Onlayn ictimai-siyasi qəzet
“Robert Köçəryan, istisnasız olaraq yalan danışır və ATƏT-in ömrünü rüsvayçılıqla başa vurmuş Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesi ilə bağlı faktları öz maraqlarının süzgəcindən keçirərək təqdim edir”.
Deputat Elçin Mirzəbəyli bunu Musavat.com-a Ermənistanın ikinci prezidenti Robert Köçəryanın fevralın 18-də keçirdiyi brifinqdə səsləndirdiyi iddialara münasibət bildirərkən deyib.
Eks-prezidentin ərazi mübadiləsi ilə bağlı səsləndirdiyi iddialardan danışan Milli Məclis üzvü qeyd edib ki, Robert Köçəryanın ərazi mübadiləsi ilə bağlı dedikləri hər kəsə bəlli olan Pol Qobl planıdır:
“Köçəryan açıqlamalarında ərazi mübadiləsi ilə bağlı məsələnin 1999-cu ildə müzakirəyə çıxarıldığından danışır. Pol Qoblun özü isə əraz mübadiləsi ilə bağlı memarandumu 1992-ci ildə hazırladığını və irəli sürdüyünü bildirir. Pol Qoblun 2020-ci ildən sonra mediaya verdiyi müsahibələrdə eyni təklifin Ki-Uest danışıqlarında da gündəmə gətirildiyi iddia olunur. Və eyni zamanda Qobl iddia edir ki, ərazi mübadiləsi müstəvisində münaqişənin həllinə Rusiya mane olub. Zənnimcə, Pol Qoblun 44 günlük müharibədən sonra səsləndirdiyi fikirlər, reallığın daha çox geosiyasi kontekstdən, Bayden-Blinken cütlüyünün baxış bucağına uyğun bir şəkildə təhrif edilmiş formasıdır. Ki-Uest danışıqlarında iştirak edən Kerri Kavano isə adıçəkilən şəhərdə aparılan danışıqlarda müzakirəyə çıxarılan sənədin Vaşinqton və Moskva tərəfindən hazırlandığını bildirir. Bu isə o deməkdir ki, Ki-Uestdə ərazi mübadiləsi məsələsi müzakirə mözvüsu olmayıb. Həmçinin Ki-Uestdə müzakirə predmeti olan razılaşma ABŞ və Rusiya tərəfindən hazırlandığı üçün, Moskvanın buna qarşı çıxması da inandırıcı deyil”.
E.Mirzəbəyli hesab edir ki, Ki-Uest danışıqları ilə bağlı yeganə istinad mənbəyi Ulu Öndər Heydər Əliyevin adıçıkilən şəhərdə səsləndirdiyi bəyanat olmalıdır:
“Həmin bəyanatdan kiçik bir iqtibas gətirməklə Ki-Uest danışıqları üzərindən edilən manipulyasiyalara nöqtə qoymaq istəyirəm. Sitat: “Beynəlxalq hüququn prinsip və normalarına, BMT-nin nizamnaməsinə uyğun olaraq, BMT-yə daxil olan hər bir müstəqil dövlət ərazi bütövlüyünə, onun sərhədlərinin pozulmazlığına hamı tərəfdən və xüsusən bu münaqişənin həllinə görə məsuliyyəti öz üzərinə götürmüş ATƏT tərəfindən əməl olunmalıdır. ATƏT və onun Minsk qrupu bu prinsipə möhkəm əməl etməli, onun ciddi şəkildə yerinə yetirilməsinə hər cür kömək göstərməlidirlər. Bu gün danışıqlar prosesində yaranmış vəziyyət isə beynəlxalq münasibətlərdə təhlükəli presedent yaradır. Beynəlxalq birlik beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunmasını, bunların möhkəmləndirilməsini təmin etmək əvəzinə, qətiyyətsizlik nümayiş etdirir. Beynəlxalq hüququn ərazi bütövlüyünün toxunulmazlığı, sərhədlərin pozulmazlığı kimi fundamental norma və prinsipləri şübhə altına alınır və bununla da Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaşayan 100 min erməniyə görə beynəlxalq praktikanın, beynəlxalq hüququn on illər boyu formalaşmış dayaqları sarsıdılır. Hərbi təcavüzün tanınması nəticəsində əldə edilmiş sülh, sabitlik və təhlükəsizlik isə möhkəm və əbədi ola bilməz”. Gətirdiyim iqtibasdan da göründüyü kimi, Heydər Əliyev bütün təzyiqlərə və həmin dövrdəki əksər müxalifət partiyalarının xəyanətinə baxmayaraq ərazi bütövlüyü prinsipindən bir an da olsa belə geri çəkilməyib və sonunadək qətiyyətlə Azərbaycan xalqının milli iradəsini ifadə edib”.
Deputat qeyd etdi ki, Ki Uest danışıqları öncəsi, Azərbaycanın əksər müxalifət partiyaları ölkəmizin mövqeyini müdafiə etmək üçün öncədən mitinq keçirməklə bağlı razılıq əldə etsələr də, sonradan məlum ölkənin səfirinin tapşırığı ilə aksiyanı təxirə salmışdılar və ölkənin milli maraqlarını müdafiəsindən imtina etmişdilər: “Başqa bir fakr, 1996-cı ilin dekabrın 2-4-də ATƏT-in Lissabonda keçirilən zirvə toplantısının nəricələri də Röbert Köçəryanın gözünün içinədək yalan danışdığını təsdiqləyir. Məlum olduğu kimi həmin sammitdə Ermənistan istisna olunmaqla, ATƏT-in üzvü olan 53 ölkə Azərbaycanın milli mənafeyini ifadə edən prinsipləri dəstəkləmişdilər. Bu prinsiplər aşağıdakılardır:
1. Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyü.
2. Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusunun verilməsi.
3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi.
Düşünürəm ki, 1996-cı ildə keçirilən Lissbon sammitinin yekunundan çıxan nəticə, yəni Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi sonradan “ərazi mübadiləsi” ilə bütün iddiaların cəfəngiyyat olduğunu təsdiqləyir”.
Eks-prezidentin qəfildən ortaya çıxması və iddialı danışması şübhəsiz ki, təsadüfi deyil. Bu mənada Rusiyaya bağlı Qarabağ canisinin Kremldən idarə olunduğu, yaxud da Moskvaya xoş gəlməkdən ötrü canfəşanlıq etdiyi barədə gümanlar var. Robert Köçəryanı kimlərin danışdırdığına gəldikdə, E.Mirzəbəylinin fikrincə, bu barədə xüsusi araşdırma aparamağa ehtiyac da yoxdur:
“Digər tərəfdən, ola bilsin ki, Xocalı qatilinə Ermənistanın Avropa İttifaqı ilə bağlı mövqeyinə qarşı getmək tapşırılıb. Amma düşünürəm ki, bu, əks-reaksiyaya səbəb olacaq. Çünki Ermənistan cəmiyyətinin mütləq əksəriyyəti son seçkilərdə Nikol Paşinyana, onu sevdikləri üçün yox, Köçəryan və Sərkisyana nifrət etdikləri üçün səs veriblər və Robertin dedikləri, istisnasız olaraq, Ermənistan cəmiyyətində əks reaksiya verəcək. Burada, Köçəryanın Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzinin bəyanatından çıxış edərək, Moskvaya yalmanmaq və son günlər Rusiyanın media resurslarında Azərbaycan əleyhinə təbliğatdan ruhlandığı üçün də mətbuat konfransı keçirdiyini ehtimal etmək mümkündür”.
E.Paşasoy,
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ