İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüquqi sarmaşıqlar - Zamin Hacı yazır...

Bakıdakı universitetlərimizdən birində hüquq fakültəsi və onun nəzdində xüsusi qrup varmış. Həmin qrupda gələcək hüquqçularımıza hüquq elmini yüksək səviyyədə öyrədirmişlər. Başqa uşaqlara bir kitabdan dərs keçəndə, bunlara beş kitabdan keçiblər. O biri hüquq fakültələrimizdə hüququn “hü” hərfləri öyrədiləndə, bunlara “quq”da tədris edilmişdir. Başqa auditoriyada oxuyub prokuror olan özünə bir ilə “Audi” alanda, bu xüsusi qrupun məzunu ilk üç ayda “Galenvagen” ala bilirmiş.

Hər halda, proses yüksək dövlət sirri, hərbi sirr pərdəsi altında aparıldığından biz təfərrüatları bilmirik. (Vallahi, anekdot kimi vəziyyətdir, indicə burda “aparıldığından” sözünü də yazandan sonra baxıram ki, sözün içində iki dəfə “dığın-dığın” yazmışam – qaza basıb yüksək sürətlə irəliləyirik, yəqin onun əlamətidir). Xüsusi qrupa qədim Roma hüququ, qalanlarına Ramana kəndinin adətləri öyrədilibmi? Seçilmiş tələbələr jurnalist tutmağın ingilisdilli üsullarını, o birilər suaxili metodlarınımı əxz etmişdir?

Yenə xüsusi yazıram, heç bir məlumatımız yoxdur. Hətta mən, etiraf edirəm, ali məktəbimizdə belə seçilmiş tələbə qrupunun olmasını ilk dəfə öyrənirdim. Bir az bundan qürur da duydum. Bəs necə, biz belə şeyləri adətən xaricdə, Hollivud kinolarında-zadda görmüşük. Oralarda qədimdən qalma adətdir, tələbələr universitet daxilində seçilmişlər qrupu yaradır, bu ənənə nəsillərdən nəsillərə keçir, təhsildən sonrakı dövrdə də bir-birini dəstəkləyir və sairə.

O cümlədən, ABŞ-ın 8 universiteti “Sarmaşıq liqası” adlı qruplaşma, assoiasiya yaratmışlar, buranı bitirənlər nəinki Amerikanın, bütün planetin elitası sayılır. Harvard, Prinston, Yel, Kolumbiya universitetləri “Sarmaşıq liqası”na daxildir.

Sözgəlişi, bizdə də bu liqanın məzunlarına böyük hörmət qoyulur. Ən azı ikisi həbsə atılıbdır. Biri məhkəməyə hörmətsizlik, o biri neft şirkətindən pul oğurlamaq maddələriylə. Lakin indi mövzudan uzaqlaşmayaq.

Milli hüquq tələbələrimiz üzrə elitar qrupun varlığı isə son günlər buna görə gündəmə gəldi: sən demə onu Bakıda ləğv eləyib, Qarabağda, yeni açılan universitetdə açmaq planı varmış. Rəhbərliyin məqsədi işğaldan azad edilən ərazidə təhsilin səviyyəsini yüksəltməkdir, diqqəti Qarabağa yönəltməkdir.

Ülvi məqsəddir. Alqışlayırıq. Lakin Bakıdakı universitetdə oxuyanlar bundan bir az narazı qalıblar. Deyirlər bəs bizim yüksək səviyyəli hüquq təhsilimiz necə olacaqdır.

Əlbəttə, müəyyən qədər çətindir. Saqqaldan kəsib bığa yapışdırmaq kimi çıxır. Yaxşı olardı hər iki universitetdə gücləndirilmiş təhsil qrupu olardı. Yəqin artıq potensialımız çatmır. Bu da bir qədər təəccüblüdür, çünki son illərdə hüquq ixtisası üzrə çoxsaylı alimlər, hüquq doktorları, namizədləri yetişdirmişik. Səhv eləmirəmsə, deputat Səyavuş Novruzov da hüquq  elmləri üzrə fəlsəfə doktorudur. (Araşdırdım, internetdə baxdım, səhv-zad eləmirəm). Bəs niyə hüquq alimi defisiti yaşayırıq? Necə olur ki, Qarabağda işləməyə bənna, qaynaqçı, çoban, müəllim, jurnalist, icra başçısı, rəis tapırıq, həmin sahələri Bakıda təmsil edənlər arasında problem çıxmır, lakin hüququn pedaqoqikası lazım gələndə Bakıda qrupu bağlayıb Xankəndidə açmağa məcbur qalırıq? Bəlkə bu, bizdə ümumiyyətlə hüquq qıtlığı ilə bağlıdır? (Hüquq-mühafizə orqanlarımızdan acizanə xahiş edirəm son cümləni bir zarafat kimi qəbul etsinlər).

Yeri gəlmişkən, əski zamanlarda, çoxunun bəyənmədiyi 90-cı illərdə bizdə hüquq tədrisi sahəsində heç bir defisit yox idi. Hətta mənim bir tanışım Beyləqanda, Daşburun kanalının qırağında özəl universitet açmışdı, içində hüquq fakültəsi də vardı.

Sonda mövzunun lətifəsi: “Bir nəfəri türməyə salırlar. İçəridə darıxır, nəzarətçiyə deyir ki, mənə filan qəzetləri, kitabları gətirin, oxumaq istəyirəm. Nəzarətçi deyir: “Biz həmin qəzetlərə abunə deyilik, kitablar da fondumuzda yoxdur. Ancaq sizi həmin qəzetin jurnalistləri və istədiyiniz kitabların müəllifləri ilə görüşdürə bilərik. Hazırda hamısı burda saxlanır”. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR