İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişinyovda “beştərəfli” görüş - Türkiyə masaya oturmayanadək...

Qərbin danışıqlara olan ümidləri gerçəkləşdimi?

İyunun 1-də Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun da iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında qeyri-formal görüş olub.

Qeyd edək ki, Qərbdə bu danışıqlara böyük ümidlər vardı. Görüşdən bir gün əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin yaydığı bəyanatda Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının davam etməsindən məmnunluq ifadə olunub. 

Kişinyov görüşü ərəfəsində ABŞ-la yanaşı, Avropa Birliyindən, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeldən optimist bəyanatlar səslənib. Bu fonda isə İrəvan və Bakıdan Qərb tərəfdaşlarının nikbinliyinə əks bəyanatlar səslənirdi. İrəvan təkrar edir ki, onun üçün qırmızı xətlər var və onları keçməyəcək, Bakı isə bəyan edir ki, ermənilərin vaxtı azdır və düşünməlidirlər. Məlumdur ki, Fransa Prezidenti Makronun niyyəti bu “dördlü” formatın işlək mexanizmə çevirmək niyyəti var. Bakı ilə Paris arasında münasibətlərdə son aylar yumşalma müşahidə olunsa da, Fransanın danışıqlara zərbə vuran mövqeyi hələ unudulmayıb. İndi danışıqlarda Almaniya kanslerinin iştirakı bu gərginliyi bir qədər azalda bilər. Amma Azərbaycanın mövqeyi bəllidir: Kişinyovdakı görüş “format” olmamalıdır, Brüssel formatını dəyişməməlidir. İrəvan isə buna əks mövqe ortaya qoyur: “Kişinyov formatı”nın siyasi çəkisini artırmaq üçün mümkün olan hər şeyi edir.

Cəbhədə atəşkəs yenə pozuldu

Bəzi ekspertlər Almaniyanın bu formatda balanslaşdırıcı rol aldığı ilə bağlı iddialarla razılaşmırlar. Təklif edilir ki, həm regionda ciddi təsir imkanları olan, həm də Azərbaycanla hərbi-siyasi müttəfiqlik qurmuş Türkiyə balanslaşdırıcı güc olaraq bu görüşlərdə iştirak etməlidir. Moskva görüşünün fiasko olması üçün hər şey edən Paşinyan bu səbəbdən Kişinyov görüşünə ciddi ümid edirdi. Erməni baş nazir bir müddət əvvəl “1 iyun tarixində sülh müqaviləsini imzalamağa ümid edirəm” demişdi. Sonra isə yenə fikrini dəyişərək deyib ki, “İrəvan və Bakı arasında razılaşdırılmış və imzalanmağa hazır sülh müqaviləsi yoxdur. Ermənistan tərəfi Vaşinqton görüşündən əvvəl verdiyi təkliflərə hələ Azərbaycandan cavab almayıb” və sairə...

Bildirilirdi ki, Paşinyan Makronun dəstəyinə arxayın olaraq, Kişinyovda sülhdən uzaq tələblərini səsləndirmək niyyətindədir. Bu tələblər sırasında Ermənistanın 29,8 min kvadratkilometr ərazisinin toxunulmazlığına qarantiya və Azərbaycan Ordusunun sərhəd xəttindən geri çəkilməsi də vardı. O cümlədən Paşinyan Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyi” və Bakı-Xankəndi danışıqlarının “beynəlxalq çərçivədə aparılmasını” razılaşdırmaq istəyi də olub. Diplomatik mənbələrə görə, bu absurd təkliflər Vaşinqtondakı bir neçə raundda baş tutan görüşlərdə də qaldırılıb, amma Bakı bunları rədd edib.

Rusiya Müdafiə Nazirliyi isə Kişinyov görüşündən 1 gün qabaq Qarabağda Azərbaycanın atəşkəsi pozduğunu iddia edən xəbər yaydı. Həmçinin Rusiya MN-in yaydığı bülletenə Laçın şəhərinin də Rusiya hərbçilərinin təsir zonasında olduğunu əks etdirən xəritə yayımlanıb. Separatçılar və erməni ordusu aktivləşib, sərhədyanı bölgədə hərəkətlilik var.

Cəbhədə atəşkəs yenə pozuldu – Yeni Çağ Media

İyunun 1-i saat 09:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, saat 10:00 radələrində isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında mühəndis texnikası cəlb etməklə Şuşa və Xocavənd rayonları istiqamətində döyüş mövqelərinə təminat yolunun çəkilməsi məqsədilə torpaq yolda genişləndirmə və təmir-bərpa işləri görməyə cəhd ediblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Azərbaycanın müdafiə naziri düşmənin hər hansı təxribatlarına dərhal cavab verilməsi barədə qəti tapşırıq verib.

Görünən budur ki, Rusiya təşəbbüsün Qərb çevrələrinin əlinə keçəcəyindən ehtiyatlandığı üçün erməni təxribatlarına stimul verməyə başlayıb. Əks təqdirdə, heç olmasa Kişinyov prosesi ilə bağlı normal mövqe ortaya qoyardı.

Düzdür, 31 may 2023-cü il tarixində Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib. XİN-dən APA-ya verilən xəbərə görə, məsləhətləşmələrdə Azərbaycan tərəfini Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya tərəfini isə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin təmsil edib.

Məsləhətləşmələr zamanı Azərbaycan-Rusiya münasibətlərinin ikitərəfli gündəliyində olan siyasi, iqtisadi, humanitar və digər aktual mövzular, müqavilə-hüquq bazasının genişləndirilməsi, regional əməkdaşlıq və təhlükəsizlik, o cümlədən qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətləri regionda sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylərin, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində əldə olunan bütün razılaşmaların icrası istiqamətində ardıcıl addımların atılmasının vacibliyini qeyd ediblər.

Amma Ermənistanın Kəlbəcər istiqamətində şərti sərhədə əlavə qüvvələr göndərdiyi də məhz Kişinyov görüşü ərəfəsində müşahidə olundu. Bu barədə məlumat Telegram kanallarında yayılıb. Sosial şəbəkələrdə faktın təsdiqi kimi videolar da paylaşılıb. Ermənistanda hərbi hərəkətlənmə müşahidə olunur. Bununla bağlı “Bez Tormozov” Telegram kanalı görüntü paylaşıb. Moderator.az xəbər yayıb ki, Rusiyanın Azərbaycan Respublikası ərazisinin bir hissəsində müvəqqəti yerləşdirilmiş “sülhməramlı” adlanan hərbi kontingenti 2023-cü il mayın 31-də rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış Laçın şəhərini yenidən virtual olaraq öz məsuliyyət və nəzarət zonalarına daxil edib.  Bu, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı” kontingentə aid bölmədə həmin kontingentin dünən - 31 may 2022-ci il tarixinə aid dislokasiya xəritəsindən bəlli olur. Xəritədən göründüyü kimi, “sülhməramlı”lar eyni tarixdə  hətta Şuşa rayonunun Zarıslı kəndi yaxınlığından başlamaqla Laçın şəhərini də əhatə edən patrul marşrutu da həyata keçirdiklərini qeyd ediblər.

Rusiyanın təsir zonasında baş verənlər və elə Rusiyanın özünün davranışları dinc tənzimləmə prosesinə təhlükə yaradır. Üstəlik, Kişinyov görüşündə Makronun iştirakı əngəl yaradan amildir. Sonuncu dəfə Praqa görüşündə iştirak edən Makron sonra Paşinyan üçün “olmazsa, olmaz”a çevrilmişdi. Lakin Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi ermənilərin arzusunu gözündə qoydu. Davamlı xahişlərdən sonra Azərbaycan Makronun da iştirak etdiyi görüşə razılaşıb. Hətta ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza da deyib ki, “Kaş ki, prezident Makron özünü prosesə qatmaq məcburiyyətində hiss etməyəydi. Başa düşürəm ki, onun bu addımı daxili siyasət üçündür, lakin o, artıq Azərbaycana qarşı Ermənistanı dəstəklədiyini çoxdan bildirib. Deməli, Makron heç də obyektiv vasitəçi deyil”, - deyə Brayza bildirib.

Avropa İttifaqının (Aİ) Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən Avropa Siyasi Sammitində Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa Prezidenti Emmanuel Makronu yanlaması tədbiri işıqlandıran jurnalistlərin diqqətini cəlb edib. Musavat.com xəbər verir ki, internet resurslarında yayılan videogörüntülərdə Paşinyanın Makrona israrla nəyisə başa salmaq istədiyi görünür. Bu zaman əlləri qoynunda irəliləyən və fikirli görünən Makronun Paşinyanın dediklərinə hər hansı bir reaksiya vermədiyi sezilir. Qeyd edək ki, bundan əvvəlki beynəlxalq tədbirlərdə də Paşinyan həmişə Makronun audensiyasında olmağa çalışıb və həmişə ondan nəsə xahişlər edib.

Azərbaycan-İtaliya əlaqələrinin böyük perspektivi var"-Tural İsmayılov

Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Tural İsmayılov hesab edir ki, istənilən sülh danışığı təqdirəlayiq hadisədir və bu danışıqlar ən azından müharibənin yenidən alovlanacağı ehtimallarını aradan qaldırır: “Lakin vasitəçilərin öz aralarındakı soyuq münasibətləri və bir-birinə güzəştə getməmək prinsipi çox zaman sülh danışıqlarını dalana dirəyir. Sirr deyil ki, Qərb Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişində əsas söz sahibi olmaq istəyir və arzulayır ki, Rusiya bu proseslərdən kənarda qalsın. Həm ABŞ, həm Avropa İttifaqı, həm də Rusiya Cənubi Qafqazda davamlı sülhün olmasını istəmir. Əgər Ermənistanla Azərbaycan arasında sülh, daha sonra Ermənistanla Türkiyə arasında normallaşma ilə bağlı saziş imzalansa, o zaman bölgədə Türkiyənin nüfuzu kəskin şəkildə güclənəcək. Türkiyənin Cənubi Qafqazda əsas söz sahibi olmasını isə nəinki yuxarıda adını çəkdiyimiz qüvvələr, heç xristian aləmi istəmir”. T.İsmayılovun qənaətincə, nə rəsmi Moskva, nə də ki rəsmi Brüssel Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etmir: “Bu mənada Kişinyov görüşünün təfərrüatlarını gözləyək. Ən böyük gözləntim odur ki, Avropa strukturları nəhayət ki, Ermənistanla onun başa düşəcəyi dildə danışsınlar. Rusiyadan fərqli olaraq Avropa İttifaqı heç olmasa, delimitasiya və demarkasiya məsələsində Ermənistana ciddi çağırışlar etməlidir. Bu baş verməsə, Ermənistanla Azərbaycan arasında bağlanılmalı olan sülh sazişi bir qədər də gecikəcək”. Ekspert şübhə etmir ki, Türkiyə bundan sonra da hər bir vasitə ilə prosesdə təmsil olunmağa çalışacaq.

Yazı çapa hazırlanarkən Kişinyovda liderlər arasında görüş davam edirdi. Mövzu ilə bağlı təfərrüatları  Musavat.com saytından və qəzetimizin sabahkı sayında tanış ola bilərsiz.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR