Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İranın proksi qüvvələr üzərindən bölgədəki nüfuz siyasətindən geri çəkildiyinə dair daha bir diqqətçəkən xəbər yayılıb. Səudiyyə Ərəbistanının “Asharq al-Awsat” qəzeti "Hizbullah" rəhbərliyinə yaxın mənbəyə istinadən bildirib ki, təşkilat İsrailin Livanın cənubundan tam çəkilməsi şərti ilə hərbi arsenalının gələcəyi ilə bağlı dialoqa başlamağa hazırdır.
"Hizbullah" nümayəndəsi qeyd edib ki, “əgər İsrail beş işğal olunmuş bölgədən geri çəkilərsə və hücumları dayandırarsa, biz silahlarımızın taleyi ilə bağlı respublika prezidenti general Cozef Aunla danışıqlara başlamağa razıyıq”.
Bu razılaşma ABŞ-İran xəttində artan diplomatik aktivliklə eyni vaxta təsadüf edir. Xatırladaq ki, bir neçə gün öncə ABŞ prezidenti Donald Trump İranla birbaşa danışıqların başlayacağını elan etmişdi. Tehran isə öncə bəyan etmişdi ki, yalnız vasitəçi ölkələr aracılığı ilə dolayısı danışıqlar mümkündürş Lakin görünən odur ki, İran daxilinə ünvanlanan bu sərt açıqlamaların arxasında ABŞ-la artıq ciddi və konkret razılaşmalar baş verir.
Musavat.com xatırladır ki, bundan əvvəl də İranın İraqdakı əsas proksi qüvvələri – Kətaib "Hizbullah", Əsaib Əhli Haqq, Nucəba və digər silahlı qruplar silahı yerə qoymağa razı olduqlarını açıqlamışdılar. Bu barədə Reuters agentliyinin eksklüziv məlumatında qeyd olunurdu ki, İraq hökuməti ilə ilkin razılaşma əldə olunub və İran bu qruplara “toxunulmazlıq” müqabilində silahları təhvil verməyi tövsiyə edir.
İndi isə eyni ssenari Livanda tətbiq olunur. Livan ordusu rəsmi açıqlama ilə çıxış edərək bildirib ki, "Hizbullah" 27 noyabr 2024-cü ildən bəri Litani çayının cənubunda onlarla mövqeni və silah anbarlarını təhvil verib. Eyni zamanda, şərqi Livanda altı radikal Fələstin düşərgəsi ləğv olunub.
Livanın köçkünlər naziri Kamal Şahade də açıqlamasında bildirib ki, "Hizbullah"ın tam tərksilahı və mövqelərin Livan ordusuna təhvil verilməsi təxminən 6 ay vaxt alacaq. Bu prosesin ABŞ-ın təşviqi və təzyiqi ilə həyata keçirildiyi də artıq gizli deyil.
Aprelin 5-də ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin müavini Morqan Ortaqus Beyrutda Prezident Aunla görüşərək "Hizbullah"ın zərərsizləşdirilməsi prosesinin sürətləndirilməsini tələb edib. ABŞ tərəfi "Hizbullah"ın Livanda sabitlik üçün təhlükə mənbəyi olduğunu dəfələrlə bəyan edib və bu istiqamətdə konkret addımların atılmasını gözləyir.
Bəzi analitiklər bildirirlər ki, Həmas lideri Haniyənin Tehranda öldürülməsi, "Hizbullah" rəhbəri Nəsrullahın isə Beyrutdakı məxfi qərargahında məhv edilməsi məhz İran-ABŞ arasındakı gizli anlaşmanın nəticəsidir. Bu iddialar getdikcə daha çox müzakirə mövzusuna çevrilir.
Bu hadisələr İranın bölgədəki silahlı müttəfiqlərindən Suriyada, İraqda, həm də Livanda uzaqlaşdığını və onları təhlükəli yük kimi ABŞ qarşısında tədricən təhvil verdiyini göstərir. İranın bölgədəki təsir dairəsinin “sakitcə daraldılması” prosesi davam edir – bu isə gizli diplomatiya və regional güc balansının dəyişməsi ilə bağlı yeni mərhələnin başlandığını sübut edir.
Musavat.com
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ