Onlayn ictimai-siyasi qəzet
Kanadada siyasi səhnə ötən gün radikal şəkildə dəyişdi.
Musavat.com xəbər verir ki, ölkənin uzunmüddətli baş naziri Castin Trudo istefa verdi və onun yerini keçmiş mərkəzi bank rəhbəri Mark Karni tutdu. Lakin burada maraqlı bir məqam var: Mark Karni Kanadanın xalqı tərəfindən seçilməyib. O, Liberal Partiyasının daxili səsverməsi nəticəsində lider seçilib və bu səbəbdən növbəti seçkilərə qədər müvəqqəti baş nazir kimi fəaliyyət göstərəcək.
Bəs bu maliyyəçi-siyasətçi kimdir? Onun keçmişində hansı sirrlər gizlənir? Kanada siyasətində yeni sima olan Mark Karni ölkəni hansı istiqamətə aparacaq?
⸻
Mark Karninin keçmişi: Haradan gəlib, haraya gedir?
Mark Carni 1965-ci ilin 16 mart tarixində Kanadanın şimalında, Fort Smit, Şimal-Qərbi ərazilərdə anadan olub, lakin uşaqlıq illərini Edmonton, Alberta şəhərində keçirib. Atası məktəb direktoru, anası isə müəllimə olub. Təhsilə xüsusi önəm verən ailədə böyüyən Karni Harvard Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb və daha sonra Oksford Universitetində magistr və doktorantura təhsilini tamamlayıb.
Karyerasına dünyanın ən nüfuzlu maliyyə şirkətlərindən biri olan Goldman Sachs-da başlayan Karni, London, Tokio, Nyu-York və Toronto kimi mühüm maliyyə mərkəzlərində çalışıb. Burada o, suveren risklərin idarə olunması və investisiya bankçılığı sahəsində yüksək vəzifələr tutub.
2003-cü ildə Kanada Mərkəzi Bankına qoşulan Karni 2008-ci ildə bankın sədri oldu və həmin il baş verən qlobal maliyyə böhranında ölkəni uğurla idarə etdi. Onun strateji qərarları Kanada iqtisadiyyatını çöküşdən qorudu və beynəlxalq arenada nüfuzunu artırdı.
Bu uğurlar onu 2013-cü ildə Böyük Britaniyanın Mərkəzi Bankının rəhbəri etdi. O, bu vəzifəyə təyin olunan ilk qeyri-britaniyalı idi və Brexit böhranı, COVID-19 pandemiyası kimi qlobal çətinliklər zamanı bankın idarə olunmasına rəhbərlik etdi.
⸻
Siyasətə gəlişi: Liberal Partiyasının seçimi
2020-ci ildən sonra Karni maliyyə sektorundan siyasətə keçməyə başladı. O, BMT-nin İqlim Dəyişikliyi üzrə Xüsusi Elçisi kimi çalışdı və eyni zamanda Bloomberg L.P. və Brookfield Asset Management kimi iri şirkətlərdə rəhbər vəzifələrdə çalışdı.
Lakin 2025-ci ilin əvvəlində Karni siyasətə tam şəkildə qoşulmaq üçün bütün bu vəzifələrindən imtina etdi. Castin Trudonun istefasından sonra Kanada Liberal Partiyasının daxili seçkilərində qalib gələrək partiyanın lideri oldu.
Lakin qeyd etmək lazımdır ki, Karni xalq tərəfindən seçilməyib. O, yalnız Liberal Partiyası daxilində keçirilən səsvermə nəticəsində lider olub və növbəti ümumi seçkilərə qədər müvəqqəti baş nazir kimi fəaliyyət göstərəcək. Bu isə müxalifət və bəzi seçicilər arasında müəyyən narazılıqlara səbəb olub.
⸻
Tənqidlər və mübahisələr
Mark Karninin siyasi təcrübəsinin olmaması onun liderliyinə dair əsas tənqidlərdən biridir. Müxalifət onun xalqın maraqlarından daha çox beynəlxalq maliyyə institutlarının maraqlarını qoruyacağını iddia edir. Xüsusilə, onun Brookfield Asset Management şirkətindəki fəaliyyəti və maliyyə sektorundakı keçmişi, bəzi dairələrdə ona inamsızlıq yaradıb.
Digər bir müzakirə mövzusu isə onun fransız dili biliyidir. Kanada rəsmi olaraq iki dilli ölkədir və fransız dili ölkənin böyük bir hissəsi üçün əsas dildir. Lakin Karni Liberal Partiyasının lideri seçiləndə onun fransız dili biliyinin zəif olması müxalifət və media tərəfindən kəskin tənqid edilmişdi.
Bundan əlavə, Mark Karninin Böyük Britaniya və İrlandiya vətəndaşlığı daşıması da müəyyən suallar doğurub. O, baş nazir seçildikdən sonra yalnız Kanada vətəndaşlığını saxlayacağını bildirsə də, bu məsələ onun əsl siyasi bağlılığı barədə şübhələr yaradıb.
Kanadada baş nazir dəyişdi, ermənipərəst siyasət də dəyişəcəkmi?
Musavat.com, Kanadanın yeni baş naziri Mark Karninin baş nazir kimi ilk çıxışından bir parçanı təqdim edir və bildirir ki, Mark Karni bu çıxışında Amerikaya, konkret olaraq yeni prezident Trampa açıq şəkildə meydan oxuyur. O bildirir ki, “Amerika bizə hörmət qoymayana qədər biz də Amerikaya adekvat münasibət bəsləməyəcəyik və Amerika mallarına tətbiq edilən 25 faizlik gömrük rüsumunu aradan qaldırmayacağıq.”
Karni "Kanada heç vaxt, heç bir şəkildə Amerikanın bir hissəsi olmayacaq", deyib.
Kanadada, Azərbaycanın da ciddi şəkildə maraqlı olduğu yeni bir dövr başlayır. Castin Trüdonun dönəmində sərt ermənipərəst və anti-Türk mövqe sərgiləyən Kanada hökuməti dəyişəcəkmi? Mark Karni praqmatik maraqlardan çıxış edərək erməni lobbisinin təsirini azaldıb, Kanada-Azərbaycan və Kanada-Türkiyə arasındakı soyuqluğu aradan qaldıra biləcəkmi?
Bu, yaxın gələcək üçün ortaya çıxan əsas suallardan biridir.
@@TVmusavat/110205@@
Erhun Abbaslı, Kanada
Xüsusi olaraq Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ