Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Ermənistan arasında razılaşdırılmış sülh sənədi layihəsinin nə vaxt imzalanacağı məlum deyil. Daha doğrusu, bu, müstəsna olaraq İrəvandan asılıdır. Çünki İrəvan öz ölkə konstitusiyasına müvafiq dəyişikliyi etməlidir. Bəs ona qədər sənəd layihəsinin ictimailəşməsi mümkündürmü?
“Vaxtın çatdığını anlayanda mətni dərc edəcəyik. Məsələ Azərbaycanın bunu dərc edib-etməyəcəyində deyil. Biz mövcud problemlərdən sığortalaya biləcəyimizə qərar verdik və həll yolunu tapdıq. Dərclə bağlı müzakirələr olacaq. Biz birtərəfli qaydada heç nə etmək istəmirik. Ermənistanın Azərbaycana ərazi ambisiyalarının olmadığını, beynəlxalq tərəfdaşlar üçün etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirmək naminə bunu etmək istəmirik”.
“Yeni Müsavat” bildirir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakı və İrəvan arasında razılaşdırılmış sülh sənədi mətninin birtərəfli qaydada dərcinin mümkünlüyü haqda danışarkən belə deyib.
Simonyan ardınca özündənrazı şəkildə iddia edib: “Son bir neçə il ərzində Ermənistan gündəmi müəyyən edən və ona uyğun hərəkət edən tərəf olmağı bacarıb. Məğlubiyyətimizdən sonra bu, çox çətin idi, amma biz buna nail olduq”.
Simonyan nə sayıqlayır? Doğrudanmı Azərbaycanla danışıqlarda gündəmi İrəvan diktə edir?
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, danışıqlarda diktə edən Azərbaycandır. O, bunu bir neçə aspektdən sübut edir: “Əvvəla, Bakı danışıqların ikitərəfli modeldə aparılmasında israr etdi və istəyinə çatdı. Ermənistan çox çalışdı ki, xüsusən də Brüsselin və Vaşinqtonun vasitəçiliyindən istifadə etsin. Hətta Fransanı moderator kimi müzakirələrə daxil etmək istəyirdi, heç biri keçərli olmadı. Eləcə də Rusiyanın vasitəçi olmaq cəhdləri alınmadı. Azərbaycan üçüncü tərəfin iştirakı olmadan Ermənistanla sülh danışıqlarını davam etdirmək xəttini hamıya qəbul etdirdi və İrəvan da hesablaşmalı oldu”.
Professorun fikrincə, Bakının sülh gündəmini müəyyən etməsini isbatlayan ikinci detal sərhəddən üçüncü qüvvənin çıxarılması tələbini Ermənistanın qəbul etməsidir: “Elə razılaşdırılan son iki maddədən biri bu idi. Nəhayət, İrəvan buna da "hə" deməli oldu".
Q.Hüseynlinin sözlərinə görə, anklav olmayan kəndlərin qaytarılması, Minsk Qrupunun ləğvi ilə bağlı erməni tərəfinin yavaş-yavaş yola gəlməsi də Bakının danışıqlarda dominant olduğunu sübut edir: “Azərbaycan qalibdir və məğlub, rəzil, işğalçı heç zaman sülh prosesində diktə edən, şərtlərini qəbul etdirən tərəf ola bilməz. Ona görə də Bakının əsas və fundamental tələbini də yerinə yetirəcəyini gözləyirik. Hətta əminəm ki, Ermənistan gec-tez razılaşacaq. Söhbət konstitusiyaya dəyişiklik çağırışından gedir. Artıq gələn il referendumdur və yeni konstitusiyada ərazi iddiaları yer almayacaq. Çünki Ermənistanın ədliyyə naziri də son çıxışında etiraf etdi ki, yeni konstitusiya sülhə təhlükə yaratmayacaq. Deməli, özləri də sətiraltı məna ilə işarə edir ki, indiki qanunvericilik sülhə təhlükə yaradır, onu dəyişmək lazımdır. Bu anlamda, Simonyan böyük səhvə yol verir və sülh gündəmini Azərbaycanın müəyyən etməsi yuxarıdakı faktlarda öz əksini tapmaqdadır”.
Ramiyə Məmmədova
Siyasi təhlilçi Ramiyə Məmmədova sülh masasında Azərbaycanın əlinin güclü olduğunu, bununla belə, barışıq üçün bərabərhüquqlu davrandığını düşünür. Onun sözlərinə görə, Azərbaycan nə deyirsə, Ermənistan mərhələli şəkildə onu edir: “Hətta bəzi revanşist erməni deputatlar Paşinyan hakimiyyətini təslimçilikdə ittiham edirlər. Onlar iddia edirlər ki, Paşinyan Əliyevin hər sözünü eşidir və sözə qulaq asır. Bu, təbii ki, təbliğatdır və cəmiyyəti qızışdırmaq üçün təhrikedici çıxışlardır. İstisna etmirəm ki, Simonyan da parlamentdə belə bəyanatları nəzərə alaraq, daxili auditoriyaya üçün həmin fikirləri səsləndirib. Halbuki erməni spiker masada kimin güclü, kimin zəif olduğunu yaxşı başa düşür. Hətta məğlub olduqlarını bu açıqlamada dilə gətirir. Sadəcə, növbəti həyasızlıq və təkəbbür hiss olunur. Amma biz daha çox başqa məsələlərə diqqət yetirməliyik”.
Siyasi şərhçiyə görə, Azərbaycan İrəvandan gələn hər avaza fikir verməli deyil, 5 bəndlik baza prinsipi əsasında sülh müqaviləsinin imzalanmasına nail olmalıdır: “Özəlliklə də qanunvericilik aktlarına dəyişiklik qaçılmazdır. Ermənistan bu islahata getməli olacaq. Sadəcə, bu proses ağrısız reallaşdırılır. Çünki referendum keçirmək və xalqın qərarı ilə Qarabağa olan iddianı aradan qaldırmaq ağır məsələdir. Paşinyan bilir ki, əks-effekt verə, xalqı ayağa qaldıra bilər. Ona görə mərhələli iş aparır. Buna o zaman nail olacaq ki, xalqı tam ram edəcək. Sonra dəyişiklik olacaq. Ardınca da bu qərarın məsuliyyətini təkcə özü daşımadığını bəyan edəcək. Ona hər hansı ittiham irəli sürəndə deyəcək ki, xalq özü Türkiyə və Azərbaycana olan ərazi iddialarından imtinaya səs verib. Yəni bu məsələdə xalqı şərik qoşacaq. Odur ki, biz bu mürəkkəb işin həllini gözləməliyik, yekun sülh sənədinə nail olmalıyıq. Bəzən Bakıdan reaksiyalar erməni cəmiyyətini Paşinyana qarşı qaldıra da bilər. Bizə isə hazırkı erməni hakimiyyəti sərfəlidir ki, bu tarixi məsələni kökündən həll edək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
20 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ