Onlayn ictimai-siyasi qəzet
Ermənistan hakimiyyətinin sülh boşboğazlığı səngimir. Rusiya və Qərb arasında artıq absurd məzmun almış “iki stul” siyasəti də öz yerində. Qapıbir qonşularla təcili dil tapıb normal ölkələr və xalqlar kimi dinc-yanaşı yaşamaq əvəzinə, xoşbəxtliyi yenə axmaqcasına uzaqlarda, okeanın o tayında axtarırlar...
“Bizim cəmiyyətimiz Avropa İttifaqının (Aİ) bir hissəsi olmağa qərar verib”. Bunu ötən gün Latviyada səfərdə olan Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Bir neçə gün öncə parlamentdə Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirilməsi məsələsinin müzakirə olunduğunu xatırladan spiker “düşünürəm ki, yaxın gələcəkdə bizdə bu referendum olacaq və əminəm ki, xalqımız “hə” deyəcək”, - əlavə edib. Onun fikrincə, Ermənistan Avropa İttifaqının bir hissəsi olmaq istəyir.
Guya erməni xalqı Avropa İttifaqına “hə” desə, nə dəyişəcək, nə qazanacaq ki? Ermənistan daha təhlükəsiz halamı gələcək, yoxsa əhalisi o saat ağ günə çıxıb rifaha qovuşacaq?
Sanki Avropa Birliyi də neçə vaxtdır elə oturub Ermənistanın xiffətini edir, səbirsizliklə onun yolunu gözləyir. İki əsas qonşusu – Azərbaycan və Türkiyə ilə faktiki müharibə vəziyyətində olan və ədalətli sülhdən israrla yayınan Ermənistanın...
Məsələ də ondadır ki, Bakı və Ankara ilə münasibətlər qaydaya salınmayınca, o sırada sülh müqavilələri imzalanmayınca Ermənistan adlı qondarma dövlət lap “Şeytan İttifaqı”na qoşulsun, vəziyyət onun xeyrinə dəyişməyəcək!
Üstəgəl, İrəvan əslində Aİ üzvlüyünə ən əvvəl Bakı və Ankaraya qarşı əlavə qalxan vasitəsi kimi baxır, nəinki böyük sülhü yaxınlaşdırmağa yardım edəcək qurum olaraq. Bunu anlamaq üçün xüsusi analitik qabiliyyətə lüzum yox...
“Uzunmüddətli sülh üçün dəstəyə ehtiyacımız var. Bizim qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur”. Bunu da Simonyan öz açıqlamasının davamında söyləyib.
Gözünün içinə kimi yalan danışır təbii ki. Kapitulyant Ermənistan “uzunmüddətli sülh” naminə yox, məhz vaxt udmaq və revanşist planı həyata keçirmək üçün Qərbdə dəstək axtarır. Altdan-altdan hücum silahları almağın tək anlamı da bu.
Əks halda İrəvan 44+1 günlük müharibədən sonra da öz konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının qalmasına normal baxmazdı, ATƏT-in üzdəniraq, de-fakto mövcud olmayan Minsk Qrupunun de-yure ləğvi ilə bağlı Bakının çağırışını geri çevirməzdi...
Yəni məntiq pıçıldayır ki, Simonyan “bizim qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur” sözlərində azacıq səmimidirsə, ümumiyyətlə İrəvan beynəlxalq hüquq normalarına sayğılıdırsa, niyə özünün “əsas qanun”unu beynəlxalq hüquqa uyğunlaşdırmağa tələsmir? Xeyir ola? Nəyi və kimi gözləyir? Xaricdən kiminsə güclü təzyiqini və ya növbəti “dəmir qapaz”ımı?
Müxtəsəri, biz sözə inanaq, ya gördüklərimizə? Əlbəttə ki, ikinciyə...
Ondansa obyektiv olmazmı ki, Aİ-yə üzvlüklə bağlı referenduma Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları haqda mənfur və məlum konstitusiya müddəaları da çıxarılsın?
Bəzi ehtimallara görə, bu variant istisna deyil. Yalansa, gerçək olsun və nəhayət, haylar “müstəqillik” dövründə heç olmasa, bircə ağıllı-başlı qərarları, müsbət davranışları ilə bizi, bəşəriyyəti yaxşı anlamda təəccübləndirsinlər. Hərgah, bu, bizim tanıdığımız tayfadırsa, inam çox azdır. O da əgər varsa...
Z.SƏFƏROĞLU
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ