İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan və havadarları seçim qarşısında: bu şans da qaçırılsa...

“Bu baş verməyincə, Azərbaycan Ermənistanı haqlı olaraq cəzalandırmağa çalışacaq...”

Bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti dəfə bir araya gələcəyi gözlənilir. Azərbaycan tərəfi ümidlidir ki, bu görüşdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq. Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada avqustun 27-də keçirilən konfransda deyib.

Daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın yaradılması barədə razılıq əldə olunduğunu xatırladan H.Hacıyev onu da bildirib ki, Bakının İrəvana sülh təşəbbüsü masa üzərində əbədi qalmayacaq. Bu, əslində İrəvanın sülh oyunbazılığından bezən Bakının ona “sülh istəmirsənsə, yenə müharibə alacaqsan” mesajıdır. Yaxud Ermənistan ərazi bütövlüyümüzü tanımayacaqsa, onun da ərazi bütövlüyünün tanınmayacağı haqda daha bir xatırlatmadır.

Bu mənada budəfəki Brüssel görüşü yetərincə kritik xarakterli olmaqla bərabər, ondan ehtiyatlı gözlənti də var. Çünki əvvəlki görüşlərdə əldə olunan kövrək anlaşmalar Nikol Paşinyan tərəfindən ya sabotaj edilib, ya da təhrif. Bu dəfə də belə olmayacağına inam güclü deyil.

Bəs Paşinyan bu şansı da qaçırsa, yəni nəticə yenə neqativ olsa, Bakının adekvat addımları nə olacaq? Azərbaycan Prezidenti İlham Əliyev Nikol Paşinyanla sonrakı görüşlərdən imtina edə bilərmi? Hər halda, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, görüş xətrinə görüşlərə qatılmaq niyyəti yoxdur.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə keçirilən son görüş bu il mayın 22-də olmuşdu: “Bu görüşdən sonra Şarl Mişel açıqlamışdı ki, növbəti görüş iyulun sonu və ya avqustun sonunda ola bilər. İyulda olmadı, avqustun sonu ilə bağlı deyilən isə reallaşır. Yəqin ki, 31 avqust görüşündə həm keçən görüşlərdəki razılaşmaların necə yerinə yetirildiyinə bir baxış həyata keçiriləcək, həm də gələcək planlar barədə fikir mübadiləsi aparılacaq. Təəssüf ki, əvvəlki razılaşmalar Ermənistan tərəfindən yerinə yetirilmir. Nikol Paşinyan bu məsələlərin həyata keçirilməsini yubadır. Nə sərhədlər müəyyənləşir, nə kommunikasiyalar xəttinin açılması istiqamətində ciddi addımlar var, nə də sülh sazişi hazırlanır.

Ona görə də Hikmət Hacıyev də haqlı olaraq bildirib ki, artıq sülh sazişinin hazırlanması üçün masa üzərində iş başlamalıdır, komissiya yaradılmalıdır. Bu, müsbət təklifdir. Hikmət Hacıyev bu yaxınlarda özü Brüsseldə olub və Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla görüşmüşdü. Ola bilsin ki, həmin görüşdə bu barədə fikir mübadiləsi aparılıb. Amma Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşündən də ciddi nəticə çıxmasa, Ermənistan tərəfindən konkret ciddi addımlar atmaq əvəzinə söz oyunu oynamaq cəhdi olarsa, düşünürəm ki, Azərbaycan məsələləri daha kəskin formada həll etmək məcburiyyətində olacaq. Qarabağla bağlı isə fikir mübadiləsi aparmaq mümkün deyil. Çünki Qarabağ Azərbaycanın daxili mövzusudur".

Politoloq vurğuladı ki, Brüssel görüşündən sonra Qarabağdakı separatçılar silahlarını yerə qoymasalar, mümkündür ki, yenidən antiterror əməliyyatları həyata keçirilsin: “Lakin hər halda, görüşdən əsas gözlənti, Hikmət Hacıyevin də dediyi kimi, sülh sazişinin mətni üzərində işə başlamaq üçün işçi qrupunun yaradılmasıdır. Üçtərəfli işçi qrupu da ola bilər - Avropa İttifaqı, Azərbaycan və Ermənistan. Sülh sazişi imzalanarsa, digər məsələlərin həlli də sürətlənər. Kommunikasiya xətlərinin açılması və sərhədlərin müəyyənləşməsi kimi məsələlər həyata keçər. Əsas odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın. Çünki bu baş verməyincə, həm bölgədə gərginlik davam edəcək, həm də Azərbaycan Ermənistanı haqlı olaraq cəzalandırmağa çalışacaq. Əgər bir qonşu sənin ərazi bütövlüyünü tanımırsa, sən də qonşunun ərazi bütövlüyünü tanımayacaqsan. Belə vəziyyətdə isə biz Qərbi Zəngəzurla bağlı öz fikirlərimizdə qalacağıq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR