Onlayn ictimai-siyasi qəzet
Paşinyanın konstitusiya islahatlarına 2026-da getməsi sülh sənədinin imzalanmasını yubadır - təhlilçilərin fərqli rəyi
“Ermənistanda demokratiya və qanunun aliliyinin gücləndirilməsi üçün dörd istiqamətdə addımlar atılır”. Bunu fevralın 25-də Ermənistan-Avropa İttifaqı Parlament Tərəfdaşlığı Komitəsinin İrəvanda keçirilən 4-cü iclasında ölkənin ədliyyə naziri Srbuhi Qalyan deyib.
Onun sözlərinə görə, belə addımlardan biri də konstitusiya islahatlarıdır. “Müvafiq şura var, konstitusiyanın konsepsiyası hazırlanıb və biz indi konstitusiyanın yeni mətni üzərində işləyirik, götürülmüş öhdəliyə uyğun olaraq, sənəd 2026-cı il seçkilərinə hazır olmalıdır. Konstitusiyada insan hüquqları, o cümlədən sosial-iqtisadi hüquqlar ön plana çəkiləcək, həmçinin hökumətin nizamı, müxtəlif dövlət orqanlarının yeri və rolu ilə bağlı bir sıra müddəalar olacaq və təbii ki, bir çox başqa müddəalar da var”.
Nazirin bu açıqlaması o deməkdirmi ki, Bakı ilə sülh sənədi gələn ildən tez imzalanmayacaq? “Yeni konstitusiya layihəsi 2026-cı il seçkilərinə (iyun, 2026 - red.) hazır olmalıdır” nə demək? Ermənistan 2025-də də “ağ qoşa” qoymaq istəyir? Bəs 2026-cı il seçkilərinə qədər tərəflər hansı məsələlərdə irəliləyiş əldə etməlidirlər? Yeri gəlmişkən, bu arada Ermənistanın XİN başçısı Ararat Mirzoyan fevralın 25-də BMT-nin tədbirində Azərbaycan əleyhinə irəli-geri bir sıra fikirlər səsləndirib. Həmin çıxışı zamanı erməni nazir ölkəsini yenə “sülhpərvər” qismində göstərməyə çalışıb. O iddia edib ki, guya Azərbaycan Ermənistana mütəmadi olaraq torpaq iddiası irəli sürür. Onun sözlərinə görə, Azərbaycanın bəyanatları 1991-ci ildə bir-birinin ərazi bütövlüyünü tanımasına baxmayaraq, Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaqda davam edir. Bunun ardından Mirzoyan iddia edib ki, guya onlar regionda sülhün tərəfdarıdırlar.
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan referendumu gərək yubatmasın. Onun fikrincə, Rusiyanın artan təzyiqləri fonunda Paşinyanın mövqeyi zəifləyə bilər: “Ermənistanda iqtidar parlament seçkilərində qələbəni təmin edib, sonra referenduma getməyi planlaşdırır. Paşinyan komandası fikirləşir ki, seçkidə uğur qazanmaqla rəqibləri daha da heydən salmış olacaqlar və müqavimət gücü qalmayacaq, bu da referendumu keçirməyi asanlaşdıracaq. Ancaq Rusiyanın müharibədən başının açılıb yenidən İrəvana təsirləri güclənə bilər. Onun üçün konstitusiyanı tez dəyişmək yaxşı olardı. Hər halda, bu addım atılacaq. Ümid edirəm ki, proses müsbət məcrada inkişaf edir. Bəli, bu il sülh sənədi imzalanmaya bilər, amma 2026-dək tərəflər xeyli yol qət etmiş olacaqlar ki, bu da etimad mühitini möhkəmləndirəcək”.
Elxan Şahinoğlu
Analitik Elxan Şahinoğluna görə, Ermənistan müxalifətinin yeni konstitusiyanın qəbulunun vacibliyi barədə cavab verməyə taqəti qalmayıb: “Müxalifət "Konstitusiyaya dəymə" tələbini irəli sürə bilmir. Bilir ki, onu eşidən olmayacaq. Bu səbəbdən Paşinyan müxalifətə boylanmadan konstitusiyanı dəyişib Azərbaycanla sülhü yaxınlaşdıra bilər. Ancaq Paşinyan konstitusiyanı dəyişdirmək məqsədilə referendumu gecikdirməməlidir". Ekspertin fikrincə, Paşinyan nə qədər ki, müxalifətdən güclüdür, referendumu keçirib, özünün də söylədiyi kimi, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışmalıdır, yəni bu işi 2026-ya qədər uzatmamalıdır.
Siyasi ekspert Məhəmməd Əsədullazadə güman edir ki, Paşinyan dəyişən geosiyasi reallıqları ölkəsinin əleyhinə işləməməsi üçün konstitusiyada dəyişikliyin vacib olduğunu başa düşür: “Azərbaycanın təklifi Ermənistan tərəfindən qəbul edilir. Zəngəzur dəhlizindən maneəsiz gediş-gəliş təmin olunmasına da razıdır. Konustitusiyadan və qanunvericilik bazasından Azərbaycan və Türkiyə qarşı ərazi iddiaları, qondarma soyqırım bəndləri də çıxarılacaq. Ermənistan hakimiyyəti "Tarixi Ermənistandan" imtina edir və “real Ermənistanın” təhlükəsizliyi, müstəqilliyi üçün yeni konsepsiya hazırlayır. Bu da sülh prosesini yaxşılaşdırır. Amma Ermənistan silahlanmanı durdurmalıdır".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
27 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ