Onlayn ictimai-siyasi qəzet
Dünyanın iki supergücü İranla bağlı görüşdü; politoloq: “Azərbaycan olaraq ən pis ssenariyə hazır olmağımız lazımdır”
Cənub qonşumuz İranın nüvə proqramı məsələsi son günlərdə yenidən aktuallaşıb. Buna səbəb bir neçə gün öncə ABŞ Prezidenti Donald Trampın İranın ali rəhbəri Əli Xamneyiyə məktub göndərdiyini bəyan etməsidir. Artıq buna Tehran tərəfindən cavab verilib.
İran Xarici İşlər Nazirliyi məlumat yayıb ki, İran hələ Donald Trampın ölkənin nüvə proqramı ilə bağlı məktubunu almayıb. Bildirilir ki, onu “bir ərəb ölkəsindən” olan vasitəçi çatdıracaq.
Martın 14-də Pekində İranın nüvə məsələsinə dair Çin, Rusiya və İranın üçtərəfli görüşü olacaq.
Görüşdə Çin heyətinə xarici işlər nazirinin müavini Ma Caosu, Rusiya heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov, İran heyətinə isə xarici işlər nazirinin müavini Kazem Qaribabadi rəhbərlik edəcək. Tərəflər İranın nüvə məsələsindən başqa qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə edəcəklər.
Dünyanın əsas iki supergücü sayılan ABŞ və Rusiya da İranın nüvə proqramı məsələsini müzakirə ediblər.
Rusiya və ABŞ nümayəndə heyətləri danışıqlarda Fars körfəzindəki vəziyyəti və İranın nüvə proqramı üzrə fəaliyyət planını müzakirə edib.
“Biz BMT Təhlükəsizlik Şurası və İran tərəfindən təsdiqlənmiş ilkin razılaşmada nəzərdə tutulan formatın bərpasının tərəfdarıyıq. Hər şeyin necə gedəcəyini görəcəyik”, - Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov İranın nüvə proqramı ətrafında son günlərdə qızışan prosesləri bu cür dəyərləndirir: “Tramp hələ prezident seçkiləri kampaniyasında öz platformasında İranla bağlı hansı siyasəti həyata keçirəcəyinin anonsunu vermişdi. "Proqram 2025" adlı sənəddə İranla bağlı birinci hakimiyyət dövründə olduğu kimi “maksimum təzyiq” siyasəti həyata keçiriləcəyi göstərilmişdi və indi də ABŞ administrasiyasının buna uyğun olaraq müvafiq addımlar atmağa hazırlaşdığını görürük. Tramp açıq şəkildə bəyan edir ki, İranı “bombalamadan” sövdələşmə etmək istəyir. Yəni əgər müvafiq razılaşma olmayacaqsa və İran nüvə danışıqlarında iştirakdan imtina edəcəksə, hərbi müdaxilə ehtimalı da var.
Şübhə yoxdur ki, ABŞ-ın İranla bağlı siyasəti İsraillə koordinasiyalı şəkildə həyata keçirilir. Hər iki ölkə İranın nüvə silahına sahib olmasını özlərinin təhlükəsizlik maraqlarına təhdid hesab edərək bütün imkanlarla bunun qarşısını almağa cəhd edirlər. Fərq yalnız ondadır ki, İsrail birbaşa hərbi müdaxilə variantına, ABŞ isə ilkin olaraq sanksiyalarla təzyiq etməyə üstünlük verir. İsrail müdafiə qüvvələrinin yeni baş qərargah rəisi, general-leytenant Eyal Zamir 2025-ci ilin Qəzza və İrana fokuslanan müharibə ili olacağı, eyni zamanda digər cəbhələrə də diqqət yetiriləcəyi ilə bağlı bəyatanla çıxış edib. ABŞ isə düşünür ki, yeni sanksiyalar və maksimum təzyiq İranda onsuz da ağır olan iqtisadi vəziyyəti daha da ağırlaşdıra və bununla da bir tərəfdən İran elitası arasında parçalanmaya, digər tərəfdən isə kütlənin etirazına gətirib çıxarar. İkinci tərəfdən, həm ABŞ, həm də İsrail uzun illərdir ki, İranın daxilində ayrı-ayrı etnik toplumlarla əlaqələr quraraq müvafiq tərəfdar şəbəkəsi qurmağa nail olublar. Onların da İran daxilində aktivləşdirilməsi ilə rəsmi Tehranın çıxılmaz duruma salınması planlaşdırılır. Tramp “qarşıda İranı maraqlı günlər gözləyir” deyəndə də məhz elə bunları nəzərdə tutur. Amma təbii ki, İsraili sürətli şəkildə silahlandırmaqla, ağır bombalar, qırıcı təyyarələr, yeni raket sistemləri verməklə digər ssenariyə də hazırlıq görür. Məlumdur ki, İrana hərbi müdaxilə məcburiyyəti yaranacaqsa, ABŞ bunu məhz İsrail vasitəsilə etməyə çalışacaq.
İranın bütün bu təzyiqlər altında yeni nüvə sazişi bağlayıb-bağlamayacağına gəldikdə isə deyim ki, əvvəl razılaşdırılmış və İran, ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya arasında nüvə proqramını məhdudlaşdıran sazişdən ilk çıxan elə ABŞ olub. Tramp birinci hakimiyyət dövründə, daha dəqiqi, 2018-ci ildə Tehranla olan nüvə sazişindən çıxdığını bəyan edib. Yəni İran artıq bir dəfə müvafiq sazişi imzalayıb. İndi isə yenidən ABŞ-la danışıqlar aparmaq və yeni saziş imzalamaq təklifinə olan münasibətdə fikir ayrılıqları var. Martın 2-də İran Prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqlar aparmağı zəruri hesab etdiyini, lakin İslam Respublikasının ali rəhbəri Xameneinin bunun əleyhinə olduğunu bəyan edib. Ardınca da bəyan edib ki, Trampın “maksimum təzyiq” siyasətinə və sanksiyalarına əl atması ilə ölkədə “iqtisadi ilgək” daralır. Görünən odur ki, Tramp öz bəyanatları ilə artıq İranın siyasi və dini elitası arasında parçalanmaya nail ola bilib. Pezeşkian nə qədər ali dini liderin iradəsinin ziddinə olmayacağını desə də, “lakin biz problemlərin həlli üçün müvafiq yollar tapmalıyıq” deməklə müvafiq ismarış da göndərib.
Keçmişdə ABŞ Prezidenti Barak Obamanın oxşar rəsmi yazışma strategiyası İranla danışıqların başlanmasına və İranın nüvə proqramı ilə bağlı məhdudiyyətlər müqabilində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutan 2015-ci il sazişinin bağlanmasına kömək etdi. Bu dəfə Trampın məktubunun nəticəsini də çox keçməz görərik. Xüsusilə də ABŞ-Rusiya münasibətləri fonunda Rusiyanın ABŞ-la İran arasında vasitəçi qismində iştirak etmə ehtimalları kifayət qədər yüksək görünür. Putinin köməkçisi Yuri Uşakovun fevralın 18-də Ər-Riyadda keçirilən ABŞ-Rusiya görüşündə İranla bağlı ayrıca danışıqlar aparmaqla bağlı razılığa gəlindiyini deməsi də bu ehtimalları artırır".
Politoloq Azərbaycanla bağlı da narahatlığını ifadə etdi: “İstənilən halda bizim Azərbaycan olaraq ən pis ssenariyə hazır olmağımız lazımdır. Çünki İrana hərbi müdaxilə olacaqsa, Azərbaycanın da bundan təsirlənəcəyi şübhəsizdir. Birincisi ona görə ki, İran qonşu ölkədir və orada milyonlarla soydaşımız yaşayır. Yəni İranın Trampın dili ilə desək, bombalanması halında bundan İran əhalisinın az qala yarısını təşkil edən soydaşlarımız da əziyyət çəkəcək. Nəticədə Azərbaycan qaçqın axını ilə üz-üzə qala bilər ki, bu da yaxşı hər hansı bir perspektiv vəd etmir. İkinci bir tərəfdən, rəsmi Tehran dəfələrlə bəyan edib ki, hər hansı hərbi müdaxilə halında İran ilk növbədə İsrailin və ABŞ-ın regiondakı maraqlarına və müttəfiqlərinə zərbə vuracaq. İsraillə Azərbaycan arasında olan münasibətləri nəzərə alsaq, bu istiqamətdə də İrandan gələ biləcək təhlükəni gözardı edə bilmərik. Odur ki, maksimum şəkildə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi lazımdır. Sərhəd istiqamətində təhlükəsizlik tədbirlərinin artırılması, neft-qaz yataqları, enerji kəmərlərinin mühafizəsinin artırılması, daxildə hər hansı təxribatların qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi və eləcə də ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq işlərin həyata keçirilməsi lazımdır”.
"Cavanşir ABBASLI,
Yeni Müsavat”
13 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ