İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın nüvə silahı sevdası və “şərqli höcətliyi”– ABŞ və İsrail regiona fəlakət vəd edir

Nüvə dövlətlərinin çoxu İrana qarşıdır və onu 9 dövlətdən ibarət “Nüvə dövlətləri klubu”nun 10-cu üzvü olmasını istəmirlər.

Məsələ heç də quruca “istəmirlər”lə bitmir, başda ABŞ olmaqla Avropa dövlətləri, eləcə də İsrail İranın nüvə silahına yiyələnməməsinə qarşı kəskin mübarizə aparırlar və müharibədən belə çəkinməyəcəklərini göstərirlər.

Bu dövlətlərin İrana qarşı bu qədər aqressiv davranmalarının səbəbləri çoxdur, müxtəlif amillər var, amma ən əsası İranın hələ nüvə proqramı üzrə layihələrdən çox-çox əvvəl “İsraili Yer üzündən siləcəyi” barədə verdiyi anonslardır. Hamıda belə bir qənaət formalaşıb ki, İran nüvə silahını bu və ya digər dövlətə qarşı genosid siyasəti yeritmək üçün əldə etmək istəyir.

iran-iz.jpg (155 KB)

Bəlkə də 1979-cu ildən, yəni islam inqilabından əvvəl İsraillə əla münasibətləri olan İran monarxı Məhəmmədrza şah Pəhləvi Təl-Əvivdən ölkəsinin nüvə proqramına kömək göstərməyi xahiş etsəydi, yəhudi dövlətinin rəhbərliyi ona yardım əli uzadardı. Ancaq inqilabdan sonra Tehran və Təl-Əvivin münasibətləri kəskin düşmənçilik xarakteri aldı. İndi İsrail İranın nüvə silahı əldə etməməsi üçün hər şeyə hazırdır.
Əslində lap günü sabah İran nüvə silahı əldə etsə, o demək deyil ki, uzaqmənzilli ballistik raketlərinə nüvə başlıqları taxacaq və onu İsrail ərzisinə göndərəcək. Güman ki, belə şey olmayacaq. Sadəcə, İran İsraillə, digər qonşu dövlətlərlə daha artıq ötkəm tonda danışacaq və onları vaxtaşırı təhdid edəcək.

Lakin hələ əliyalın və zəifkən biçilmiş hədələr, qorxunc anonslar indi bu dövlətə öz mühüm planını həyata keçirməyə mane olur.

İsrail özü vaxtilə heç kəsi hədələmədən, heç bir anons etmədən, gizli şəkildə nüvə silahı əldə edib, hələ də “məndə elə bir silah yoxdur” deyə bəyanat verir, amma hamı bilir ki, İsrailin nüvə silahı var.

Budur, BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvləri dünən İranın nüvə proqramı problemi ilə bağlı qapalı iclas keçirib. Bunun səbəbi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesab edir ki, İran nüvə silahı əldə etməyə təhlükəli dərəcədə yaxınlaşıb.

İRABMT.jpg (308 KB)

BMT Təhlükəsizlik Şurasının iclası ABŞ, Böyük Britaniya, Fransa və bir sıra digər dövlətlərin tələbi ilə çağırılıb. Nüvə proqramının müzakirəsinə təkan verən MAQATE bildirir ki, İranda 60% zənginləşdirilmiş uran ehtiyatı cəmi bir neçə ay ərzində 182-dən 275 kq-a yüksəlib. Atomunun sülhsevər olduğunu bəyan edən dövlət üçün bunlar qeyri-adi yüksək rəqəmlərdir.

Mütəxəssislərin fikrincə, nüvə materialının 60% zənginləşdirilməsi səviyyəsindən kütləvi qırğın silahlarının istehsalı üçün lazım olan 90% səviyyəsinə sıçrayış bir neçə həftə ərzində həyata keçirilə bilər. Bundan əlavə, MAQATE müəyyən edib ki, İran nüvə obyektlərində yeni müasir sentrifuqalar quraşdırmaqla öz imkanlarını artırıb.

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Təhlükəsizlik Şurasında nüvə proqramı üzrə məsləhətləşmələrin çağırılması təşəbbüsünü tənqid edib. İran diplomatiyasının rəhbəri vurğulayıb ki, bəzi ölkələrin tələbi ilə qapalı iclas keçirmək yeni və qəribə təcrübədir. “Bu görüş bunu tələb edən dövlətlərin xoş niyyətini şübhə altına alır”, - Əraqçı deyib.

Nazirin bu məzəmməti ilk növbədə son vaxtlara qədər nüvə məsələlərində yeni əməkdaşlıq formatı üzrə İslam respublikası ilə razılığa gəlməyə çalışan Avropa ölkələrinə ünvanlanıb.

iranxam.JPG (47 KB)

Maraqlıdır ki, İran rəhbərliyi, xüsusilə də ali dini lider Əli Xamneyinin komandası Qərbin bu cür təzyiqlərindən çəkinmir və hətta onu saya salmır. Çünki ABŞ və Avropa ölkələri dəfələrlə İrana müvafiq məzmunlu basqılar edib, ciddi şəkildə hədələyiblər, ancaq ardıcıl olmayıblar. Beləliklə, Tehranda belə bir qənaət əmələ gəlib ki, Qərbin boş-boş guruldamağı var, əməldə heç nə etməyəcək. Yəni çax-çax baş ağrıtsa da, dəyirman öz bildiyini edə bilər.

Tramp isə sələfi Obama və Baydendən fərqli adamdır. O, İsrailin təhlükəsizliyi üçün hər addımı atmağa qadir və hazırdır. Bu yaxınlarda o, İranda qərar vermə mexanizmini əlində cəmləşdirən Xamneiyyə mesaj göndərdiyini açıqlayıb. Həmin mesaj İran tərəfinin nüvə proqramını məhdudlaşdırmasına razı olması barədədir. Ağ Evin rəhbəri bir daha açıq şəkildə təkrar edib ki, Tehran nüvə silahı əldə etməməlidir.
Trampın mesajında təhdid var, “əks təqdirdə” nələr ola biləcəyinə dair eyham yer alıb.

Başqa sözlə, Tehran dialoqdan imtina edərsə, ABŞ administrasiyası hərəkətə keçəcək. Tramp, yəqin ki, İranın nüvə infrastrukturuna zərbə endirmək ssenarisinə işarə edir. Onsuz da son aylarda İsrail dərin və yaxşı möhkəmləndirilmiş obyektlərin məhv edilməsi üçün genişmiqyaslı əməliyyat keçirməkdən ötrü ABŞ-dən fəal şəkildə icazə istəyir.

sentrfuq.JPG (24 KB)

Belə görünür ki, Tehranın başı üzərində buludlar sıxlaşır və onun nüvə proqramına dair razılığa gəlməkdən başqa yolu yoxdur. ABŞ və İsrail İrana zərbə endirmək qərarına gəlsələr, təkcə “dərin və yaxşı möhkəmləndirilmiş obyektlər”i vurmaqla kifayətlənməyəcəklər, açıqda olan və müdafiəsiz sənaye obyektlərini, limanları, neft terminallarını da vuracaqlar, ölkənin beynəlxalq maliyyə sisteminə çıxışını kəsəcək, həmçinin müdafiə sənayesini lazımi imkanlardan məhrum edəcəklər.

Planın bu cür olması heç kəsə sir deyil və neçə vaxtdır kəşfiyyat orqanlarına da, ictimaiyyətə də bəllidir.
Fəqət hələ ki İranda xarakterik “şərqli höcətliyi” hökm sürür. Ola bilər, İran rəhbərliyi son anda Səddam Hüseynin, Müəmmər Qəzzafinin aqibətindən dərs götürərərk, kompromisə gedəcək. Çünki onlardan fərqli olaraq İranda lazımi anda manevr etmək qabiliyyəti tarixən güclü olub.

İndilikdə Tehran bütün əlamətlərə görə ABŞ-la danışıqlar prosesini bərpa etmək fikrindən tamamilə imtina edib. Bu yaxınlarda Qərb ölkələri ilə sövdələşməyə hazır olan və mötədil siyasətçi imicinə malik İran prezidenti Məsud Pezeşkian da deyib ki, amerikalıların əmr verməsi və hədələməsi İran üçün qəbuledilməzdir. “Mən heç sizinlə danışıq aparmayacağam. Nə istəyirsiniz, edin”, - Pezeşkian deyib. Ancaq dünyada hər kəs bilir ki, İranda əsas söz sahibi o deyil.

Bu arada Tehran nüvə dosyesi ilə bağlı alternativ formatlarda danışıqlara arxalanır. Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu həftə Çində Çin, Rusiya və İranın iştirakı ilə üçtərəfli görüş keçiriləcək. Ola bilər ki, Trampın diplomatik təşəbbüsü müzakirəyə çıxarılsın, Rusiya rəsmilərinin dediyi kimi, bu təşəbbüsdə təkcə “nüvə” deyil, həm də siyasi məsələlər var.

Ən qorxulusu da budur ki, İran Rusiya və Çinin fitvasına gedərək özünü ABŞ və İsrailin zərbələrinin altına versin və onlar heç bir dəstək vermədən oturub İranın məhv edilməsinə tamaşa etsinlər.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Mart 2025

BÜTÜN XƏBƏRLƏR