İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Aİ-dən uzaqlaşır - sərhəd kəşfiyyatçıları da qovulacaq?

“Rusiya Ermənistanda çevriliş edə və Aİ müşahidəçilərini qova bilər” xəbərdarlığı

Ermənistan parlamenti Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında qanun layihəsinin ikinci və yekun oxunuşunun müzakirəsini qeyri-müəyyən müddətə  təxirə salıb. Erməni mətbuatının verdiyi məlumata görə, müvafiq qərar Avropaya inteqrasiya üzrə parlament komissiyasının iclasında qəbul edilib.

Hakim “Mülki müqavilə” partiyası bu qərarı “qanun layihəsinin ciddi texniki təkmilləşdirmələrə ehtiyacı var” bəhanəsi ilə izah edir. Ermənistanın Avropa Birliyinə üzvlüyü haqqında qanunun parlamentdə müzakirəsinin təxirə salınması  guya  hansısa texniki məsələlərlə izahına İrəvanda kimsə inanmır. “Bakı-Xəbər” öz şərhində yazır ki, Avropada yaranmış vəziyyət, Rusiya ilə ABŞ arasında gedən proses, ABŞ-ın Ermənistana münasibətinin zəifləməsi, soyuması, Avropanın başının qarışması və Ermənistana lazımi dəstək verə bilməməsi, rusların ermənilərdən incikliyi və sair Ermənistanı qorxudub və bu qərar qəbul edilməyib. Ermənistan prosesi məqsədli şəkildə dayandırır ki, vəziyyət bir az aydınlaşsın. Bu məsələ Aİ-nin sərhəddəki mülkü, əslində isə kəşfiyyat missiyası ilə bağlı problemi də gündəmə gətirir. Məlumdur ki, sülh müqaviləsində razılaşdırılmayan iki şərtdən biri Bakının bu missiyanın çıxarılması tələbidir.      

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təhlükəni hiss edibmiş kimi yalandan deyib ki, sülh müqaviləsində Bakının tələbi  Avropa İttifaqının daxil ola biləcəyi üçüncü qüvvələr barədədir, Aİ-nin xüsusi müşahidə missiyasından bəhs edilmir. Əslində isə Azərbaycan tərəfi Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə heç bir üçüncü qüvvənin olmasını istəmir. O cümlədən də Azərbaycan Ermənistandan tələb edir ki, Avropa İttifaqı mülkü müşahidə missiyasını sərhəddən geri çəksin.  Rəsmi Bakı dəfələrlə bildirib ki, artıq Avropa İttifaqının mülki müşahidə missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyətinə ehtiyac yoxdur. 2023-cü ilin yanvarından fəaliyyətə başlayan mülki missiya üzvlərinin sayı 40 nəfərdən artıq 209-a yüksəldilib.

Daha maraqlısı odur ki, mülki missiyanın sonuncu dəfə mandatı uzadıldıqdan sonra onların yüngül silahlarla silahlandırıldığı deyilir. İrəvanın Aİ-dən uzaqlaşması Ermənistandakı Aİ müşahidə missiyasının - əslində sərhəd kəşfiyyatçılarının da qovulmasına təkan verə bilərmi?

todaypress.az | Oqtay Qasımov: “USAID-in bölgədəki fəaliyyəti  qəbuledilməzdir”

 Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda Avropa İttifaqına inteqrasiya ilə bağlı qanun layihəsinin müzakirəsinin qeyri-müəyyən müddətə təxirə salınması şübhəsiz hazırda baş verən gepolitik dəyişikliklərlə bağlıdır: “Xüsusilə də ABŞ və Rusiya arasında başlanan dialoq, Ukrayna müharibəsi ilə bağlı prezident Donald Trampın mövqeyi və faktiki olaraq Ukraynada Rusiyanın maraqlarına uyğun atəşkəs olacaqsa, bu, Rusiyanı yenidən keçmiş postsovet məkanında, o cümlədən Cənubi Qafqazda da təsir imkanlarını artırmağa yönəlik siyasətə vadar edəcək. Rusiya hər zaman bəyan edib ki, Cənubi Qafqazdan çıxmayıb və Ermənistanın da Avropa İttifaqı ilə sıx münasibətlərinə Rusiya hər zaman narazılıqla reaksiya verib, xəbərdarlığını edib. O baxımdan Ermənistan hazırda yaranmaqda olan şərtlərdən və Rusiyanın yenidən bölgəyə yönəlməsindən, təsir imkanlarının artmasından narahat olduğuna görə Avropa İttifaqına inteqrasiya sənədinin müzakirəsi prosesini hələlik təxirə salıb. O ki qaldı Avropa İttifaqı müşahidə missiyasının Ermənistandan çıxarılacağı ehtimalına, hesab eləmirəm ki, Ermənistan həmin missiyanı çıxarmaq istəyir. Sadəcə olaraq, İrəvan indiki məqamda Avropa İttifaqı məsələsində müəyyən qədər taym-aut götürür və qlobal proseslərin gedişini müşahidə etmək niyyətindədir. Avropa İttifaqının kəşfiyyatçılardan ibarət qrupunun Ermənistanda qalma müddəti iki il uzadılıb. Onlar o zamana qədər çox güman ki, orada olacaq. Amma Rusiyanın təsir imkanları artsa da Rusiya yaxın bir-iki ildə həmin missiyanı düşünmürəm ki, bölgədən çıxara bilsin. Bu yalnız o halda baş verəcək ki, Ukrayna müharibəsində Rusiya ilə Amerika arasında elə bir anlaşma olacaq Rusiya tam şəkildə istədiklərini alacaq və ona müəyyən kart-blanş veriləcək. Bundan sonra Rusiya proseslərə sərt müdaxilə etməklə Ermənistan daxilində hətta çevrilişə getməklə Avropa İttifaqı müşahidə missiyasını uzaqlaşdıra bilər. Amma yaxın perspektiv üçün belə bir imkan görünmür”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR