Onlayn ictimai-siyasi qəzet
15 oktyabr 2023-cü il!!! Bu tarix Azərbaycan xalqı və dövlətinin milli qürur günlərindən biri kimi yaddaşlarda qalacaq. Bu, bircə gündə biz nələrə şahid olduq: on illərdir həsrətində olduğumuz hadisələrə! Milli Sərkərdəmiz, Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev Sərsəng, Xocalı, Xocavənd, Əsgəran qalası, Malıbəyli, Kərkicahan və nəhayət XANKƏNDİ üzərində bayrağımızı ucaltdı! Sözlə ifadə etmək belə çətindir bu möhtəşəmliyi...
O Sərsəng idi ki, on illər boyunca xunta rejimi əjdaha kimi qarşısını kəsmişdi, bizləri suya həsrət qoymuşdu...O Xocalı ki, hər dəfə adını çəkəndə belə, soyqırımın sazağından bədənimiz gizildədi, hirsimiz-hikkəmizi görməzdən gələn dünya oyunçularının biganəliyi də bir tərəfdən...Ləyaqətimizin tapdandığı, milli heysiyyatımızla oynanıldığı ünvan idi. Hələ işğal dövründə adını “İvanyan” qoymuşdular, “İvan”a da xoş gəlməkdən ötrü. Təsadüfi deyildi ki, ötən illərdə erməni işğalçıları Qarabağdakı əksər yaşayış məntəqələrimizi darmadağın etdikləri halda, Xocalıda böyük tikinti işləri aparmışdılar. “Hayastan” Fondu buraya səxavətlə pul ayırırdı, hündürmərtəbəli və həyət evləri tikilmişdi. İşğalçılar hesab edirdilər ki, Xocalıda əbədi qalacaqlar, xüsusilə də Rusiya hərbi kontingenti özünün qərargahını bu şəhərdə qurandan sonra daha çox həvəslənmişdi xunta rejiminin caniləri. Xəyalları sabun köpüyü kimi əridi...Hələ Xocavənd... Xocavənd tərəfə Nərgiztəpə istiqamətindəki səngərlərdən baxıb, “görəsən bir də ayağımız o yerlərə dəyəcəkmi”, deyib köks ötürdüyümüz az olmamışdı. Malıbəyli, Kərkicahan adı gələndə sızıldamışıq türk ellərinin donuz tapdağında qalmasına görə...
Xankəndi isə...O tamam başqa mövzudur. Erməni separatçı-terrorçu rejimi elə ab-hava yaratmışdı ki, az qala bizi də inandırmaq istəyirdilər ki, Xankəndi tamam başqa “planet”di, Azərbaycana aidiyyəti yoxdur. Amma bu sarsaqlar heç olmasa erməni-rus tarixçilərin yazdıqlarını vərəqləməmişdilər, Xankəndiyə ilk erməninin nə zaman gəldiyini öyrənmək istəməmişdilər.
12 oktyabrda Gülüstan Sülh Müqaviləsinin imzalanmasından 210 il keçdi. 1813-cü ilin həmin gününədək, yəni Qarabağ xanlığı Çar Rusiyasına tabe etdirilənədək Xankəndidə bircə erməni və ya rus ailəsi yaşamayıb! Yalnız 1847-ci ildə, köçürülmələr nəticəsində Xankəndinin “sakinləri” arasında 80 erməni, 52 rus ailəsi siyahıya düşüb. Əsasən, İrandan köçürülən ermənilər sayəsində Xankəndidə ermənilərin say artımı baş verir. Üstəlik, Çar Rusiyasının Qafqaz süvari diviziyasının qərargahının, həmçinin kazarmalarının Xankəndidə yerləşməsi ermənilərin getdikcə həm orduda, həm də idarəçilikdə rol almalarına şərait yaradır. Pənahabadın – Şuşanın – 10 km-liyindəki Xankəndi Azərbaycanın yaşayış məntəqələri arasında nisbətən gənclərdəndir, 18-ci əsrin sonlarında Qarabağ xanı İbrahimxəlil xan özünün, ailəsinin istirahət guşəsi kimi saldırmışdı bu kəndi. Amma baxın, hətta ən gənc yaşayış məntəqəmizdə belə, erməninin izi-tozu olmayıb, bunlar “min illik tarix”dən danışıb dünyanın da baş-beynini aparıblar neçə müddətdir. Həm də axı, ora Xan ailəsinin yaşadığı əraziydi, erməni nəkarəydi, oralarda dolaşsın? Və... Gülüstan Müqaviləsinin 3-cü bəndinə əsasən, Qarabağ xanlığı Rusiyaya birləşdirildikdən sonra Xankəndi sonuncu Qarabağ xanı Mehdiqulu xanın həyat yoldaşı Pəricahan bəyimə hədiyyə olunmuşdu. Bu, Xanın mülkü, yadigarı, əmanəti idi. Sonradan erməni daşnakları, vandalları, çörəyi dizi üstə olanları əmanətə bağışlanmaz xəyanət etdilər.
Ermənilər bizi əbədilik Xankəndisiz qoymaq üçün daha nələrə əl atmadılar? Kirovdan aldıqları dəstək hesabına qəsəbənin adını dəyişdilər, özü də ancaq erməni əhalisinin rəyi nəzərə alınmaqla! Başkəsən Kirovun tapşırığı ilə 18 sentyabr 1923-cü ildə Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayəti Komitəsinin qərarı əsasında Xankəndi qəsəbəsinin adı dəyişdirildi. Çar Rusiyasının dəstəyi ilə Qarabağa doluşan ermənilər sovetlər dönəmində düşündülər ki, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, Xankəndi adının “Stepanakert” yarlığına dəyişdirilməsi ilə arxivləri tamamilə məhv edə, tarixi dəyişə, özününküləşdirə, əlyazmaları sonadək yandıra biləcəklər. Anlamadılar ki, Azərbaycan xalqını gen yaddaşı, qan yaddaşı onların xəstə iddialarının hasil olmasına imkan verməyəcək, öləriksə, ruhumuz da döyüşəcək! Təsəvvür edin, azərbaycanlıların soyqırımını həyata keçirən cəlladların başında dayanan Şumyanın adını qoydular Xanın kəndinə! Millətimizin ürəyinə dağ çəkmək üçün etmişdilər bunu. Hətta sonradan, 1926-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Levon Mirzoyan – onun Azərbaycana rəhbərlik etdiyi 1926–1929-cu illərdə çox qanlar tökülüb, ərazilərimizin xeyli hissəsi Ermənistana verilib, o cümlədən Mehri, Zəngilanın Nüvədi kəndi - Xankəndinin baş planının tərtib edilməsi üçün arxitektoru məhz Ermənistandan çağırıb! Qarabağa heç bir dəxli olmayan Aleksandr Tumanyan gəlib Xanın qurduğu kəndin baş planını təqdim edib...Məhz bu səbəbdən də Azərbaycana aid olan bütün abidələr, tarixi ünvanlar məhv edilib. Xanın izini itirmək üçün hər cür fitnələrə əl atıblar.
Sovetlər dövründə Xankəndi də özünün tarixi adına həsrət qoyuldu, 1991-ci ildə şəhərin tarixi adı parlamentin qərarı ilə bərpa edildi. Amma elə həmin il separatçı-terrorçu ermənilər Xankəndinin sakinləri olan azərbaycanlıları deportasiya etdilər, Kərkicahanda qətliam törətdilər, qəbiristanlıqlarımızı belə, yer üzündən sildilər. Bu da İlahinin yazısıdır, haqqın yerini tapmasıdır: Xankəndinin adının dəyişdirildiyi tarixin 100-cü ildönümündə Azərbaycan Ordusu növbəti möhtəşəm Zəfərə imza atdı, cəmi 23 saatlıq əməliyyatla daşnakların sonunu gətirdi. Bu, mümkünsüzün mümkünüdür!
Qalib Ordunun Sərkərdəsinin hərbi geyimdə Xankəndinin mərkəzində Azərbaycan bayrağını ucaltması...Hələ çoxlarımıza yuxu kimi gəlir. 1988-ci ildə hələ “stepanakert”li günlərində həmin ünvanda, həmin meydanda “miatsum” hərəkatına başlamışdı separatçılar, Azərbaycana meydan oxumuşdular illər boyunca. Hətta bu ilin yayında arayikkimilər fəsiləsindən olan canilər Xankəndinin baş meydanında çadırlar qurmuşdular, cilddən-cildə girib, xilas olmaq istəyirdilər. Qanlı cinayətlərə imza atanları heç kim xilas edə bilmədi, onların bir dəstəsi qoluqandallı Bakıya gətirildi, Prezidentin dediyi kimi, təlxəklər çay içirlər...istintaq təcridxanasında!
Sarsaq rejimin əski parçası Baş Komandanın ayaqları altına çox yaraşdı. Bu separatçıların tör-töküntülərinə, İrəvanda baş qaldırmağa çalışan dəstələrə dərs olmalıdır! Prezident bu ilin 28 mayında Laçından xəbərdarlıq etmişdi, xunta rejimi düzgün nəticə çıxara bilmədi, dərsini aldı! Demişdi oyuncaq “parlament”i bağlayın, bitirin bu xəstə iddiaları, özünüz də xilas olun! Amma cani dəstələr toplaşıb özlərinə yeni “prezident” seçdilər. Onların “seçki” keçirdiyi “parlament” zalında 15 oktyabrda bu ölkənin Prezidenti məğrurcasına dayanmışdı. Separatçıların toplaşdığı binanın qarşısından edilən xitabı təkrar-təkrar dinləsin biriləri. Sitat: “Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın”.
Xankəndi xəbərdarlıqlarından sonra Ermənistan və erməniçilik yenə də ağlını başına yığmasa, o halda...Yazmırıq, ardını görəcəklər!
İlham Əliyev Xankəndidə bayrağımızı Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümünün tamamı günündə qaldırdı. Bu, bir hesabat günü idi. Prezident seçiləndə Müqəddəs Qurana və Konstitusiyamıza and içərək Azərbaycan bayrağını işğaldan azad olunacaq bütün ərazilərimizdə dalğalandıracağı barədə vəd verən cənab Əliyev bizimçün əlçatmaz olan hədəfə də nail oldu – bayrağımız və gerbimiz Xankəndidəki inzibati binanı bəzəyir. Xankəndinin komendantı olan Azərbaycan general Ali Baş Komandana raport verdi! Bütün bunlar 20 ilin, son yüz ilin deyil, 200 ilin gözləntisidir! Axı, ermənilər bu yurdumuza ayaq açan gündən azərbaycanlılar üçün rahatlıq olmamışdı. Açığı, bilmirəm, cəmi 23 il yaşayan Xalq Cümhuriyyətimiz dövründə Azərbaycanın üçrəngli bayrağını Xankəndidən asmaq cümhuriyyətçilərimizə nəsib olmuşdumu? Şəxsən mən heç bir mənbəyə rast gəlməmişəm. O zaman da Xankəndini qan çanağına döndərmişdi erməni daşnaklar, yəqin ki, fürsət olmamışdı bayrağımızı sancmağa. Sovetlər dağılandan sonra da bizim Xankəndiyə ayağımız dəymədi. 100 il ərzində Xankəndidəki ermənilər hətta dilimizi belə yasaq elədilər, rus və erməni dillərində yazdılar, pozdular, üstümüzə kükrədilər! Bir ilkə imza atıldı 15 oktyabrda! Bu, iki əsrə bərabər gündür və mütləq təqvimdə özünün halal qırmızı rənginə bürünməli, milli bayram kimi qeyd olunmalıdır. Adın fərqi yoxdur...
Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağını Xankəndidə ucaldan ilk Lider, Sərkərdə, Baş Komandan, Prezident olaraq da İlham Əliyevin adı şərəf tarixmizə yazıldı. Dövlət başçısı çıxışında qələbələrimizin memarı olaraq Azərbaycan xalqına, şəhidlərimizə minnətdarlığını ifadə etdi, hər zaman olduğu kimi. Bu, bir böyüklük nümunəsidir. Bu tarixi yazmağı məhz O bacardı!
Ali Baş Komandan xalqa müraciətini bu, tarixi kəlmələrlə bitirdi: “Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Xalqımıza, həm də dost və düşmənə ünvanlı sözlərdir! Eşitsinlər: ƏBƏDİ DALĞALANACAQ! Yadda saxlasınlar: ƏBƏDİ YAŞAYACAĞIQ!
İndi Xankəndi özünün doğma sakinlərini gözləyir, eləcə də Xocalı, Əsgəran, Ağdərə...
Allah birliyimizi, bütövlüyümüzü qorusun! Qələbələrimiz və ucalıqlarda dalğalanan bayrağımız mübarək!
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ