İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiberdələduzlarla çətin mübarizə - o haqsızlıqdan sonra...

Ötən il bank kartlarından 22 milyondan çox pul talanıb; Pulunuzu qorumaq üçün nə etməli - mütəxəssis rəyi

Bank kartlarından silsilə qaydada oğurluqlar edilməsi ilə bağlı DİN-in mətbuat xidmətindən vaxtaşırı informasiyalar, xəbərdarlıqlar yayılırdı. Lakin son həftələrdə, xüsusilə də qəhrəman stüardessa Hökumə Əliyevanın atasına məxsus bank kartından külli miqdarda vəsait oğurlanandan və oğru tapılandan sonra belə xəbərlər azalıb. Bu, müvafiq cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi ilə bağlıdır, yoxsa kart oğurluqları artıq ənənə halına çevrilib? Ümumiyyətlə, bank kartı oğurluqlarının üstünün açılması ilə bağlı durum nə yerdədir? 

İT mütəxəssisi Fərhad Mirəliyev “Yeni Müsavat”a bildirib ki, bu halların heç də hamısı KİV-də əks olunmur. Onun sözlərinə görə, hər insanın mətbuata çıxış imkanı olmadığı üçün bu cür məlumatların statistikasını aparmaq mümkün deyil:  “Kiberdələduzların qurbanı olan 90 faiz vətəndaş bu cür məlumatları ictimailəşdirə bilmir. Bu haqda yalnız sosial şəbəkələrdə məlumatlar yayırlar. Bankların özləri də bu cür hallarda hansısa bir statistikanı açıqlamırlar. Vətəndaşın bu kimi problemləri ilə o qədər də maraqlanmırlar, şablon cavablarla məsuliyyətdən yayınırlar. Vətəndaşa deyirlər ki, məlumatları, 3 D kodunu  kiməsə ötürmüsən və s. Ona görə də düşünmürəm ki, kiberdələduzluq hallarının sayı azalıb. Biz bunu dəqiqliklə o zaman bilərdik ki, banklar müəyyən texniki məlumatları açıqlayardılar. Doğrudur, maliyyə məlumatları, dələduzun törətdiyi maliyyə ziyanı, kateqoriyası açıqlanır. Lakin prosesin necə həyata keçirildiyi deyilmir”. 

Hamıya 100 meqabit internet lazım deyil: Bu çəkidə aldatmaq kimi bir  nüansdır -AÇIQLAMA

 Fərhad Mirəliyev

Onun fikrincə, vətəndaşın elə bir hesabı var ki, onun karta bağlılığı yoxdur: “Məsələn, mobil bank tətbiqində əmanət hesabı açıb və yatırım edib. Daha sonra yatırım əmanət hesabından gecə saatlarında oğurlanıb. Həmin vətəndaşa bank deyib ki, məlumatları sızdırmısan. Həmin hesabın kart məlumatları yoxdur. Vətəndaş belə olan halda bunu necə sızdırıb? Həmin vaxt gecə yuxusunda olub və heç bir əməliyyatı icra etməyib, telefonla təması olmayıb. Vətəndaşlarda bu qəbildən şübhə və sual yaranır. Onlara cavab vermək asan deyil. Bank bir açıqlama verməli, aydınlıq gətirməlidir. Vətəndaşa deyirlər ki, telefonunda ”votsap plus" yükləmisən, ona görə olub.  Bu standart, şablon cavabdır. Elə vətəndaş var ki, bildirir ki, heç “votsap plus”u da istifadə etməyib. Düşünürəm ki, proseslər  o zaman şəffaf olacaq ki, banklar cəmiyyətə bir az açıq olsunlar. Vətəndaş da bilsin ki, harada səhv edib ki, dələduzluğun qurbanı olub".

F.Mirəliyev hesab edir ki, mümkün hücum vektorlarından biri də bankların özünün infrastrukturu və vətəndaşın mobil telefonundakı tətbiq ola bilər: “Həm infrastrukturda, həm də vektorda boşluq mümkündür. Tənzimləyici və nəzarətedici orqanlar bura bir az diqqət etməlidirlər. Ola bilsin ki, bu faktlar banklarda var, lakin müştəri itirməmək üçün açıqlamırlar. Hansı bank deyər ki, sistemimə hücum oldu və vətəndaşın pulu çəkildi. Bank öz nüfuzunu, imicini nəzərə alır. Bəs Mərkəzi Bank bunu niyə açıqlamır? Elektron Təhlükəsizlik Xidməti niyə yoxlama aparıb ortalığa fakt qoymur. Doğrudur, kibergigiyena qaydaları açıqlanır, tövsiyələr verilir. Lakin konkret faktlar üzrə işlər yoxdur. Bəlkə də var, açıqlanmır, mən görməmişəm”.  

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, xarici kiber müdaxilələrlə 2024-cü ildə 16804 fakt üzrə vətəndaşlar aldadılaraq bank kartlarından 22 milyon (22.442.838) manatdan artıq vəsait talanıb. Bildirilib ki, ötən il ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsul vasitələrlə saxta link-keçidlərlə 1027 fakt üzrə 2.043.896 manat, alış-veriş səhifələrində elana görə zəng edib şəxsi məlumatları əldə etməklə 411 fakt üzrə 1.196.786 manat, özünü bank əməkdaşı kimi təqdim edib şəxsi məlumatları əldə etməklə 290 fakt üzrə 598.048 manat, mobil telefona kibermüdaxilə yolu ilə 185 fakt üzrə 311.728 manat, bankamatdan pul çıxarılmasına kömək adı ilə 178 fakt üzrə 92.630 manat, oğurlanıb və itirilmiş kartdan 307 fakt üzrə 101.398 manat pul vəsaiti onlayn talanıb.    

İnternet resurslarında vətəndaşları aldatmaqla, lotoreya, qumar oyunları və digərlərində qazanc əldə edəcəyi vədi ilə 471 fakt üzrə 2.450.403 manat, alış-veriş saytlarında müxtəlif əşya satışı ilə bağlı 626  fakt üzrə 292.344 manat, telefon satışına görə 292 fakt üzrə 116.219, avtomobil satışına görə 100 fakt üzrə 121.640 manat, işə düzəldəcəyi vədi ilə 336 fakt üzrə 470.734 manat, kredit vədlərinə görə 501 fakt üzrə 139.600 manat, kirayə ev, avtomobil və digər xidmətlərə görə 343 fakt üzrə 82.370 manat olmaqla, digər üsul vasitələrlə 10000-dən artıq fakt üzrə müxtəlif məbləğlərdə pul vəsaitləri xaricdən idarə olunmaqla başqa-başqa xarici hesablara köçürülüb.

Hər bir fakt üzrə aparılan təhlillər və araşdırmalar göstərir ki, aşkar bilinən kiber talama cinayətləri vətəndaşın bank kartına aid şəxsi məlumatların xaricdə olan naməlum şəxslər tərəfindən ələ keçirilməsi nəticəsində baş verib. Saxta xarici nömrələrdən, profil və səhifələrdən naməlum şəxslərin tələblərinə, təkliflərinə, vədlərinə inanan bank kart sahibləri onunla danışan, yazışan naməlum şəxsin niyətlərini yoxlamadan, araşdırmadan şəxsi məlumatlarını veriblər, şübhəli linklərə keçid ediblər.

Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlara çağırış edirik, şəxsi məlumatları, bank kartı ilə əlaqəli onlayn ödənişlər üzrə - mədaxil və məxarici həyata keçirərkən diqqətli olsunlar, şübhə yaradan bütün təkliflərə ehtiyatla yanaşsınlar, naməlum zənglərə, mesajlara cavab verməsinlər, şübhəli linklərə keçid etməsinlər.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR