İnsanlara hürriyət, millətlərə istiqlal!

İldırımlar kabusa çevrilib, çoxalma səbəbi nədir? - mütəxəssis açıqladı

Dosent Təranə Nurubəyli: “Ən çox risk altında olanlar ferma işçiləri, gəzintidə olan turistlər, açıq sahələrdə çalışan insanlardır”

Bir müddət əvvəl dünyanı zəlzələ kabusu cənginə almışdısa, indi də insanlar ildırım vurmasının  fəsadları ilə üz-üzə qalıb. “Yeni Müsavat” xəbər verir ki, iyunun əvvəlində Çexiyanın şimalındakı Liberets şəhərində ildırım vurması nəticəsində 18 nəfər xəsarət alıb. Çexiya DİN-in X səhifəsində məlumat yayılıb. Yaralılar xəstəxanaya yerləşdirilib. May ayında isə Drezdendə ildırım vurması nəticəsində on nəfər xəsarət alıb. Almaniyanın qərbindəki Soest şəhərində də gənc yanğınsöndürənlərin düşərgəsinə ildırım düşüb. İldırım vurması nəticəsində 38 nəfər xəstəxanaya yerləşdirilib, 700 nəfər isə təxliyə edilib. Almaniya Meteorologiya Xidmətinin məlumatına görə, ildırımın vurma gücü təxminən 119 kiloamper olub. Müqayisə üçün qeyd edək ki, adi bir ampul 0,4 amper cərəyan sərf edir. 

Azərbaycanda da may-iyun ayları ildırım vurmaları tez-tez müşahidə edilib. Belə ki, mayın 31-də 4 nəfəri ildırım vurub, onlardan 3-ü ölüb. Hadisə Şəmkir rayonunun Yeni Həyat kəndində qeydə alınıb. Kənddə çobanlıq edən 1963-cü il təvəllüdlü Musayev Züriyyət Əli oğlunu ildırım vurub. O, hadisə yerində dünyasını dəyişib. Şəmkir rayonun Zəyəm kəndində isə qadını ildırım vuraraq öldürüb. Şəmkir rayon sakini, D.Qurbanova ildırım vurması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. Gəncədə 24 yaşlı oğlanı ildırım vurub. Tovuzda da 14 yaşlı oğlanı ildırım vuraraq öldürüb. 2010-cu il təvəllüdlü, Tovuz rayon Ağdam kənd sakini Abdullazadə Səbuhi Samir oğlu yaşadıqları evin yaxınlığında heyvanlarını otararkən ildırım vurması nəticəsində hadisə yerində ölüb. 

İyunun 9-da isə Azərbaycanın iki hərbi qulluqçusu ildırım vurması nəticəsində həlak olub. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, DSX-nın Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

İldırım vurmaları bir neçə rayonda evlərə, təsərrüfatlara ciddi ziyan verib, bir neçə evdə yanğın baş verib. Bəs son vaxtlar ildırım vurmaların bu qədər çoxalmasının səbəbi nədir? Bundan necə qorunmalı? 

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Fizika İnstitutunun, Yüksək gərginliklərin fizikası və texnikası laboratoriyasının rəhbəri, fizika elmləri doktoru, dosent Təranə Nurubəyli bunları bildirdi:

WhatsApp Image 2024-06-11 at 13.42.51.jpeg (39 KB)

“İldırım çaxması əsasən isti havalarda baş verir. Atmosfer qeyri-sabit olduqda buludlar əmələ gəlir. İsti mövsümdə baş verən təbiət hadisəsidir. Əlbəttə, görünüşü çox gözəldir, amma onun törətdiyi fəsadlar çox qorxuncdur. İsti hava axını yuxarı qalxdıqda soyuq hava axını ilə toqquşur, bununla da  bulud əmələ gəlir, ildırım da buludlar arası baş verir. Buna həm də buludla hava, buludla yer arasında nəhəng elektrik boşalması deyilir. İldırımın adətən davam etmə müddəti yarım saat olur, bundan çox olmur. Təsəvvür edin, ildırımdan çıxan elektrik cərəyanı hansısa məişət avadanlığından, misal üçün, paltaryuyan maşın üçün sərf olunan elektrik enerjisindən 2300 dəfə çoxdur. Hər il 30-60 insanı ildırım vurur, onlardan təqribən 3-ü ölümlə nəticələnir. Ən çox risk altında olanlar ferma işçiləri, gəzintidə olan turistlər, açıq sahələrdə çalışan insanlardır. Çox təəssüf ki, ölkəmizdə də yaxın vaxtlarda bir neçə belə hadisə baş verdi. Bu qlobal istiləşmə nəinki Azərbaycana, hətta bütün dünyada baş verən proseslərin nəticəsidir. Havanın istiləşməsi, qlobal temperaturun artması ildırımların sayının çoxalmasına gətirib çıxarır. Yəni istilik dərəcəsi hər dəfə artdıqca ildırım sayının təqribən 12 faiz çoxalmasına səbəb olur. ABŞ-da ildə təqribən 25 milyon ildırım olur. Bunların hamısı iqlim dəyişikliyinin, qlobal istiləşmənin, havanın hərarətinin artmasının, eyni zamanda rütubətliliyin artması ilə bağlıdır. O yerlərdəki dəniz, göl çoxdur, o ərazilərdə ildırım baş verməsi halları daha çox olur”. 

Dosent, “Bakıda yaxın günlərdə müşahidə etdik, dəfələrlə ildırım çaxsa da, sonra yağış yağmadı, bunun səbəbi nədir” sualına belə cavab verib: “Yüksək temperaturda yaranan ildırım növüdür ki, buna quru ildırım deyilir. Quru ildırım çox nadir hallarda baş verir, amma çox pis fəsadlara səbəb olur. Birincisi, meşə yanğınlarına, ikincisi isə küləklərin artmasına səbəb olur. Yaxın günlərdə isə şəhəri tozlu duman bürümüşdü, bunun da səbəbi quru ildırım ola bilər. Çünki quru ildırımımın səbəb olduğu təbiət hadisələrindən biri də tozlu dumandır. Quru ildırımın səbəbi yüksək temperaturda və aşağı nisbi rütubətdə baş verməsidir. Yağıntılar atmosferdə buxarlanaraq yer səthinə çata bilmir və belə güclü buxarlanma səbəbinsən buludların altında və onun qaşısında böyük temperatur fərqi yaranır ki, bu da tez tez güclü küləklərin, dırtinaların yaranmasına səbəb olur. Buna görə də ildırım olur, amma yağış olmur”. 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyindən  (FHN) bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ildırımın yaratdığı təhlükələr və bundan qorunmağın yolları barədə aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən mütəmadi olaraq əhaliyə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, ötən gün ildırım vurması insan ölümü və xəsarətlə nəticələnib: “Bu isə hər bir vətəndaş tərəfindən təhlükəli təbiət hadisələrindən olan ildırımla bağlı zəruri davranış qaydalarına ciddi riayət edilməsi zərurətini yaradır. Qeyd olunanları, habelə xüsusilə yaz-yay fəsilləri üçün xarakterikliyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək ildırımla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki, ildırım zamanı:

- qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın; 

- evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın; 

- telefonla danışmayın; 

- elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmayın; 

- daldalanmaq üçün hündür ağacların altında gizlənməyin; 

- nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir. Belə ki, məsələn, ağacın hündürlüyü 4 metrdirsə, həmin ağacdan, ən azı, 4 metr aralı dayanmaq lazımdır; 

- düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çuxurda çöməlib dizlərinizi qucaqlayaraq oturun; 

- yüksəklikdəsinizsə, çökək yerə enin; 

- su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə çıxın; 

- yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən saat, sırğa, üzük, idman əşyaları və s.); - avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin; 

- bağlanan şüşələri olmayan nəqliyyat vasitəsindəsinizsə (bəzi kənd təsərrüfatı texnikası, motosiklet, velosiped və s.), dərhal düşün və ən azı 30 metr aralanın; 

- qrup halındasınızsa, aranızda, ən azı, 1,5 metr məsafə saxlayın. Təhlükə zamanı 112-yə zəng edin". 

Afaq MİRAYİQ,
“Yeni müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR