Onlayn ictimai-siyasi qəzet
“İranda prezidentliyə namizəd azərbaycanlı Pezeşkiyan irəlidədir”.
Bu sözləri Musavat.com-a açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu deyib. Siyasi şərhçi qeyd edib ki, Pezeşkiyanın ardınca sırada Cəlili və Qalibaf gəlir:
“Pezeşkiyandan başqa digər 5 namizəd mühafizəkardır, bu səbəbdən də namizədlərin azalması mühafizəkarların xeyirinədir. "İnqilabi qüvvələrin" naminə geri çəkildiyini bəyan edən Zakanidir. Əlbəttə, Qazızadənin də hədəfi budur.
Kimin seçiləcəyini bu gün axşam biləcəyik. Çünki seçkilərdə rəy sorğuları aldadıcı ola bilir, xüsusən də Şərq ölkələrində. Ona görə də axşamı gözləmək məsləhətdir, ancaq yüksək fəallıq olsa Pezeşkiyanın şansı artacaq. Amma yenə də dəqiq nəsə demək çətindir”.
Kənan Rövşənoğlunun sözlərinə görə hazırkı namizədlərin hansısa birinin seçilməsi İranda ciddi dəyişikliyə gətirməyəcək.
“Çünki ölkə iqtisadiyyatının hazırkı vəziyyəti Qərbin - ABŞ-ın embarqolarına görə bu gündədir. Başqa sözlə, yeni prezidentin vəziyyəti kəskin dəyişəcəyini gözləmək ən azı yaxın zamanda real deyil.
Ancaq Pezeşkiyanın seçilməsi İranda seçki demokratiyasının olması, xalqın narazılığının müəyyən qədər zəifləməsi və daxildə birliyin güclənməsi baxımından İran üçün faydalıdır. Bu səbəbdən də ali dini rəhbərlik seçkilərdə daha çox kütləvi iştiraka çağırış edir”,- deyə siyasi şərhçi qeyd edib.
Xatırladaq ki, bu gün İranda növbədənkənar prezident seçkisi keçirilir. Mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra iyunun 28-nə növbədənkənar prezident seçkisi təyin olunmuşdu.
Seçkidə prezidentlik uğrunda mübarizəyə İran İnqilabı Keşikçiləri Korpusunun keçmiş rəhbəri və parlamentin indiki sədri Məhəmməd Bağır Qalibaf, Ali Dini liderin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, Tehran meri Əli Rza Zəkiyani, keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi, Şəhid və Veteranlar Fondunun rəhbəri Əmir Hüseyn Qəzizadə-Haşimi və sabiq səhiyyə naziri Məsud Pezeşkian qatılsa da, daha sonra Əli Rza Zəkiyani və Əmir Hüseyn Qəzizadə-Haşimi öz namizədliklərini geri götürüblər.
Qazizadənin sözlərinə görə, bu addımı “inqilabi qüvvələrin birliyini qorumaq üçün” atıb. Siyasətçi qeyd edib ki, indi onun vəzifəsi ölkənin maraqlarını qorumaqdır.
Artıq seçkilərin favoritinə çevrilmiş yeganə azərbaycanlı namizəd “islahatçıları” tək təmsilçisi Məsud Pezeşkiandır. Onun seçki marafonunda Rəşid Behbudovun ifa etdiyi “Azərbaycanım” mahnısı səsləndirilib.
Onu da əlavə edək ki, namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.
Xalidə Gəray
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ