Onlayn ictimai-siyasi qəzet
İranda prezident seçkiləri ilə əlaqədar namizədlərin təbliğat-təşviqat aparmasına ayrılan vaxt başa çatıb. İyunun 28-də keçiriləcək seçkilərdə prezidentlik kürsüsü uğrunda 4 namizəd mübarizə aparacaq.
Prezidentlik uğrunda yarışanda parlamentin sədri Məhəmməd Bağır Qalibaf, Ali rəhbərin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, daxili işlər və ədliyyə naziri olmuş Mustafa Purməhəmmədi və sabiq səhiyyə naziri Məsud Peşeşkian yarışacaq.
Ölkənin vitse-prezidenti Əmir Hüseyn Qazızadə və Tehran meri seçkidən çəkildiyini elan ediblər.
Sonuncu rəy sorğularına görə, islahatçıların namizədi Məsud Peşekşian öndədir, ikinci və üçüncü yerləri isə müvafiq olaraq Cəlili və Qalibaf tutur.
Qeyd edək ki, İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra iyunun 28-nə növbədənkənar prezident seçkiləri təyin olunub.
Bəs, adı çəkilən 4 namizəddən hansısının prezident seçilməsi İran siyasətində ciddi dəyişikliklərə səbəb ola bilər? Bu seçkinin nəticəsinin İran-Azərbaycan münasibətlərinə təsirləri olacaq?
Politoloq Oqtay Qasımov Musavat. com-a bildirdi ki, islahatçıların hakimiyyətdə olduğu dönəm İran siyasətində müəyyən yumşaq dövr kimi müşahidə olunur. Rəfsəncaninin və Hatəminin, eyni zamanda Həsən Ruhaninin dövrünü buna misal ola bilər: “Mühafizəkar qanadın təmsilçiləri isə son 20 ildə Mahmud Əhmədinejat və İbrahim Rəisi nümunəsində sərt xətt tərəfdarları kimi tanınırlar. 28 iyunda keçiriləcək namizədlərdən hansının seçilmə şansının yüksək olduğu və hansının Azərbaycanla münasibətlərə necə təsir edə biləcəyinə gəlincə, bu barədə indidən fikir bildirmək tezdir: “Düşünürəm ki, mühafizəkar qanadın nümayəndəsinin qalib gəlmək imkanı var. Parlament sədri Məhəmməd Bağır Qalibafın şansları yüksəkdir. Amma eyni zamanda, Səid Cəlilinin də şansları müəyyən qədər yüksəkdir. Bu da söyləməyə imkan verir ki, mühafizəkar qanadın namizədi prezident olacaq. İslahatçı qanadı nümayəndəsi Məsud Peşekşianın ictimai rəy sorğularında əhəmiyyətli səs topladığı bəlli oldu. Parlamentdəki fəaliyyəti ona müəyyən nüfuz qazandırıb və bununla paralel islahatçılardan ona dəstək var. Onun Güney Azərbaycandan deputat olması da ona müəyyən üstünlüklər yaradır. Belə ki, azərbaycanlılar və müəyyən qruplardan ona səslər gələ bilər”.
Politoloq hesab edir ki, kimin prezident seçilməsindən asılı olmayaraq, yeni prezidentin İran siyasətindən radikal dəyişikliklər olacağı ehtimalı yoxdur: “O cümlədən, hesab etmirəm ki, yeni prezident Azərbaycanla bağlı siyasətdə radikal dəyişikliyə gedəcək. İranda siyasəti prezident deyil, Ali dini lider və üst qurumlar müəyyən edir. Prezidentlər faktiki olaraq icraçı qurumun başçısı kimi rəhbərin tövsiyələrini və göstərişlərini yerinə yetirən şəxslərdir. Ona görə də kimin prezident seçilməsindən asılı olmayaraq, İranın siyasətində kardinal dəyişikliklər olacağını düşünmürəm. İslahatçı qanadın namizədi qalib gələrsə, bu, müəyyən qədər yumşalmalara səbəb ola bilər”.
Politoloq Yusif Bağırzadə isə bildirdi ki, bütün sorğular və eləcə də seçkiqabağı təşviqat kampaniyasının gedişi İranda keçiriləcək növbədənkənar prezident seçkilərində əsas mübarizənin islahatçıların nümayəndəsi, Azərbaycan əsilli deputat, keçmiş səhiyyə naziri Məsud Peşeşkian ilə mühafizəkar namizəd, İran Ali dini rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili arasında gedəcəyini göstərir: “Düzdür, əvvəldən seçkinin favariti olaraq Tehranın keçmiş meri, parlamentin spikeri, Məhəmməd Baqir Qalibaf göstərilirdi. Amma son məlumatlarda onun əsas namizədlərdən geri qaldığı görünür.
İranda siyasi qərarların böyük ölçüdə Ali dini lider tərəfindən verildiyi heç kimə sirr deyil və indiyə qədər bütün prezidentlərin də öz fəaliyyətlərində faktiki olaraq dini liderdən gələn imperativləri əsas götürdükləri məlumdur.
Amma Xomneinin öz bəyanatları ilə faktiki olaraq seçki prossesinə müdaxiləsi və Peşeşkianın reytinqinin yüksək olmasından narahatlıq keçirməsi onu deməyə əsas verir ki, Peşeşkianın prezident seçilməsi halında bir sıra dəyişiliklərə şahidlik edə bilərik.
Məsud Peşeşkian İranın 2008, 9, 10, 11 və bu il keçirilən 12-ci dövr parlament seçkilərində qalib gəlib, Təbriz, Tufarqan (Azərşəhr) və Üskü şəhərlərinin millət vəkili olub. Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərində anadan olan Peşeşkian hər zaman İran-Azərbaycan münasibətlərində yaxınlığın olmasının vacibliyi mövqeyindən çıxış edən şəxsdir.
Peşeşkianın Azərbaycan əsilli olması və bununla fəxr etdiyi deməsi, Tehran vilayətindəki seçkiqabağı çıxışı zamanı “Yaşasın Azərbaycan!” şüarını səsləndirərək, Şəhriyardan sitatlar gətirməsi, Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinin vacibliyi, İranda Azərbaycanlılarının hüquqları ilə bağlı verdiyi bəyanatlar onun Prezident seçilməsi halında İran-Azərbaycan münasibətlərində bu günki ilə müqayisədə xeyli yaxınlaşmaya şahidlik edə biləcəyimizi deməyə əsas verir. Lakin mühafizəkarların təmsilçisinin seçilməsi halında İranın Azərbaycan siyasətində ciddi müsbət dəyişiklik gözlənilmir”.
Etibar SEYİDAĞA,
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ