İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda hakimiyyətə azərbaycanlı gətirilir – ABŞ-la gizli razılaşma

 

“İranda bu gün keçirilən prezident seçkiləri, böyük ehtimalla, ikinci tura qalacaq. Səbəb heç də namizədlərin yetərli səviyyədə səs toplamaması deyil. Əsl səbəb İranın ABŞ-a bu seçkilərlə bağlı mesaj göndərməsidir”.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında belə deyib. Siyasi şərhçinin fikrincə, İranda keçirilən seçkilər ABŞ-la münasibətlərin tənzimlənməsi hədəfinə yönəlib: “Seçkilərə buraxılan namizədlər də məhz bu mesajı verməyə hesablanıb. Məlumdur ki, seçkilərdə 5 namizəd (biri daha sonra namizədliyini geri çəkdi) mühafizəkarlar, 1 namizəd isə islahatçılar qanadını təmsil edir. İslahatçılardan yalnız bir nəfərin seçkilərə buraxılması o qanadın səslərinin bölünməməsi məqsədi güdür və bununla sanki ABŞ-a və Qərb blokuna bir him-cim mesajı göndərilir. Mesajın qısa məğzi belədir: Əgər mənimlə razılığa gəlsən və İsrailə dəstək verərək məni hədəfə almasan, hökumət quruculuğunu islahatçılara verib səninlə dost ola bilərəm. Yox əgər mənim bu him-cimimi geri çevirsən, yenidən mühafizəkar prezidentlə yola davam edəcəyəm”.

Heydər Oğuz məhz bu mesajın effektivliyini artırmaq üçün seçkilərin ikinci tura buraxılacağına inanır. Seçkiqabağı aparılan rəy sorğularında əsasən  üç  namizədin adı ön plana çıxdığını qeyd edən həmsöhbətimiz onlar barədə bunları bildirdi:

“Namizədlərdən biri Məhəmməd Baqir Qalibafdır. Qalibaf Fransada pilot təhsili alıb. Yəni digər namizədlərlə müqayisədə Fransaya bir köynək yaxındır. Bununla belə, o, İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı, Polis Qüvvələri komandiri, Tehran meri və Məclisin sədri vəzifələrində çalışıb. Qalibaf mayın 28-də keçirilən seçkilərdə yenidən İran parlamentinin spikeri seçilib. Məhəmməd Baqir Qalibaf ötən seçkilərdə də favorit namizədlərdən sayılırdı. Onun seçilməsinin maraqlı bir səbəbi var. Seçkilər ərəfəsində Rusiyaya səfər etmək və bir növ, Putinin də xeyir duasını almaq istəyirdi. Putinin bu istəyə cavabı isə heç də xoş olmamışdı.  Kreml demişdi ki, Qalibaf Putinlə görüşmək niyyətindədirsə, zəhmət çəkib Moskvaya gəlməli və koronavirus testindən keçməlidir. Ən pisi isə o idi ki, testdən keçdikdən sonra 15 gün karantin rejimində gözləməli idi. Təbii ki, bu şərt mədəni şəkildə “gəlmə” demək idi və Putinin xeyir-dua vermədiyi anlamına gəlirdi. Qalibaf Moskvadan bu cavabı aldıqdan sonra Tehran dini hakimiyyəti prezidentlik mandatını İbrahim Rəisiyə verdi. Qalibaf budəfəki seçkilərdə də mühafizəkar qanadın favorit namizədlərindən sayılır. Mühafizəkarların ikinci favorit namizədi isə Səid Cəlilidir. 2007-2013-cü illərdə İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi və nüvə danışıqlarında nümayəndə heyətinin rəhbəri vəzifələrində çalışan Cəlili İran-İraq müharibəsi əlilidir. Müharibədə ayağının birini itirib. O, ilk dəfə prezidentliyə namizəd kimi qatıldığı 2013-cü il seçkilərində təxminən 11 faiz səs toplayıb.

f5ce6e2915e7ae1d337069f920b9ef3e.jpg (101 KB)

Sonuncu dəfə 2021-ci il prezident seçkilərində namizəd olsa da, İbrahim Rəisinin lehinə geri çəkilib. Bunun əvəzində isə Rəisi komandasındakı önəmli postlara öz adamlarını yerləşdirib və İranın “kölgə hökuməti”nin başçısı kimi tanınıb. Hazırda İran Milli Təhlükəsizlik Yüksək Şurasının və Sərəncamın Faydalarının Müəyyənləşdirilməsi Şurasının üzvü olan Cəlili dini lider Xamneyinin ən çox etibar etdiyi şəxslərdən biridir.  Cəlili siyasi baxışlarına görə o qədər radikaldır ki, hətta mühafizəkarlar arasında da mübahisə doğuran fiqur kimi tanınır. Sərt və barışmaz mövqeyi ilə seçilir. Bu səbəbdən indiyədək 3 dəfə prezidentliyə namizəd olsa da, kütlənin dəstəyini qazana bilməyib. Başqa sözlə, kifayətin üstündə mühafizəkardır və 6 il nüvə danışıqlarında aparıcı şəxs kimi iştirak etdiyi üçün ABŞ tərəfindən də uzlaşmaz lider kimi tanınır. İran hakimiyyəti onun namizədliyini irəli sürməklə əslində ABŞ-a və Qərb dünyasına xox gəlir. Seçkilərin əsl favoriti isə əslən azərbaycanlı olan Məsud Pezəşkiyandır. Qərbi Azərbaycanın Mahabad əyalətində doğulan Pezeşkiyan 69 yaşındadır. Təbriz Universitetinin tibb fakültəsini bitirib. İndiyə qədər Təbriz Universitetinin rektoru; Səhiyyə, Müalicə və Tibbi Təhsil Naziri və Parlament sədrinin müavini vəzifələrində çalışıb. Beş dəfə Təbrizdən millət vəkili seçilib. Bir çox iranlı siyasətçilərdən fərqli olaraq, o, korrupsiyaya bulaşmamış vicdanlı bir insan kimi tanınır.  Fikrimcə, İrandakı seçkilər ikinci tura qalarsa, onlardan biri mütləq Məsud Pezəşkiyan olacaq”.

Heydər Oğuz istisna etmir ki, Pezəşkiyan hakimiyyətə də gətirilə bilər: “İran bununla həm də Azərbaycan və Türkiyənin könlünü qazanmaq istəyir. Çünki onun artıq böyük ümidlər bəslədiyi Putin hakimiyyətinin vəziyyəti o qədər də ürəkaçan deyil. Üstəlik, ABŞ-da Donald Trampın hakimiyyətə gəlmə ehtimalı getdikcə artır. Tramp hakimiyyəti dövründə İranın və Çinin əsl hədəfə çevrilməsi gözlənilir. Xüsusilə İsrail-Hizbullah arasındakı gərginliyin müharibə həddinə gəldiyi bir zamanda İranın onu gözləyən bəladan yayınması lazımdır. Bunun ən gözəl yolu isə islahatlara getmək və region dövlətləri ilə münasibətləri düzəltməkdir. Əhalisinin mühüm qismi türk olan İranın Türk dünyasına yönəlmək üçün çox gözəl fürsətləri də var. Bunun üçün isə İranda yaşayan türklərə tədricən milli azadlıqlar verməlidir. Məncə, Pezəşkiyanı prezident vəzifəsinə gətirmək bu istiqamətdə atılmış mühüm addımlardan ola bilər”.

 

E.MƏMMƏDƏLİYEV,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR