Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülh bağlanacaqmı? Təzə ilin əsas suallarından biri budur. Çünki bölgəmizdə sabitlik böyük ölçüdə həmin suala cavabdan asılıdır. Cavabı da ki, əslində hamıdan yaxşı erməni xalqı bilir: o, gerçəkdən sülh istəyir, ya yox?..
“Sülh imkanları heç vaxt bu qədər yaxın olmayıb. Biz bir çox məsələlərdə bir-birimizlə razılaşmaya bilərik, amma bu məsələdə həmrəy olmalıyıq”.
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Yeni illə bağlı sosial şəbəkə hesabında yazıb.
“Biz bütün qonşularla normal münasibətlər qurmalıyıq. Bəli, çətindir, amma kin-küdurətə, dözümsüzlüyə, tarixdə və reallıqda daha güclü, daha yaxşı nəsə axtarmağa, eləcə də özünü tərifləyib digərindən üstün tutmaq kimi çirkin vərdişlərə son qoymalıyıq. Gəlin elə bir mühit yaradaq ki, övladlarımız dinc, xoşbəxt və qayğısız həyat yaşasın. Bunu nəsillərimizə əsl miras olaraq qoymağa çalışmalıyıq”, - spiker əlavə edib.
Necə deyərlər, “avazın yaxşı gəlir, oxuduğun Quran olsa”. Təəssüf ki, Alen Simonyan hələ erməni xalqı demək deyil. Bu da iki təptəzə kontr-fakt.
Dünən – yanvarın 1-də İrəvanda nasist-daşnak, Türk düşməni, quldur Qaregin Njdenin doğum günü şərəfinə faşist marşı keçirilib. Yürüş-marş zamanı nasist şüarlar səsləndirilib. Və bu insana nifrət dolu ideologiyanın daşıyıcılarına qarşı polis tədbir görməyib, aksiyaya müdaxilə etməyib.
Yada salaq: bu o Qaregin Njdedir ki, “Axırıncı türk lal, kar, kor da olsa, öldürülməlidir” son dərəcə irqçi ifadəni erməni xalqının “mübarizəsi” üçün baş şüar seçmişdi. Belə bir əbləh-yaramazı, həşəratı erməni toplumu özünə hələ də kumir hesab edir, hətta 8 il öncə İrəvanın mərkəzində ona 10 metrlik abidə ucaldıb, Njdenin insanlıq əleyhinə olan murdar irsini həvəslə yaşadır...
Keçək İkinci kontr-fakta.
Xəbər verildiyi kimi, Ermənistanın 32 illik “müstəqillik” dövründə ilk dəfə dövlətə bağlı İTV kanalında katolikosun - II Qareginin Yeni il təbrikini yayımına icazə verilməyib. Nə canlı, nə də lent yazısına. Paşinyan yasaq qoyub.
Sosial şəbəkələrdə əsl mərəkə də bundan sonra qopub. İTV-yə qarşı etiraz aksiyası keçirilib. Biri hətta binanın önünə “TRT 1” plakatı qoyub. Guya telekanal türklərə satılıb. Özünü hüquqşünas-vəkil sayan revanşist-türkofob David Tumasysn isə hökumətin qərarını utanmazcasına “erməni kilsəsinə, ümumiyyətlə dinə qarşı demarş” adlandırıb. Halbuki hamıdan yaxşı elə bu üzdəniraq hüquqşünas bilməli idi ki, əgər Ermənistan dünyəvi dövlətdirsə, hər hansı demarşdan söhbət gedə bilməz...
Paşinyan isə sözsüz ki, düz edib katolikosa “Stop” qoydurub. Diqqət edin, postsovet ölkələrinin heç birində dini lider Yeni il bağlı dövlət TV-də çıxış etmir. Belə bir ənənə yalnız Ermənistanda var imiş. İndi o, ləğv olunur. Axı ilin-günün bu vaxtında kimə lazımdı qonşu xalqa qarşı nifrət püskürən katolikosun terrora çağıran növbəti avantürist teleçıxışı?
Əlbəttə ki, ən əvvəl erməni cəmiyyətinin radikal revanşist kəsiminə. Daha sonra hələ də göylərdən yerə enmək istəməyən, “böyük ermənistan” xülyası ilə yaşayan, türkləri az qala “millət” saymayan, “türk” sözünü özünə təhqir bilən, bütün bəşəriyyəti nəyə görəsə “əzabkeş xalq”a borclu sayan patoloji xəstə təfəkkürlü ünsürlərə. Bütövlükdə başdan xarab vəhşi qövmə və onu ayaqda saxlamağa.
Bəs bunlar erməni toplumunun neçə faizini təşkil edir – 10, 20, 40, 60, yoxsa... elə tam 100 faizini? Bax, bu suala cavabdan asılı olacaq 2024 erməni xalqına nəhayət, dinclik, əmin-amanlıq gətirəcək, yoxsa onu sonuncu hay qalanadək məhvə sürükləyəcək.
Özləri bilər, asi çıxdıqları allahları bilər. Taleləri həmişəki kimi, öz əllərində...
Siyasət şöbəsi,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ