Onlayn ictimai-siyasi qəzet
Noyabrda Bakıda keçiriləcək COP29 tədbirini səbirsizliklə gözləyirəm. Azərbaycan Respublikasının bu konfransa ev sahibliyi etməsi böyük nailiyyətdir.
Bu sözləri Azərbaycan Respublikasının İrlandiya Respublikasının Dublin şəhərində yeni təyin olunmuş ilk fəxri konsulu Terri Leyden AZƏRTAC-a eksklüziv müsahibəsində deyib. O, İrlandiya Respublikasına fəxri konsul təyin olunmaqdan böyük şərəf duyduğunu deyib.
Terri Leyden Azərbaycanın COP29 kimi mühüm beynəlxalq konfransa ev sahibliyi etməsinin önəmindən danışıb. O, bu gün dünyada çoxlu böhranların olduğunu deyib və əlavə edib ki, iqlim dəyişikliyi bütün dünyaya təsir edən böhrandır. Fəxri konsul Azərbaycanın bu böyük böhranın qarşısının alınması istiqamətində çox yaxşı işlər gördüyünü əlavə edib.
O, Azərbaycan və Ermənistan arasında daha sıx münasibətlərin yaranacağını səbirsizliklə gözlədiyini də bildirib: “Ermənistan da COP29-a ev sahibliyi etmək üçün müraciət etmişdi, daha sonra onlar öz namizədlik təkliflərini geri götürərək Azərbaycana dəstək oldular. Bu, Birləşmiş Millətlər Təşkilatının ən mühüm beynəlxalq konfransıdır və çox vacib tədbirdir. Ermənistanın bu dəstəyi iki ölkə arasında əlaqələrin yaxşılaşdığını çox aydın şəkildə göstərir. Bu, düzgün istiqamətdə çox yaxşı addımdır”, - deyə Terri Leydən qeyd edib.
Fəxri konsul iki ölkə arasında davamlı sülhün yaranmasına ümid etdiyini dilə gətirib və qeyd edib ki, buna nail olmaq üçün Azərbaycan və Ermənistanla işləməyi səbirsizliklə gözləyir.
Terri Leydən Azərbaycanın müstəqillik əldə etdikdən sonra çox şeyə nail olduğunu və güclü iqtisadiyyat qurduğunu deyib: “Azərbaycan SSRİ-dən ayrıldıqdan və müstəqilliyini əldə etdikdən sonra qısa müddət ərzində dünyanın ən güclü ölkələrindən birinə çevrilib. Bunun Azərbaycan xalqının böyük bir nailiyyəti olduğunu düşünürəm. İrlandiya Respublikasının keçmiş ticarət naziri kimi mən iki ölkə arasında qarşılıqlı ticarəti inkişaf etdirmək niyyətindəyəm. Biz təhsil, ticarət və kommersiya sahəsində böyük imkanlar yaratmış olan İrlandiya Respublikası ilə daha yaxşı ticarət əlaqələrini inkişaf etdirə bilərik. Gələcəkdə ölkələrimizin daha da yaxın olması üçün əlimdən gələni edəcəyəm”.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ