İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğala məruz qalan biz, Avropa Məhkəməsini bezdirən Ermənistan - Hüquqşünas təklif edir ki...

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (AİHM) Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib. Bu barədə Ali Məhkəmə sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib.

“İnsan Hüquqları üzrə Avropa Məhkəməsi növbəti dəfə Azərbaycana münasibətdə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair Ermənistanın vəsatətini rədd edib”, - o qeyd edib.

Diqqət edin, səlahiyyətli nümayəndənin söylədiyindən aydın olur ki, AİHM növbəti dəfə (!) Ermənistanın vəsatətini rədd edib. Yəni işğala məruz qalan biz, amma Avropa Məhkəməsini öz iddiaları ilə təngə gətirən Ermənistan. Haylar bununla nəyə nail olmaq istəyir? Avropadakı lobbistlərinə güvənirlər? Azərbaycan əleyhinə hansı qərarı keçirmək istəyirlər?

Yəqin ki, bu son da olmayacaq. Azərbaycan bu həyasızlıqlara qarşı hansı addımlar atır? Biz də iddialar qaldırırıqmı?

Tanınmış hüquqşünas, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərin göndərilməsi sahəsində ixtisaslaşan vəkillərdən biri Əsabəli Mustafayev “Yeni Müsavat”a  deyib ki, Avropa Məhkəməsi bir qayda olaraq əsasız şikayət və vəsatətləri qəbuledilməz elan edir: “Azərbaycan müharibə dönəmində erməni silahlı qüvvələri tərəfindən mülki əhaliyə və obyektlərə vurulan ziyanlarla bağlı şikayətlər göndərirdilər. Bu bir istiqamətdir. Hazırda Azərbaycan vətəndaşları, hansıların ki, rayonları, ev-eşikləri ermənilər tərəfindən işğal edilmişdi, 44 günlük müharibədən sonra öz doğma yurdlarına qayıtmaq üzrədirlər. Onların böyük əksəriyyətinin evləri ermənilər tərəfindən darmadağın edilib. Azərbaycan vətəndaşları, hansıların ki, evləri dağıdılıb, onlar fərdi qaydada şikayət verməlidir. Əmlaka, mülkiyyətə dəymiş zərərlə bağlı şikayət verməlidir.

Belə şikayətlər əsaslandırılmış və kütləvi olmaldır. Hər bir müraciət müəllifi əmlakın ona məxsus olmasını təsdiq edən sənədləri və sübutları toplayıb şikayətinə əlavə etməlidir. Azərbaycan hökuməti deyir ki, işğaldan azad edilmiş ərazilərdə dağıdılmış infrastrukturu, evləri, sosial obyektləri və digər yerlə bir edilmiş ictimai iaşə yerlərini bərpa edəcəyik. Bütün bu işlər Azərbaycanın dövlət büdcəsi hesabına olacaq. Halbuki həmin dağıntıları həyata keçirən ermənilər, Ermənistan dövlətinin, hakimiyyətinin diktəsi ilə həyata keçiriblər. Azərbaycan vətəndaşları özlərinin dağıdılmış evlərinə görə Avropa Məhkəməsinə müraciət etməklə Ermənistandan külli miqdarda kompensasiya tələb edə və ala bilər. Bu gün Azərbaycan vətəndaşlarına, hansılar ki, geri qayıtmağa hazırlaşırlar, onları istiqamətləndirmək lazımdır ki, fərdi qaydada şikayətlərini hazırlayıb məhkəməyə göndərsinlər".

Əsabəli Mustafayev Archives - Gözətçi - İnsan Hüquqları

Əsabəli Mustafayev

Əsabəli Mustafayev belə şikayətlərlə bağlı Avropa Məhkəməsinin praktikasına da toxunub: “Avropa Məhkəməsi dövlətlərin şikayətlərindən daha çox fərdi şikayətlərə üstünlük verir. Azərbaycan hökuməti fərdi şikayətçilərə hüquqi yardım göstərə bilər. Erməni tərəfinin hərəkətləri nəticəsində zərərçəkənlərin vəkillə təmin olunma, müəyyən hüquqi xidmətlərin qarşılığında ödəmələrin büdcədən həyata keçirilməsi təşkil edilə bilər”.

Hüquqşünasın sözlərinə görə, Azərbaycan dövləti ermənilərin Azərbaycan torpaqlarında törətdikləri ekoloji terrorla bağlı Avropa Məhkəməsinə şikayətlər təqdim edib: “Dövlətin belə bir şikayət təqdim etməsi çox yaxşıdır. Amma Avropa Məhkəməsi şikayətlərə baxarkən daha çox fərdi şikayətlərə üstünlük verir. Düzdür, yüzlərlə şikayəti hazırlayıb Avropa Məhkəməsinə göndərmək çətindir, amma çox vacibdir. Bu gün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan dövlətinin büdcəsindən infrastrukturun inşası və evlərin tikintisinə xərclənən vəsaitin bir hissəsini gələcəkdə Azərbaycan vətəndaşları Ermənistandan ala bilərlər”.

Həmsöhbətimiz bildirir ki, işğaldan azad edilən ərazilərdə bərpa işləri aparılarkən orada ASAN xidmətlər də fəaliyyətə başlayır: “Həmin xidmətlər sırasında belə şikayətləri hazırlayan hüquqşünaslar ola bilər. Əgər bu uzun çəkəcəksə, səyyar xidmətlər təşkil edib evləri ermənilər tərəfindən dağıdılan vətəndaşlara sənədlərin toplanması, şikayətlərin yazılması istiqamətində dəstək vermək olar. Azərbaycan Vəkillər Kollegiyası bu cür səyyar xidmətlər təşkil edir. Bunun üçün elə də böyük xərclər tələb edilmir. Müəyyən inzibati xərclər var - poçt, kserokopiya xərcləridir, bunun üçün də mənbə tapmaq çətin deyil. Əsaslanmış, arxiv sənədləri ilə bərkidilmiş, sübutlar əlavə edilmiş şikayətlər yazılmalı və tez bir zamanda Avropa Məhkəməsinə göndərilməlidir. Şahid ifadələri alınmalı və rəsmiləşdirilməlidir”.

Əsabəli Mustafayev deyir ki, 44 günlük müharibədən öncə Avropa Məhkəməsinə işğal nəticəsində evlərindən didərgin düşmüş Azərbaycan vətəndaşlarının şikayətlərini Avropa Məhkəməsinə göndəriblər: “Bizim şikayətlərimizə müharibədən sonra baxıldı. Azərbaycandan bu qəbildən olan 60-a yaxın şikayət göndərilmişdi. Ermənistandan isə 1400 belə şikayət Avropa Məhkəməsinə daxil olmuşdu. Avropa Məhkəməsi müddətin ötməsi üzündən bizim və ermənilərin verdiyi şikayətlərə baxmadı. Qərarı belə əsaslandırdılar ki, Azərbaycanın torpaqları 1991-93-cü illərdə işğal olunub, Azərbaycan Avropa Şurasına 2003-cü ildə qəbul edilib. Şikayətlər isə Avropa Şurasına üzv qəbul ediləndən 10 il sonra göndərilib. Bu şikayətlərin Avropa Məhkəməsinə təqdim edilməsinin bir xeyri oldu ki, məhkəmə ermənilərin 1400 şikayətinə eyni əsasla baxmadı”.

Əsabəli Mustafayevə görə, müddət məsələsini nəzərə almaqla Azərbaycan vətəndaşlarının tez bir zamanda Avropa Məhkəməsinə müraciət etmələrini təşkil etmək vacibdir: “Ermənilər tərəfindən dağıdılmış evlər bərpa olunmazdan əvvəl, tez bir zamanda foto-videoya alınmalı, aktlaşdırılmalı, dəymiş zərər müəyyən edilərək Avropa Məhkəməsinə göndərilməlidir. Bu prosesi 2-3 il uzatsaq, əvvəlki qərarla üz-üzə qalacağıq. Deyəcəklər ki, torpaqları 2020-ci ildə işğaldan azad etmisiz, şikayəti isə gec vermisiz. Bu cür əsasla şikayətlərə baxılmamasının qarşısını almaq üçün hüquqşünasları, vəkilləri bu gündən səfərbər etmək lazımdır ki, gecikməyək. Ermənilər haqsız olsa da, bunu edirlər. O zaman da Ermənistan hüquqşünas və vəkillərdən ibarət bir komanda formalaşdırmışdı, onlara yüksək maaş verirdilər ki, dayanmadan Avropa Məhkəməsinə şikayət yazsınlar. Ona görə də Avropa Məhkəməsinə qısa müddətdə 1500-dən çox şikayət göndərə bilmişdilər. O vaxt Avropa Məhkəməsi bizim və ermənilərin şikayətlərinə baxsaydı, bizim ödəyəcəyimiz zərər qat-qat artıq olardı”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR