İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml İrəvana son xəbərdarlığını etdi - Bakı üçün yeni fürsət pəncərəsi

10 noyabr sənədi ilə faktiki öz taleyini Azərbaycanla Rusiyaya həvalə edən Ermənistanın “əl-qol” atmaq lüksü qalmayıb...

Rusiya vassal Ermənistana göndərdiyi notaya rəsmi cavab gözləyir. XİN nümayəndəsinin notadan cəmi bir gün sonra bunu dilə gətirməsi göstərir ki, Kreml Nikol Paşinyan iqtidarından boğaza yığılıb və ölkədə hökm sürən anti-Rusiya isteriyasına görə “sorosçu” rejimi suçlu bilir.

Hərçənd etiraz notasında birbaşa günahkar qismində Paşinyan hökumətinin adı çəkilmir, sadəcə, ondan “gərəkən tədbirlər görmək” tələb olunur. Ermənistan XİN-in sözçüsü Vahan Unanyan isə həyəcan içində deyib ki, notaya müvafiq qaydada və adekvat cavab veriləcək. 

Yada salaq ki, nota İrəvandakı “Sürməli” ticarət mərkəzində partlayışlarla əlaqədar bəzi müxalif siyasi qüvvələrin Rusiyanı ittiham eləməsi ilə bağlıdır. “Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi güdən bu cür eyhamların arxasındakı siyasi qüvvələrin təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən belə qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”, - Rusiyanın rəsmi etirazında vurğulanır.

Moskvanın öz nankor satellitindən narazılığına haqqı var. Sirr deyil ki, “qərbyönlü” Paşinyan komandası iqtidara gələndən, xüsusən də 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətdən sonra ölkədə anti-Rusiya ovqatı xeyli güclənib. Özü də “qərbyönlü” Paşinyan hakimiyyətinin “yüngül əli” ilə. Çünki hər nə qədər N.Paşinyan Rusiyadan obyektiv səbəblərdən ehtiyat eləsə də, çəkinsə də, onun Qərb qarşısında öhdəliyi var: Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmaq.

Yada salaq ki, hələ müxalifətdə ikən Nikol Paşinyan Ermənistanın Rusiyanın dominant olduğu KTMT (“Rus NATO-su”) və Avrasiya İqtisadi Birliyindən çıxmasına çağırışlar edib, bu yöndə çalışıb, hətta “Yelk” (“Çıxış”) adlı qurum yaradıb. Lakin hakimiyyətə gələndən sonra bunun nə dərəcədə riskli siyasət olacağını anlayan Nikol köhnə mövqeyindən uzaqlaşmalı oldu. Ruhən isə o, əlbəttə ki, anti-rusiyaçı olaraq qalır.

Kreml Putin-Paşinyan görüşünün vaxtını açıqladı - 18.04.2022, Sputnik  Azərbaycan

Bunu Kreml kabinetlərində də bilirlər. Odur ki, Moskva Paşinyan və onun “sorosçular”dan ibarət komandasına qarşı ehtiyatlı “qamçı və kökə” siyasəti aparır. Ancaq belə görünür ki, artıq köhnə siyasət işə yaramır. Bu mənada Rusiyanın iki gün öncəki notası, - hansı ki, SSRİ dağılandan bu yana ilk belə ciddi insidentdir, - Kremlin “səbir kasası”sının dolmaqda olduğu haqda İrəvana son xəbərdarlıq da sayıla bilər.

Ermənistan rəhbərliyinin Moskvanın sərt mövqeyinə necə və nə ilə cavab verəcəyi hələ ki bilinmir. Bilinən odur ki, İrəvan-Moskva münasibətləri növbəti və daha qəliz dövrünə daxil olub və çətin ki, yaxın perspektivdə qaydaya düşsün. Ukraynada işləri yaxşı getməyən Rusiyanı forpost Ermənistanın apardığı “iki stul” siyasəti xüsusilə əsəbləşdirir. Moskva bunu xəyanət kimi qiymətləndirir.

Rusiya Qafqazda gərginliyə çalışır: Paşinyan Kremlin təzyiqlərinə tab  gətirəcəkmi?

Mövcud vəziyyət əlbəttə ki, keçmiş DQMV üzərində öz yurisdiksiyasını tam şəkildə bərqərar eləməyi hədəfləmiş Azərbaycanın maraqlarına cavab verir. Həm də o səbəbə ki, belə durumda kapitulyant ölkənin yenə ucuz və havayı Rusiya silahları hesabına öz ordusunu bərpa eləmək arzuları “suya düşmüş” olur. Digər yandan, Moskva indi onsuz da özünün, öz ordusunun hayındadır və hələ uzun müddət bu qayğılarla yaşamalı olacaq.

Nəhayət, yaranmış vəziyyətdə Rusiya Ermənistana ən güclü təzyiq alətlərindən biri kimi, 10 noyabr üçtərəfli sənədinin bəndlərinin sürətli reallaşmasında maraqlı ola bilər ki, bu da əlbəttə, yenə rəsmi Bakını qane edir. Söhbət xüsusən də kapitulyasiya akrının 4-cü bəndindən - qanunsuz erməni silahlı birləşmələrinin qalıqlarının Qarabağdan çıxarılması və ya tərk-silah edilməsindən gedir.

Kreml Paşinyanın hərəkətlərindən narazıdır” » Reyting.az

Erməni tərəfinin buna nə etirazı ola bilər ki, əgər Paşinyan iqtidarı ölkəsi adına belə bir öhdəlik götürübsə? O halda Qarabağ anklavında yalnız legitim Rusiya qüvvələri qalacaq ki, bununla Moskva heç nə itirmir. Əksinə, Azərbaycan-Rusiya və Türkiyə-Rusiya əlaqələri növbəti pozitiv stimul qazanmaqla daha zəmanətli xarakter olacaq.

Rusiyanın Ermənistana qəfil notası bölgədə proseslərin qeyd edilən səmtdə inkişaf edə biləcəyinin xəbərçisi sayıla bilər. Məsələ ondadır ki, 10 noyabr 2020-ci il sənədi ilə Ermənistan Rusiyanın daha güclü asılılığına, Azərbaycanla Rusiyanın isə faktiki girovluğuna düşüb, kapitulyasiya aktını imzalamaqla öz taleyinin həll açarını Bakı və Moskvaya həvalə edib. Demək, İrəvan özünü bu duruma adekvat aparmalı, siyasi hoqqabazlıqlara son qoymalı, “əl-qol” atmamalı, sülh gündəliyinə real töhfə verməlidir, nəinki vaxtı uzatmaq üçün bəhanələr axtarışını davam etdirməlidir. Çünki “mitasum” qatarı həmişəlik gedib. Əks təqdirdə, nə olacağını Rusiyanın loyal qaldığı son “Qisas” əməliyyatından gərək ki, yaxşı bilsinlər.

“Ermənistanda həm siyasətçilərin, həm analitiklərin, həm də Paşinyanın öz komandasının yanaşması belədir ki, ölkə 44 günlük müharibədə uduzub, zəifləyib və o səbəbdən Azərbaycanla hər hansı razılaşma Ermənistanın uzunmüddətli maraqlarına uyğun olmayacaq. Ona görə də onların hazırkı taktikası mümkün qədər güclənmək, toparlanmaq üçün vaxt udmaq, ona kimi isə danışıqları imitasiya eləmək, rezini dartmaqdır”.

Rasim Musabəyov: İlham Əliyevin yüksək reytinqi – onun fəaliyyətinin  nəticəsidir | 1news.az | Xəbərlər

Rasim Musabəyov 

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Minval.az-a açıqlamasında politoloq Rasim Musabəyov deyib.

Politoloq hesab edir ki, mövcud durumda Moskva və ya Brüssel tərəfindən İrəvana sərt təzyiq olmadan keçinmək mümkün olmayacaq. “Ya da Azərbaycan, sadəcə olaraq, Ermənistanı zaman-zaman çox ciddi şəkildə silkələməli olacaq. Yoxsa danışıqlarda heç bir irəliləyiş gözləmək mümkün deyil. Prinsipcə, həm Moskvanın, həm də Brüsselin İrəvana təsir rıçaqları var. Avropa İttifaqı maliyyə rıçaqlarına malikdir. Rusiyanın isə hərbi təzyiq alətləri mövcuddur. Hər ikisinin erməniləri başa salmaq, inandırmaq imkanı var ki, vaxtı uzatmağın da limiti var, ondan kənara çıxmaq yenə Ermənistanın özü üçün çox ağır nəticələr doğuracaq”, - deyə ekspert vurğulayıb.

Qalır hayların edəcəyi yeganə doğru seçim. Ermənistan üçün vaxtı uzatmaq limiti bitib...

Analitik xidmət,
“Yeni Müsavat”  

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR