Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının üzvləri ilə görüşüb.
Musavat.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən görüşdə, Bütün Qafqazın Şeyxi, QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisi Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının təmsilçisi Dionisi ata və b. iştirak edib.
Şeyxülislam həzrətləri dini konfessiyaların Məşvərət Şurasının üzvləri adından, Millət vəkili Fazil Mustafanı İctimai birliklər və dini qurumlar komitəsinin sədri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edərək, ona “Qurani-Kərim” bağışlayıb, uğurlar arzulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən dövlət-din münasibətləri, bu münasibətlərin qanunvericilik bazası və s. müzakirə olunub.
Onu da vurğulayaq ki, bu, Fazil Mustafanın Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olaraq, dini qurum başçıları ilə ilk geniştərkibli görüşüdür.
Sonra, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurası noyabrın 5-də Bakıda keçiriləcək Dünya Dini Liderlərinin Qlobal Sammitinə hazırlıq məsələlərini müzakirə edib.
Şeyxülislam həzrətləri bildirib ki, ölkəmizin evsahibliyi edəcəyi COP29 (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvenssiyasının Tərəflər Konfransının 29-cu sessiyası) ərəfəsində Bakıda Dünya Dini Liderlərinin Qlobal Sammitinin keçirilməsi önəmli hadisədir:
“Azərbaycan Prezidenti, Zati-aliləri İlham Əliyevin himayəsi ilə təşkil edilən bu mötəbər tədbir, “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında gerçəkləşəcək. Sammitin tərəfdaşları qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurası və BMT-nin Ətraf Mühit Proqramı çıxış edir. Dünya və ənənəvi dinlərin liderlərinin, müxtəlif konfessiyaları təmsil edən, dünya miqyasında tanınan ictimai və din xadimlərinin iştirak edəcəyi Qlobal Sammitə 55 ölkəni, 30 beynəlxalq təşkilatı, aparıcı KİV-ləri təmsil edən 220-dən çox qonağın qatılacağı gözlənilir”.
QMİ sədri bildirib ki, son illər qlobal önəm daşıyan bir çox tədbirə, o cümlədən, Dünya Dini Liderlərinin I və II samitlərinə uğurla evsahibliyi etmiş ölkəmiz, yenidən dini mərkəzlərin başçılarını, müxtəlif dinləri və konfessiyaları təmsil edən nüfuzlu insanları bir araya gətirir. Dünya Dini Liderlərinin Qlobal Sammiti planetimizin gələcəyi üçün böyük önəm daşıyan bir məsələnin - iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi işinə dini liderlərin real töhfə vermək məramındadır.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu deyərək, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların da Qlobal Sammitin işində yaxında iştirak edəcəyinə inandığını bildirib:
“Bu tədbirə gələn qonaqlar Azərbaycandakı dini harmoniyanın, dinlər və mədəniyyətlər arasında dialoqun, tolerantlığın yüksək səviyyədə olduğunu bir daha görə biləcəklər”.
Şeyxülislam Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın Azərbaycandakı dini konfessiyaların Məşvərət Şurasının yığıncağında iştirak etməsini dövlətimizin dini sahəyə göstərdiyi diqqətin örnəyi kimi xarakterizə edib.
Komitə sədri Fazil Mustafa COP29 ərəfəsində Dünya Dini Liderlərinin Qlobal Sammitinin Bakıda keçirilməsini önəmli hadisə adlandırıb. Komitə sədri bildirib ki, belə mötəbər tədbirin uğurla keçməsi ölkəmizdə dini sahədə çaxnaşma salmaq istəyən qüvvələrə, anti-Azərbaycan təbliğatı aparan mərkəzlərə tutarlı bir cavab olacaqdır.
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının üzvləri çıxış edərək, öz fikirlərini bildirib, Dünya Dini Liderlərinin Qlobal Sammitinin yüksək səviyyədə və səmərəli keçəcəyinə inandıqlarını ifadə ediblər.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ