaşında Rusiya ordusunun xeyrinə həlledici dönüş yarada biləcəyinə ümid bəsləyirdi. Hətta mayın 9-da Moskvada “parlaq qələbə paradı”nın keçirilməsini belə, planlaşdırırdı. Və Kremlin həsrətində olduğu həlledici dönüşün həqiqətən də baş verməkdə olduğu müşahidə olunur.
Ancaq problem ondan ibarətdir ki, Ukrayna savaşında müşahidə olunan həlledici dönüş qətiyyən Rusiya ordusunun xeyrınə deyil. Əksinə, ən müasir silahlarla təchiz olunmuş Ukrayna ordusu müdafiədən hücum taktikasına keçməyə başlayıb. Son məlumatlara görə, Rusiya ordusunun üzərinə bir neçə istiqamətdən əkshücum əməliyyatlarına start verilib.
Rəsmi Kiyev Ukraynanın bütün ərazilərini Rusiya ordusundan təmizləmək niyyətini rəsmən bəyan edib. Hətta prezident Volodimir Zelenski Rusiyadan Krım yarımadasının dərhal geri qaytarılmasını da tələb edir. Rəsmi Kiyevin savaşı dayandırmaq üçün irəli sürdüyü əsas tələblərin sırasındasa, indi Rusiya ordusunun Ukrayna ərazilərindən tamamilə çıxarılması, Donbas və Krımın geri qaytarılması, ölkənin beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyünün Kreml tərəfindən sülh sazişi imzalanmaqla, tanınması yer alır.
Belə anlaşılır ki, ABŞ rəsmi dairələrinin də iddia etdiyi kimi, Rusiya Ukrayna savaşında artıq məğlub tərəfdir. Kremlin Ukraynaya qarşı müharibə kampaniyası böyük ölçüdə artıq iflasa uğrayıb. Və bu vəziyyət ən qısa zaman içərisində Rusiyanın xeyrinə dəyişməzsə, Ukrayna savaşının Kreml üçün olduqca baha başa gələ bilər.
Xüsusilə də, Rusiyanın MDB məkanında öz hegemonluq imkanlarını tamamilə itirəcəyi qətiyyən şübhə doğurmur. Kreml “SSRİ 2.0” layihəsini isə artıq həmişəlik unutmaq məcburiyyətində qalacaq. Çünki, “Batka”nın Rusiya prezidenti V.Putinə israrla təlqin etdiyi “SSRİ 2.0” layihəsini reallaşdırmaq bundan sonra Kremlin imkanlarından çox uzaqdır.
Halbuki, bir müddət öncə “Batka” “SSRİ 2.0” layihəsinin işə salındığının anonsunu da vermişdi. Ukrayna savaşının “SSRİ 2.0” layihəsinin tərkib hissəsi olduğuna eyham vurmuşdu. Ona görə də, hesab etmək olar ki, prezident V.Putin həm də “SSRİ 2.0” planları quran “Batka”nın nağıllarının qurbanı olmaq üzrədir. “Batka” ilə “SSRİ 2.0” quracaqlarına ümid bəsləyən prezident V.Putin Ukrayna savaşında artıq Rusiyanın özünün gələcək taleyini böyük təhlükə altına salıb.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
11 Noyabr 2024
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ