Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyevin xuliqanlıq ittihamı ilə Azərbaycanda həbs olunmuş bir Fransa vətəndaşını əfv etməsi regionda diplomatik dinamikanın dəyişdiyini göstərən əlamətlərdən biri kimi dəyərləndirilə bilər. Bu humanist jest Tiranada keçirilən Avropa Siyasi İcması çərçivəsində Prezident Əliyevlə Fransa Prezidenti Emmanuel Makron arasında baş tutan isti görüşdən sonra baş verdi. Siyasi müşahidəçilərin fikrincə, belə görüşlər adətən səhnəarxası diplomatik təmasların nəticəsi olur.
Yada salaq ki, ötən il sentyabrın 10-da Nərimanov Rayon Məhkəməsində Bakı metrosunun vaqonlarına qraffiti çəkənlərin barəsində hökm oxunub. Fransa vətəndaşı Klerk Teo Hüqo 3 il azadlıqdan məhrum edilib. Yeni Zelandiya vətəndaşı və Avstraliya vətəndaşı isə 6800 manat cərimə edilib. Qeyd edək ki, sözügedən şəxslər ötən ilin martında saxlanılmışdılar.
Siyasi ekspert Fərhad Məmmədovun təhlilinə əsasən, fransızın azadlığa buraxılması ilə Azərbaycan bu addımı təkcə Fransaya deyil, bütövlükdə Avropa İttifaqına (Aİ) ünvanlayıb. Onun sözlərinə görə, Avropa Komissiyasının rəhbərliyinin təşəbbüsü ilə Estoniya baş naziri Kaya Kallasın Bakıya səfəri və bu səfərin nəticəsində Azərbaycan-Aİ münasibətlərinin aktivləşdirilməsi rəsmi Bakının prioritetlərini nümayiş etdirir: əsas tərəfdaş - Aİ-dir, lakin Aİ daxilində Fransa amilini də nəzərdən qaçırmaq olmaz.
F.Məmmədovun fikrincə, Brüssel ilk addımı atdı və Bakı bu jestə uyğun cavab verdi: “Bu isə o deməkdir ki, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmədən, əlaqələrin normallaşması üçün Aİ ilə münasibətləri pozulduğu nöqtədən bərpa etməyə çalışır. Ən vacibi isə Aİ bundan sonra Azərbaycan-Ermənistan münasibətlərində vasitəçilik iddiası ilə çıxış etməyəcək, bu məsələ yalnız ikitərəfli formatda həll olunmalıdır. Azərbaycanın əsas hədəflərindən biri Fransa faktorunu Aİ-nin Cənubi Qafqaz siyasətindən kənarlaşdırmaq idi. Parisin uzun müddət ermənipərəst yanaşması, vasitəçilik iddiaları iflasa uğradı. Nəticədə Fransa bu gün regionda yalnız Ermənistanla əməkdaşlığa güvənə bilir. O da Avropa İttifaqının missiyası, hərbi-texniki sahədə yardımlar və diplomatik dəstəklə məhdudlaşır”.
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın Qərblə münasibətlərdə maraqlı olduğunu diqqətə çatdırdı: “Azərbaycan Prezidentinin sərəncamı ilə 3 il həbs cəzası alan, xuliqanlığa görə ötən il qandallanan Fransa vətəndaşının azadlığa buraxılması ölkə başçısının humanist addımının daha bir örnəyidir. Bəli, Azərbaycan Qərblə münasibətlərin inkişafında maraqlıdır. Digər tərəfdən, Azərbaycan Fransa ilə münasibətləri normallaşdırmaq istiqamətində ilk addım atan tərəf oldu. Yəni ilk addım bu dəfə də Bakıdan gəldi. Görünür, pərdəarxası danışıqlarda Bakı və Paris arasında müsbət impulslar mövcuddur. Növbəti addımı Fransa atmalıdır və Azərbaycana qarşı ikili standartlardan, çoxüzlü maskalardan əl çəkməlidir. Fransanın ermənipərəst siyasəti Azərbaycan kimi etibarlı tərəfdaşın itirilməsinə səbəb oldu”.
Şəhla Cəlilzadə
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Azərbaycanın Avropa İttifaqı üçün hər zaman önəmli tərəfdaş olduğunu bildirdi: “Ötən il bir neçə xarici qrup ölkəmizdə xarici kəşfiyyata xidmət göstərməsi və müxtəlif təxribatlar törətməsi səbəbi İlə həbs olunmuşdu. Bunlardan biri metro deposuna daxil olaraq qraffiti çəkən və metropolitenə maddi zərər vuran 3 nəfərlik qrup, digəri Fransaya casusluq fəaliyyəti ilə bağlı tutulan Martin Ryan və əlaqədar şəxslər idi. Onların hər biri bu və ya digər şəkildə Fransa ilə bağlantılı idi. Fransa dəfələrlə onların azadlığa buraxılması üçün müraciət edib. Lakin milli qanunvericilik çərçivəsində casusluq fəaliyyətinə görən tutulan şəxslər istisna, digərləri əfv edildi. Burada milli mənafe, milli təhlükəsizlik kontekstində törədilən əməlin mahiyyəti cəzanı ağırlaşdırıcı, yaxud yüngülləşdirici faktor olaraq çıxış edir. Başqa ifadə ilə, hər hansı bir şəxs ölkəmizə gəlib milli təhlükəsizliyimizə təhlükə törədə və çıxıb gedə bilməz. Lakin bununla yanaşı, yüngül xuliqanlıq mahiyyətli cinayət əməlini əfv etmək humanist jest olaraq siyasi mahiyyətli qərardır. Buna təsir edən faktor, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin son dövrlərdə müsbət tendensiya ilə inkişaf etməkdə olmasıdır. Məsələn, daha öncəki (3-cü və 5-ci) Avropa Siyasi Birliyinin sammitində iştirak etməyən cənab Prezident İlham Əliyev 16 may 2025-ci il tarixində Tiranada keçirilən 6-cı sammitdə iştirak etdi. Sammit çərçivəsində Aİ rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirildi. Bundan öncə Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya gələrək Azərbaycanın Avropa İttifaqı üçün önəmli tərəfdaş olduğunu bildirməsi, Almaniya Prezidenti Frank-Volter Ştaynmayerin ölkəmizə rəsmi səfəri çərçivəsində yaradılan müsbət ab-hava, Azərbaycan-Aİ münasibətlərinin əhəmiyyətindən və inkişafından bəhs olunması qeyd oluna bilər. Həmçinin Aİ-nin Qafqaza artan marağının daha bir göstəricisi olaraq 2026-cı ildə sammitin Ermənistanda, 2028-ci ildə Azərbaycanda keçirilməsi vurğulana bilər. Bütün bunların fonunda Fransa öz təxribatçı fəaliyyətindən geri çəkilmək niyyətində deyil. Qərbi Zəngəzurda İrandan sonra Fransanın da fəxri konsulluq açmaq niyyətini bu cür qiymətləndirmək olar”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
30 May 2025
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ