İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadada dəhşətli meşə yanğını - şəhərlər boşaldılır

Kanadanın şimal-qərb ərazilərində 200-dən çox yerdə baş verən dəhşətli meşə yanğınları ilə bağlı fövqəladə vəziyyət elan edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ölkənin hakimiyyət orqanları yaxınlaşan meşə yanğını ilə əlaqədar əyalət paytaxtının əhalisini təxliyə edir.

Bildirilir ki, Yellounayf şəhərinin 20 min sakini bu gün yerli vaxtla günortaya qədər şəhəri tərk etməlidir. Yanğın şəhərdən təxminən 17 km aralıda baş verib. Daha bir yanğın Hay çayı icmasını təhdid edir.

Mətbuat konfransı keçirən ətraf mühit naziri Şeyn Tompson vəziyyətin pisə doğru dəyişdiyini və yanğınların indi Yellounayf üçün real təhlükə yaratdığını bildirib.

“Şəhərin təhlükə altında olmadığını vurğulamaq istəyirəm. Amma yağış yağmasa, bəlkə də həftəsonuna qədər yanğın şəhərin kənarına çatacaq. Əgər şəhərdə qalmağı seçsəniz, özünüzü və başqalarını təhlükəyə atmış olacaqsınız”, -nazir deyib.

Hay River bələdiyyə başçısı Kendis Ceymson elan edilən evakuasiyaya baxmayaraq, təxminən 3,500 nəfərdən ibarət icmada hələ də təxminən 500 sakin qaldığını bildirib.

Həftənin əvvəlində güclü külək səbəbindən yanğın bir neçə saat ərzində 30 kilometr irəliləyərək şəhərdən çıxan iki magistral yolu bağlayıb.

Merin sözlərinə görə, Hay çayından gedən yol təhlükəlidir, şəhərdə ərzaq və benzin ehtiyatı azalır. Bu ucqar rayonda telefon və internet bağlantısı işləmir.

Kanada ordusu son günlər meşə yanğınları ilə təhdid edilən şimal-qərb ərazilərinin Sleyv bölgəsindəki bir neçə icmadan əhalinin təyyarələrlə köçürülməsi üçün əməliyyat keçirib.

Bu, region tarixində ən böyük hava evakuasiyasıdır. Təxliyə edilənlərin əksəriyyəti cənuba, qonşu Alberta əyalətinə aparılıb. Onların öz evlərinə nə vaxt qayıda biləcəkləri hələlik bəlli deyil.

Fort Smit, K'atl'odeçe, Hay River, Enterpays və Jan Mari River şəhərləri evakuasiya əmri altındadır. Bu həftə baş verən meşə yanğınından sonra 120 nəfərin yaşadığı Enterpraysın sakinlərinin 90%-i qəsəbəni tərk edib.

Məlumata görə, Kanada ölkə tarixinin ən pis meşə yanğınları mövsümünü yaşayır. Bu ölkədə ildə təxminən 1100 meşə yanğını baş verir.

Mütəxəssislər çoxsaylı yanğınlara səbəb kimi yaz fəslinin adi vaxtdan daha isti və quru olmasını göstərirlər. Alimlərin fikrincə, iqlim dəyişikliyi isti və quru hava riskini artırır və bu da öz növbəsində çoxsaylı meşə yanğınlarına səbəb ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR