Onlayn ictimai-siyasi qəzet
“Politico”nun Avropa nəşri “Azərbaycanın Avropaya qaz qambiti – Rusiya üçün yaxşı xəbərdir” saxta məlumatları əks etdirən məqalə yayıb. Peşəkar fakt yoxlanışı olmayan, spekulyasiyaya yol verilən, əsasən şayiələrlə “zənginləşdirilən” yazıda Azərbaycan bu il Rusiyadan 141,6 milyon kubmetr qaz idxal etdiyi qeyd olunub.
Bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosisal şəbəkəsindəki hesabında açıqlama yayıb. Bildirib ki, sözügedən məqalə dezinformasiyanın çirkin nümunəsindən başqa bir şey deyil.
H.Hacıyev “Politico”nun Avropa nəşrini Azərbaycandan üzr istəməyə və bu saxta məqaləni geri çəkməyə səsləyib. Lakin “Politico” təkzib etmək əvəzinə, Avropa və dünya ictimaiyyətini çaşdırmaq üçün dezinformasiyalar yaymağa davam edib.
Maraqlıdır, Avropa nəşri Azərbaycanın bu il Rusiyadan 141,6 milyon kubmetr qaz idxal etməsinə dair “faktı” haradan alıb? Belə bir rəqəm, idxal varmı? Bu, nə ilə bağlıdır? Ümumiyyətlə, özü qaz istehsal və ixrac edən Azərbaycan qonşu ölkələrdən qaz alırmı? Buna ehtiyac varmı?
Mövzu ilə bağlı Medianews.az-a danışan enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, Azərbaycanın qaz ixrac siyasəti əsasən qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə, mənbələrin şaxələndirilməsinə, qaz bazarlarında rəqabət mühitinin formalaşmasına, enerji daşıyıcılarına əlçatanlığın təmin olunmasına xidmət edir.
İqtisadçı-ekspertin sözlərinə görə, “Qazprom eksport” və “Azkontrakt” Açıq Səhmdar Cəmiyyətinin (ASC) iştirakı ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında qaz tədarükünə dair müqavilələr əsasən mövsümi xarakter daşıyır: “Bu müqavilələr qarşılıqlı qaz tədarükü öhdəliyi yaradır. 2006-cı ildə “Şahdəniz” qaz kondensat yatağının işlənməsi ilə bağlı “Mərhələ-1” layihəsinin sənaye istismarına verilməsindən sonra, Azərbaycanın qaz təchizatı ilə bağlı kənar mənbələrdən böyük həcmlərdə qaz tədarükünə ehtiyac yaranmadı. 2010-2015-ci illərdə müqavilə əsasında SOCAR “DAP Şirvanovka” sərhəd təslimi şərti altında Dağıstanın qaz təminatı ilə bağlı “Bakı-Novo Filya” qaz kəməri vasitəsilə Rusiya Federasiyasına davamlı qaz ixracı həyata keçirib. 2019-2020-ci illərdə iki ölkə arasında hər hansı istiqamətdə qaz tədarükü həyata keçirilməyib”.
Z.Vəliyev vurğulayıb ki, hazırda Azərbaycanın nə daxili təlabatı, nə də beynəlxalq ixrac qabiliyyətinin təmin edilməsi üçün hər hansı mənbədən təbii qaz idxalına ehtiyacı yoxdur: “Azərbaycanın daxili qaz tələbatını ödəməsi üçün xaricdən, yəni idxaldan asılılığı yoxdur. Eləcə də Azərbaycanın beynəlxalq qaz ixracı öhdəliyini yerinə yetirməsi üçün hansısa qonşu ölkədən qaz idxal etməsinə gərək yoxdur. Yəni, indiki halda “Politico”nun ortaya atdığı iddia əsassızdır. Tam əminliklə deyə bilərəm ki, “Cənub Qaz Dəhlizi” və konfiqurasiyası Qərb istiqamətinə yönəlmiş digər ixrac güclərimiz vasitəsilə ixrac etdiyimiz təbii qazın molekul tərkibi Azərbaycan mənşəlidir və heç bir qarışığı yoxdur”.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ