İnsanlara hürriyət, millətlərə istiqlal!

İngilis və fransızların əyləncəsi: Morqa gedirlər, mumiya oğurlayır və yanan çəlləyi daşıyırlar

Zövqlər və maraqları müzakirə etmək düzgün hesab olunmur. Amma bəzən bu maraqlar, hobbilər cəmiyyətdə həm həyat, həm etik normalar üçün təhlükə saçır.

Texnologiyanın sürətli inkişafı insanların maraqlarına təsir edir, eyni zamanda onları eyniləşdirir. İndi demək olar ki, hər kəsin arzuları, zövqləri müasir texnologiyaya uyğunlaşıb.

Bəs texnologiyanın yox sayıldığı zamanlarda insanlar necə əylənirdilər? Başlarını nə ilə qatırdılar?

Budəfəki məqaləmiz tarixin müəyyən dövrlərində müxtəlif cəmiyyətlərdə insanların qəribə maraq və zövqlərinə həsr olunub.

1800-cü illərin əvvəllərində Paris əhalisinin demək olar ki, yeganə “əyləncə məkanı” morqlar idi. Müstəmləkələrin amansız istismarı alovlanmadan öncə morq ekskursiyaları təşkil olunurdu.

Cəsədlər hamının rahat görə biləcəyi yerlərdə bir neçə gün boyunca sərgilənirdi. Morqların “sərgi salon”ları sübh çağında açılır, axşamın gec saatlarına qədər fəaliyyət göstərirdi.

1861-ci ildə Amerikada baş verən vətəndaş müharibəsi yerli əhalinin (hinduların deyil- gəlmə amerikalıların) asudə vaxt keçirmə vərdişlərinə təsir etmişdi. Mülki vətəndaşlar yığışıb müharibə gedən əraziləri seyrə gedirdilər. Döyüşlərin hansı texnika, silahlarla aparıldığına baxırdılar. Bəzən belə döyüş səhnələrindən sonra müharibələrin nə zaman bitəcəyinə dair təxminlər irəli sürürdülər.

19-cü əsrdə İngiltərənin varlı təbəqəsi özünə “maraqlı” əyləncə tapmışdı. Antik Misirdə mumiyaların kəşfi digər kəşflər kimi onlara da yalnız fəlakət gətirmişdi. Minillərlə qorunan tarix aylar içində yerlə-yeksan olmağa başladı. Qarət olunan sərdabələr, məzarlar xarabalıqlara çevrildi. Bəzən mumiyalar açıq bazarlarda ucuz qiymətə satılır, bəzən də lazımsız əşya kimi qarət olunan məzarların kənarına atılırdı.

İngiltərənin varlıları isə bu mumiyalardan da özlərinə əyləncə düzəldə bilmişdilər. Əyləncə gecələri təşkil olunurdu və bu gecələrdə Misirdən gətirilən mumiyalar ilk dəfə açılıb nümayiş olunurdu.

Orta əsrlərdə, Avropanın başının özünə qarışan dövründə bir futbol əyləncəsi də var idi. Belə ki, şəhərlərin boş küçələrində yüzlərlə əhali yığışıb futbol oynayırdılar. Oyunda yalnız cinayət törətmək qadağan idi.

İngiltərənin günümüzdə də qorunub saxlanan başqa bir  ənənəvi əyləncəsi mövcuddur. Tarixi 1600-cü illərə qədər gedən bu adətin adı “yanan çəllək” oyunudur. Şəhərin mərkəzində yandırılan çəlləyi oyunun iştirakçıları bellərində evlərinə qədər daşımalı idilər.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR