Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, martın 14-də “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb. Dövlət başçısı İlham Əliyev Forumda çıxış edib.
Prezident çıxışında bir sıra məqamlarla yanaşı Azərbaycan-Ermənistan münaqişəsinin hərbi yolla həllindən, hazırkı məqamda isə sülh müqaviləsinin bağlanmasının qaçılmaz olmasından danışıb:
“Münaqişənin niyə sülh yolu ilə həll olunmamasının əsas səbəbi bu və həmçinin sözsüz ki, Ermənistan hökumətlərinin-1990-cı illərin əvvəllərindən başlayaraq bu günə kimi müxtəlif hökumətlərin qeyri-konstruktiv mövqeyi idi. Dünyanın aparıcı paytaxtlarından bizə mütəmadi olaraq göndərilən başqa bir mesaj da var idi ki, münaqişənin hərbi yolla həlli yoxdur. Dedik yaxşı, biz bununla razılaşa bilərik, bəs alternativ nədən ibarətdir. Əgər alternativ işğalla razılaşmaq, bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizin təqribən 20 faizində separatçı rejimin mövcudluğu ilə razılaşmaqdırsa, bu, bizim razılaşa biləcəyimiz məsələ deyil.
Biz bir halda hərbi yolla həllin olmadığı ilə razılaşa bilərik ki, siz Minsk qrupu həmsədrləri, dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Ermənistan işğalçı qüvvələrini bizim torpaqlarımızdan geri çəkilməyə məcbur edəsiniz. Siz, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qəbul edənlər bu qətnamələrə əməl olunmasını təmin etməlisiniz, əks halda münaqişə heç vaxt həll olunmayacaq.
Əfsuslar olsun ki, bizim münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdlərimiz uğursuz oldu, səbəbini isə mən artıq izah etdim. Beləliklə, münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir. İndi baş verən də məhz budur. İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Bu, bizim ötən ilin sentyabrında 24 saatdan da az vaxt ərzində həyata keçirdiyimiz antiterror əməliyyatının nəticəsidir ki, Azərbaycanda separatçılığa birdəfəlik son qoyduq və suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik.
Beləliklə, biz 2020-ci ilin sentyabr-noyabr aylarında onlara dərs vermək məcburiyyətində olduq və düşündük ki, bu dərs onlara kifayət edəcək və onlar başa düşəcəklər ki, xarici qüvvələrə güvənərək başqa ölkənin torpaqlarını işğal altında saxlamağın vaxtı artıq bitib.
Son 3-4 ildə sülhə nail olmaq imkanı var idimi? Bəli, var idi. Bunun üçün Ermənistan sülh müqaviləsinin tərəfimizdən hazırlanmış layihəsinə konstruktiv yanaşmalı və bu sülh müqaviləsinə dırnaqarası “dağlıq qarabağ respublikasının” statusunun daxil edilməsi üzərində israr etməməli idi. Birincisi, belə bir respublika mövcud deyil. O, ancaq onların xülyalarında və mifologiyasında mövcuddur. İkincisi də bizim mövqeyimiz yenə də beynəlxalq hüquqa tamamilə uyğun idi. Dövlətlərarası sazişlərdə daxili siyasət məsələləri yer almamalıdır”.
Göründüyü kimi Azərbaycan sülh müqaviləsinə hazırdır və Ermənistanın bu istiqamətdə əməli addımlar atmasını istəyir.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, sazişin mətni ilə bağlı artıq danışıqlar prosesi yekunlaşıb.
“Biz bir neçə dəfə məlumat vermişdik ki, son iki maddə qalıb və yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb. Buna görə, mətn üzrə işlərin yekunlaşdırılmasını biz qeyd edə bilərik”, - o bildirib.
Nazir qeyd edib ki, növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların Konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırılması baş tutsun:
“Əlavə olaraq, keçmiş münaqişənin qalıqları olan Minsk Qrupu və onun digər təchizatlarının da ləğv olunması vacib amildir”.
Ermənistan XİN isə məlumat yayaraq bildirib ki, İrəvan Azərbaycanla sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır.
Politoloq Tofiq Abbasov Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistan sülh prosesini dayandırmaq üçün müxtəlif iddialar səsləndirir:
“Ermənistan indi isterik şəkildə iddia edir ki, guya, Azərbaycanda 23 separatçının üzərində qeyri-qanuni məhkəmə prosesi gedir, onlara ittihamlar irəli sürülür və s. Məhkəmə prosesi davam etdikcə ifadə verənlər Ermənistanın baş verənlərdə bilavasitə iştirakını sübut edir. Baş verən münaqişələrin məsuliyyəti Ermənistanın üzərindədir. Qarabağda baş kəsənlər əlbəttə ki, Ermənistanın təlimatlarını həyata keçirirdilər.
Sülh müqaviləsinin bağlanması üçün ilk növbədə Ermənistan təzminat ödəməli, özünün günahını boynuna almalı və bütün cinayətkarları Azərbaycana təhvil verməlidir. Ermənistan nataraz və təhlükəli siyasi kurs yeridən ölkədir. Ona görə də Ermənistan gərək, özünün aqressiv siyasətindən əl çəksin, konstitusiyasına dəyişiklik etsin. Azərbaycan Paşinyan hökuməti ilə yox, Ermənistan dövləti ilə saziş bağlamaq istəyir. Çünki Paşinyandan sonra hakimiyyətə gələn şəxs deməməlidir ki, onun imzaladığı sənədi tanımıram. Azərbaycanın tələbləri qanunidir. Müharibə onun ərazisində baş verib, xeyli insan itkisi olub. Ona görə də diktə edən tərəf bizik. Və irəli sürdüyümüz tələblər dünya qanunvericiliyinin təsbit etdiyi normalara uyğundur. Biz burada əlavə, izafi bir şey istəmirik. Ermənistan bunları gərək qəbul etsin və bizi inandırsın ki, o, artıq aqressiv siyasətindən əl çəkir. Ermənistanın işğalçılığına görə Azərbaycan xalqı iki dəfə müharibə gördü.
Fransa prezidenti Emmanuel Makron indi canfəşanlıq edir. Özünü elə göstərir ki, sülh müqaviləsinin 17 bəndinin razılaşdırılmasına sevinir. Aydındır ki, Ermənistan və Fransa bu məsələdə hiyləyə əl atır. Ermənistan qəfildən deyir ki, 16 və 17-ci bəndlə razıdır. Çünki onlar başa düşür ki, Azərbaycanın tələbləri olacaq, indidən çalışırlar ki, aldatsınlar. Digər tərəfdən də Ermənistan silahlanır. İndi Azərbaycan tərəfi bunların sözünə inansın, yoxsa əməllərinə?!”.
Şahanə Rəhimli,
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ