İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin mühüm mesajı - sabitliyin qarantının müəllifi

Azərbaycan regionun və dünyanın ən güvənli ölkələrindən birinə necə çevrildi...

“Bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi - bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik”.

Bu sözləri Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı söyləyib.

“Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və əminəm ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq”, - deyə dövlət başçısı bildirib.

Dövlət başçısı qeyd edib ki, hər yerdə ədalət olmalıdır - beynəlxalq münasibətlərdə, ailədə, hər bir ölkədə, hər bir cəmiyyətdə. Biz buna çalışırıq: “Biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik və bununla qürur duyuruq. Əminəm ki, bu şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Biz döyüş meydanındakı Zəfərimizə idman qələbələrini də əlavə etdik və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir, onu əks etdirir. Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir”.

Aydın Hüseynov: “Onun əziz xatirəsi hər zaman anılacaq” - Oxu.az

Aydın Hüseynov

Deputat Aydın Hüseynov bildirdi ki, Azərbaycanın dünyada sabitliyin hökm sürdüyü, müstəqil siyasət yürüdən azsaylı ölkələrdən birinə çevrilməsi məhz Ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin  uğurlu siyasəti nəticəsində nail olunub: “İlham Əliyevin ilk dəfə prezident seçildiyi 2003-cü ildən ölkəmizdə keyfiyyətcə yeni inkişaf mərhələsi başlanıb. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 21 il sistemli inkişaf dövrü olub. O, ölkəmizi sürətlə inkişaf etdirərək, bölgənin lideri və söz sahibi, dünya birliyində isə öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirdi. Müasir Azərbaycanın memarı, Ümummilli lider Heydər Əliyevin siyasi varisi olan Prezident İlham Əliyev uzaqgörən və müdrik iqtisadi siyasət həyata keçirməklə ötən 21 il ərzində Azərbaycanda misli görünməmiş quruculuq işləri aparıb və xüsusilə sosial-iqtisadi sahələrdə möhtəşəm uğurlara imza atıb. Sözsüz ki, bu nailiyyətlərin hər birinin təməlində Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik irsi və unikal inkişaf modeli dayanır. Xalqın gələcəyini düşünən əbədiyaşar lider zamanı qabaqlayaraq ölkəyə rəhbərliyinin bütün dövrlərində respublikamızın davamlı inkişafını və müstəqilliyimizin möhkəmləndirilməsini təmin etmək istiqamətində böyük işlər görmüş, Azərbaycanın strateji maraqlarının qorunması üçün zəruri və qəti addımlar atmışdır. Prezident İlham Əliyevin yetkin siyasətçi kimi formalaşmasında birbaşa Heydər Əliyev faktorunun əvəzolunmaz rolu var. Eyni zamanda özünün unikal siyasi dühası, zəngin elmi fəaliyyəti, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda tədqiqatçı-alim kimi püxtələşməsi və diplomatiya, beynəlxalq münasibətlər sahəsində peşəkar kadr kimi özünü təsdiq etməsi onun siyasi istedadının formalaşmasında mühüm rol oynamışdır. Cənab İlham Əliyev gənc yaşlarından dövlətin iqtisadi-siyasi ənənələrinin və inkişaf modelinin yaranmasında yaxından iştirak etmiş, həmin illərdə ölkəmizin iqtisadi həyatında xüsusilə vacib bir faktora çevrilmiş enerji diplomatiyasının uğurlarında misilsiz xidmətlər göstərmişdir. 

1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev deputat olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərib, qanunvericilik sahəsində yaxından iştirak edərək ali qanunvericilik orqanının fəaliyyətinə yenilikçi siyasətçi kimi sanballı töhfələr verib.  

Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti və qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Qarabağ və ətraf rayonların işğalı barədə Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş və həlli yolunda mühüm addımlar atılmışdır. 

Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsindən sonra əsas hədəfi güclü Azərbaycan qurmaq və dövlətin iqtisadi qüdrətini artırmaqla, bir nömrəli problemi - Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsi məsələsini həll etmək olmuşdur. Beynəlxalq siyasi və iqtisadi münasibətlər sistemində Azərbaycanın etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi qüdrətini artırmaq Prezident İlham Əliyevin qarşısında dayanan əsas məsələlərdən biri idi. Ümumilikdə, bütün bu faktorların gerçək həllini tapmasında başlıca vəzifə güclü iqtisadiyyatın formalaşdırılması idi. Güclü iqtisadiyyata malik, xalqına arxalanan iradəli lideri olan ölkə təbii ki, müstəqil siyasət aparmaq gücünə sahiblənməli və sabitlik adası olmalı idi. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyə stimul rolunu oynadı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzu daha da artdı, müxtəlif ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr möhkəmləndi, diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsi kimi daim diqqətdə saxlanıldı. Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi baza formalaşdı, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu arasında yer aldı. Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə Ermənistanın 30 illik işğalına son qoydu. 2023-cü ildə şanlı ordumuzun keçirdiyi bir günlük lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərqərar oldu".

Deputat vurğuladı ki, Prezident İlham Əliyevin siyasətinin əsas qayəsini daim xalqa arxalanmaq, xalqın, dövlətin maraqlarını hər şeydən üstün tutmaq, xalq-iqtidar birliyi, qətiyyətli və müstəqil siyasət yürütmək təşkil edib. Azərbaycanın sabit və regionun lider dövləti statusuna malik müstəqil siyasət yürüdən ölkə səviyyəsinə yüksəlməsində bu siyasət öz sözünü deyib. 

Mahir Süleymanlı yazır-Zəfər yürüşünün strateji dönüş nöqtəsi… - Xalq.Az

 Mahir Süleymanlı

Milli Məclisin Gənclər və idman, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin üzvü Mahir Süleymanlı isə bildirib ki, Azərbaycan sabit və inkişaf etməkdə olan, müstəqil siyasət aparan ölkə dünyada seçilən ölkələrdəndir. Bu nailiyyətin təməlində Ulu öndər Heydər Əliyev siyasətinin çox böyük məharətlə son 21 ildə Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi dayanır: “Son 21 ildə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan sosial-iqtisadi sahədə böyük uğurlar əldə edib. Bu dövr ərzində iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prioritet olmuş, neft gəlirlərinin dayanıqlı inkişaf məqsədləri üçün istifadəsi təmin edilib. Azərbaycanın enerji sahəsindəki uğurları, xüsusilə "Əsrin müqaviləsi" əsasında formalaşan enerji strategiyası ölkəni yalnız regionda deyil, həm də dünya miqyasında etibarlı enerji tərəfdaşına çevirib. Cənub Qaz Dəhlizi çərçivəsində TANAP və TAP kimi layihələr Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirib. Bu dövrdə həyata keçirilən regional inkişaf proqramları nəticəsində müasir infrastrukturun qurulması, yolların, körpülərin, xəstəxanaların, məktəblərin və digər sosial obyektlərin tikilməsi əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizədək azaldılması və işsizlik səviyyəsinin aşağı salınması Prezident İlham Əliyevin sosial siyasətinin uğurlu nəticəsidir. Azərbaycan həmçinin ictimai-siyasi sabitlik baxımından mühüm uğurlar əldə etmiş, bu da ölkənin inkişafının əsas sütunlarından biri olub. Dövlət başçısının uzaqgörən siyasəti və xalqla qarşılıqlı etimadı, həmçinin sabit bir mühitin yaradılması daxili və xarici təhdidlərin qarşısını almağa imkan verib.

Bu gün Azərbaycan regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir. Dövlət başçısının rəhbərliyi dövründə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilib və yenidən qurulub. 2025-ci ildə Laçın Beynəlxalq Hava Limanı istismara verildikdən sonra Azərbaycanda beynəlxalq hava limanlarının sayı 9-a çatacaq. Hazırda Prezident İlham Əliyev Azərbaycanın “yaşıl enerji” ölkəsi statusunun dünya miqyasında möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparır. Uğurlu və qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və irimiqyaslı layihələr Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına təkan verməkdədir".

Deputat qeyd etdi ki, Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın ümumi daxili məhsulu real ifadədə 3,7 dəfə artıb. Bu, son iki onillikdə qlobal miqyasda əldə olunan ən yaxşı iqtisadi nailiyyətlərdən biridir: “Ötən 21 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə, dövlət büdcəsinin xərcləri 31 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3700 manatdan çoxdur. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artmışdır. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın artaraq, 13 256 manat təşkil etmişdir. Aparılan çoxşaxəli iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişaf tam təmin olunub. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 8 faizini təşkil edir.  Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 72 milyard dolları keçib. Bu dövr ərzində ölkəmizdə sərmayələrin ümumi həcmi 310 milyard ABŞ dollarından çoxdur və onlardan 200 milyard dolları qeyri-enerji sektoruna yatırılıb.

Beynəlxalq arenada Azərbaycan müstəqil siyasəti ilə seçilir. Qoşulmama Hərəkatına sədrlik çərçivəsində ölkəmizin pandemiya dövründə göstərdiyi qlobal həmrəylik nümunəsi Azərbaycanı beynəlxalq aləmdə daha da tanıdıb. Azərbaycanın müasir dövrdə beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, həmçinin COP29 və digər mötəbər konfransların keçirilməsi ölkəmizin dünya miqyasında imicini daha da möhkəmləndirib. Ən əsası Prezident İlham Əliyev bütün fəaliyyəti boyu xalqına arxalanıb, xalqının maraqlarını hər şeydən üstün tutub. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi sayəsində Azərbaycan son 21 ildə sabitlik və inkişaf modeli kimi dünya səviyyəsində nüfuz qazanan bir dövlətə çevrilib".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR