Onlayn ictimai-siyasi qəzet
Restoranlar, istirahət mərkəzləri, fermer təsərrüfatları, böyük supermarket və daha nələr...
Prezident İlham Əliyev Qusar Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Şair Balaşərif oğlu Alxasov Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olub.
1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib. Əmək fəaliyyəti dövründə “Azərelektroterm” İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, “Bərpaçı-A” MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışıb.
2007-ci ilin dekabrından Qusarın icra başçısı idi.
Qusarın sabiq icra başçısı haqda indiyədək bir çox məlumatlar yayılıb. Məsələn, bildirilir ki, Alxasov rayon ərazisində müxtəlif obyektlərə malikdir. Onun gəlir qaynaqları arasında restoranlar, istirahət mərkəzləri, fermer təsərrüfatları və böyük supermarketlər var. İcra başçısı təyin edilməmişdən əvvəl Şair Alxasov Bakıda biznes fəaliyyəti ilə məşğul olub. Qusarda son vaxtlar vətəndaşların yerli rəhbərlikdən narazılıqlarının artdığı, bu səbəbdən də Bakıya - əlaqədar qurumlara ünvanlanan şikayətlərin çoxaldığı da iddialar sırasındadır. (Xeberinfo.com). Başqa bir yazıda isə iddia olunur ki, Prezident Administrasiyasına və digər dövlət qurumlarına ən çox barəsində şikayət edilən rayonlardan biri, bəlkə də birincisi Qusar rayonudur.
“Ümumiyyətlə, hazırda turizm sarıdan əhəmiyyətini nəzərə alan məmurların Qusarı işğal etdikləri aydın görünür. Rayon ərazisi az qala vəzifəli şəxslər arasında pay-püş edilib. Bunun isə yerli sakinlərə faydası əlbəttə, yoxdur. Əksinə, onlar ciddi problemlərlə üzləşir, torpaq sahələrini, örüşləri itirir, mənzərəli yerlərə həsrət qalıblar. Sabiq başçısı ilə bağlı daha bir maqarlı iddianı da var. Onların sözlərinə görə, Şair Alxasov yerli müəssisə və təşkilatların, bələdiyyələrin rəhbərləri ilə sərt davranışı ilə seçilib.
Daha bir iddia da budur ki, Şair Alxasov icra başçısı təyin olunandan sonra rayonda özü üçün hektarla torpaq sahəsi ayırıb. Bildirilir ki, onunla yanaşı, müavinləri və şöbə müdirləri də ənənəvi şəkildə torpaqları ələ keçiriblər. Şair Alxasovun “Azerenerji”nin sabiq prezidenti Etibar Pirverdiyevlə vaxtilə şərikli biznesi olduğu da bildirilir. Belə ki, Qusar meşələrindəki ağacları qırmaqla, özlərinə məxsus olan mebel və parket sexlərinə cökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz, cır armud və s. kimi qiymətli ağaclar gətirilir, ilkin emaldan çıxaraq Bakıya daşınırmış. “Şair Alxasovun nüfuzlu məmurlardan birinin adından istifadə edərək, uzun illərdən bəri torpaq, bağ sahibi olan əhalini müxtəlif üsullarla malik olduqları torpaq sahələrindən imtina etməyə vadar etdiyini deyən mənbə iddia edir ki, kimini həmin nüfuzlu məmurun adından istifadə etməklə qorxudaraq, kimini isə çox ucuz qiymətə bağ yerini satmağa məcbur edərək böyük bir kampaniya aparan icra başçısı və onun yaxın adamları artıq onlarla bağ sahəsini, geniş əraziyə malik torpaqları ələ keçiriblər” deyə, dia.az-ın yazısında iddia olunub.
Onun koronovirus pandemiyası vaxtı sahibkarlardan və məmurlardan pul toplasa da, onu rəsmi qaydada Koronavirusla Mübarizə Fonduna köçürmədiyi barədə də internet resurlarda məlumata rast gəlmək mümkündür.
Bu illər ərzində onun icra başçısı vəzifəsindən çıxarılacağı haqda da çoxsaylı yazılar var.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ