Onlayn ictimai-siyasi qəzet
İranla İsrail arasında yaranan qarşıdurma ilə əlaqədar İrandan təxliyə olunan xarici ölkə vətəndaşlarının dövlət sərhədinin Astara buraxılış məntəqəsindən keçidi davam edir.
APA xəbər verir ki, münaqişə başlayandan bəri, artıq 3 gündür ki, bir neçə xarici ölkənin vətəndaşları Azərbaycan ərazisi vasitəsilə təxliyə olunurlar.
Onların qarşılanması, təhlükəsiz keçidinin təçin olunması üçün ərazidə hər cür şərait yaradılıb.
İrandan təxliyə olunan xarici vətəndaşlar məntəqədə qarşılanır, onlara lazımı köməklik göstərilir.
Həmin şəxslərin qarşılandığı yerlərdə çay süfrələri təşkil olunub. Bununla yanaşı, ehtiyacı olanlar üçün əraziyə təcili tibbi yardım maşınları və həkim qrupu cəlb edilib.
Həmin şəxslər qaydalara uyğun olaraq sərhəd-gömrük nəzarətindən keçdikdən sonra xüsusi ayrılmış avtobuslarla lazımı ünvanlara çatdırılırlar.
Azərbaycan dövləti tərəfindən xarici vətəndaşların təhlükəsiz keçidi və ünvanlara rahat çatdırılması üçün tədbirlərin görülməsi ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən dövlətimizə və Prezident İlham Əliyevə xüsusi təşəkkür edilib.
Eyni zamanda xarici vətəndaşlar da yaradılan şəraitə görə Azərbaycan rəhbərliyinə öz minnətdarlığını bildirirlər.
Qırğızıstan Respublikasının İrandakı səfirliyinin bu gün təxliyə olunan əməkdaşı Nazim Beişekeev Astara sərhəd məntəqəsini keçdikdən sonra APA-nın yerli bürosuna verdiyi açıqlamasında deyib ki, Azərbaycan hökumətinin dəstəyi ilə İrandan Astaraya keçmələri təmin olunub: “Yeddisi diplomat olmaqla ümumilikdə 28 nəfər dövlət sərhədini müəyyən intervallarla keçəcək”.
O, yaradılan şəraitə və göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.
Təxliyə olunan digər Qırğızıstan vətəndaşı da Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına göstərdikləri qayğı üçün təşəkkür edib.
“Qardaşlıq münasibəti göstərildiyi üçün Azərbaycan rəhbərliyinə təşəkkür edirəm. Biz burada qardaş dəstəyi gördük. Bu bizi çox təsirləndirdi”, - deyə o bildirib.
Aidiyyəti qurumlar ərazidə fasiləsiz xidməti davam etdirir.
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ