İnsanlara hürriyət, millətlərə istiqlal!

İnnovasiya və startap sektorunda Azərbaycanın qlobal reytinqi niyə aşağıdır - rəy

Osman Gündüz: “Bu reytinqlərdə son 5 ilin dinamikasını təhlil edəndə görmək olar ki, bu sektorda ciddi problemlərimiz var”

Ötən ay “Qlobal İnnovasiyalar İndeksi 2023" dərc olunub. Builki qlobal innovasiya reytinqi 132 ölkəni əhatə edib. Bu hesabata görə Azərbaycan Cənubi Qafqazda və ümumiyyətlə, region ölkələri arasında ən sonuncu yerlərdə qərarlaşıb. Bu barədə məlumat verən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, Azərbaycanda innovasiyalar sahəsində irəliləyiş kifayət qədər aşağı sürətlidir:

“İndeksdə  İsveçrə, İsveç və ABŞ müvafiq olaraq 1-3-cü yerləri tutublar. Bizə yaxın olan Türkiyə 39, Rusiya 51, Gürcüstan 65, Ermənistan 72, Qazaxıstan 81, Özbəkistan 82, Azərbaycan 89, Qırğızıstan 106-cı yerləri tutub. Bu qədər resursların qarşılığında, bir neçə cavabdeh dövlət qurumu olduğu halda, hətta yeni bir Agentlik də yaranmasına baxmayaraq, Azərbaycanın 89-cu yerdə olması, il ərzində cəmi 4 pillə irəliləməsi xeyli düşündürücüdür. Hesabatdan görsənir ki, Gürcüstan və Ermənistan ötən illə müqayisədə daha irəli gedə biliblər".

Nəticələrdən aydın olur ki, Azərbaycanda yenə də əsas problem “İnnovasiya nəticələri” bölməsi üzrə olub, bu bölmə üzrə ölkəmiz hədsiz aşağı yerlərdə qərarlaşıb: “Bu isə anlaşıqlı desək, hesabatı hazırlayanların məntiqinə görə o deməkdir ki, Azərbaycanda innovasiyalara yetərincə resurslar ayrılıb, amma nəticə adekvat olmayıb, effektivlik olmayıb. Bu, hesabatdakı diaqramlardan da görünür. Xatırlayıram ki, ötən ilin sonu təşkil olunan innovasiya sammitində daha ciddi mesajlar verilmişdi. Lakin reytinq cədvəlindən göründüyü kimi, vəziyyət olduqca narahatedicidir.

Prezidentin innovasiyaların inkişafı ilə bağlı konkret tapşırıqları, fərmanı var. Əlbəttə, bir neçə il öncə İnnovasiya Agentliyinin müəyyən dövr iflic vəziyyətdə olması da bu məsələdə müəyyən rol oynayıb. Lakin xeyli müddətdir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaranıb. Qurum bəzi sahələrdə müəyyən dinamika yarada bilib.

Hesabatdan da göründüyü kimi, innovasiya və ekosistemlə bağlı vəziyyət qənaətbəxş deyil. Hətta deyərdim ki, qonşu ölkələrlə müqayisədə, bu qədər potensial imkanlarımız baxımından çox narahatedicidir".

O.Gündüzün sözlərinə görə, startap sektorundakı vəziyyət də ürəkaçan deyil: “Global StartupBlink qurumunun bir neçə ay öncə dərc edilən cari il üçün startap ekosistemlə bağlı hesabatında da Azərbaycanla bağlı vəziyyət heç də ürəkaçan deyil. Azərbaycan 2023-cü ildə bir pillə irəliləyərək 100 ölkə arasında 84-cü yerdə qərarlaşıb. Hesabatda Bakı şəhəri şəhərlərarası reytinqdə 31 pillə irəliləyib. Ötən il isə əvvəlki illə müqayisədə Azərbaycan 4 pillə irəliləmişdi, 2021-ci ildə 19 pillə geriləmişdi. Azərbaycan bu reytinqdə hələ də 3-4 il öncəki vəziyyətini (70-ci yer) bərpa edə bilməyib.

Hesabatdan görsənir ki, artıq iki ildir  ASAN StartupBlink qurumu ilə partnyorluq edir. Adıçəkilən hesabatda da Azərbaycanda ekosistemin inkişafında ASAN-ın xüsusi rolu qeyd edilib. Adıçəkilən reytinqdə qonşu ölkələrin vəziyyəti bizimlə müqayisədə daha yaxşıdır.

Məsələn, startap ekosistemin inkişafına görə cari ildə Gürcüstan 2 pillə irəliləyərək 71-ci yeri, Ermənistan 3 pillə irəliləməklə 57-ci yeri qazanıb. Maraqlıdır ki, müharibə şəraitində olan Ukrayna da bir pillə irəliləyə bilib və reytinqdə bizə nisbətən xeyli öndədir. Belarus 10 pillə geriləsə də, Azərbaycanla müqayisədə öndədir.

Göründüyü kimi, təəssüf ki, startap ekosistem sahəsində də Cənubi Qafqazda və region ölkələri arasında çox aşağı yerlərdəyik. Bu qlobal hesabatlara baxanda görmək olar ki, ötən il sektorda dinamika daha çox olmuşdu.

Bu reytinqlərdə son 5 ilin dinamikasını təhlil edəndə görmək olar ki, bizim bu sektorda ciddi problemlərimiz var. İRİA-adan gözləntilər çoxdur, yarış-müsabiqələrə, bəsit tədbirlərə və kollektiv formatda xarici səfərlərə deyil, daha çox mühitin inkişafına fokuslanmaq doğru olardı.

İki gündən sonra ölkəmizdə İnnovasiya Sammiti baş tutacaq.

Ümid edirəm ki, sammitdə innovasiya və startap ekosistemlə bağlı cavabdeh qurumların hesabatları olacaq, bu qədər nəhəng potensiala malik Azərbaycanın nüfuzlu qurumların qlobal reytinqlərində nə üçün ən aşağı pillədə olması, nə üçün region ölkələrindən çox geridə olması da müzakirə predmeti olacaq".

Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı fərmanın icrası çərçivəsində Azərbaycanda startap şəhadətnaməsi alan mikro və kiçik biznes subyektləri 3 il müddətində innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edilir.

Startap şəhadətnaməsi Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən vergi ödəyicisi olan mikro və ya kiçik sahibkarlıq subyektlərinə verilir. Müraciət edən orta və ya iri sahibkarlıq subyektinin təsisisçisi olarsa, həmin təsisçinin hüquqi şəxsdə payı 49%-dən çox olmamalıdır.

“Startap” şəhadətnaməsi gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməyən məhsul (xidmət) istehsalı üçün təqdim edilir.

Startap şəhadətnaməsini Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) verir. KOBİA-nın saytında yerləşdirilən məlumatdan aydın olur ki, indiyədək 118 biznes subyekti startap şəhadətnaməsi alıb. Bu şəhadətnaməni alan bir sıra biznes subyektləri fəaliyyətlərini genişləndirib orta sahibkarlıq subyekti kateqoriyasına uyğunlaşdıqdan sonra onların vergi güzəştləri avtomatik ləğv olunur.

O.Gündüzün verdiyi məlumata görə, bu il KOBİA-dan Startap şəhadətnaməsi alan “SmarTap” və “Push30" startapları belə problemlə qarşılaşıblar: "Təqdimatlarından xatırlayıram ki, ikisi də ciddi və iddialı qurumlar idi. Əldə etdiyim məlumata görə, onlar ötən müddət ərzində dövriyyələrini kəskin artırdığından güzəşt hüququ verən startap şəhadətnamələri qüvvədən düşmüş hesab edilib. Nəticədə böyük məbləğdə vergi ödəmək məcburiyyətində qalıblar. Bunu belə hesab edən də Dövlət Vergi Xidmətidir.

Burada maraqlı məqam KOBİA tərəfindən verilən bu güzəştlərdən adıçəkilən qurumların yetərincə bəhrələnməsi və inkişaf edə bilməsidir. Yəni bu startaplar vergi güzəştləri əldə edərək, bu tip resursları da inkişafa yönəldərək qısa müddətdə yüksək inkişafa nail olublar. Normalda onların bu addımları daha da dəstəklənməli və ekosistemə nümunə olmalıydı. Yəni əslində DVX diqqət yetirə bilərdi ki, cəmi bir startap qısa müddətə, indiyədək şəhadətnamə alaraq güzəşt əldə edən startapların ödəyə biləcəyi vergidən dəfələrlə çox vergi ödəyə bilib.

Belə olan halda vergi qurumu daha çox maraqlı olmalıydı ki, bu cür güzəştləri alanların sayı çoxalsın ki, yekunda dövlətə daha çox vergi ödəyənlərin də sayı artsın".

DVX-nin vergiyə cəlb etdiyi həmin iki startap KOBİA-nın güzəştlərindən bəhrələnə bilmədiklərindən, dövlətin başqa bir güzəştt mexanizminə üz tutublar: “Belə ki, onlar artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən 8 illik güzəşt hüququ əldə ediblər. Xatırladıram ki, ötən ilin sonlarında proqram istehsalı və sistem inteqrasiyası ilə məşğul olan İKT şirkətləri Prezidentin fərmanı ilə 10 il müddətinə vergi və sosial güzəştlər əldə edib. Düşünürəm ki, hökumət bu məsələlərə bir aydınlıq gətirməlidir. Belə yanaşma qüsurludur. Startapları belə qaçaqaç vəziyyətinə salmaq doğru deyil. Ekosistemin inkişafı üçün vahid yanaşma sərgilənməli, normal bir inkişaf mühiti formalaşmalıdır.

Bir daha vurğulamaq istərdim ki, İqtisadiyyat Nazirliyinin tabeliyində olan KOBİA tərəfindən verilən şəhadətnamə, bu nazirliyin digər qurumu tərəfindən hansısa sənədlərə istinad etməklə qüvvədən salınacaqsa, onda, ümumuiyyətlə, dövlətin bu tip dəstək mexanizmi öz mahiyyətini itirmiş olur. Ehtiyac var ki, hökumət, İqtisadiyyat Nazirliyi bu məsələlərə yenidən baxsın, mexanizmlər təkmilləşdirilsin.  Ötən ilin sonu Prezident tərəfindən qəbul edilən İKT güzəştləri ilə bağlı olan 10 illik güzəşt periodunun Startap şəhadətnaməsinə də şamil olunması doğru olardı.

Yaxud da gərək KOBİA-da bir TexnoPark yaradıb startaplara rezidentlik statusu verilsin ki, uzunmüddətli güzəştlər kateqoriyasına daxil ola bilsin. Düşünürəm ki, indiki zamanda az sayda olan bu tip dəstək mexanizmlərini nəinki dayandırmaq, əksinə, daha da inkişaf etdirmək doğru olardı. Regionun digər ölkələri, inkişaf etmiş ölkələrdə müqayisədə bizdə bu sahədə görüləcək işlər hədsiz çoxdur.

Fikrimcə, İqtisadiyyat Nazirliyi, Prezident Administrasiyasının müvafiq şöbələri bu məsələyə aydınlıq gətirməlidir. Prezidentin bilavasitə təşəbbüsü ilə tətbiq edilməyə başlayan dövlətin dəstək mexanizmləri digər hüquqi aktlara istinad olunmaqla bir anda ləğv edilir. Ortada ciddi maraq toqquşmaları var. Nazirliyin bir qurumu inkişafa dəstək vermək üçün güzəştlər səlahiyyəti verdiyi halda, digər qurumu bu səlahiyyəti bir anda heç edir. Düşünürəm ki, bununla bağlı Vergilər Məcəlləsinə də müvafiq müddəalar daxil etmək doğru olardı".

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR