Onlayn ictimai-siyasi qəzet
Ekspertə görə, qeyri-dəqiq qiymətləndirmənin obyektiv və subyektiv səbəbləri var
Azərbaycanın 2024-cü il dövlət büdcəsinə əlavə və dəyişikliklər olunmasına dair layihə ilə birlikdə hökumətin makroiqtisadi proqnozlara yenidən baxışına dair layihə də ictimaiyyətə açıqlanıb.
Layihədən aydın olur ki, dünya neft və qaz bazarlarında mövcud olan münbit qiymət konyunkturası, cari il üzrə müşahidə olunan tendensiyalar, vergi-gömrük daxilolmalarının artması, habelə icmal və dövlət büdcələrinin yenidən baxılma ilə əlavə xərclərinin, öz növbəsində əlavə gəlirlərin formalaşmasına təsir göstərəcəyini nəzərə alınmaqla 2024-cü ilin aprel ayında cari il üzrə makroiqtisadi proqnozlar yenilənib.
İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozunun baza ssenarisinə dəyişikliklər edilib, neftin bir barrelinin orta illik ixrac qiyməti 60,0 ABŞ dollarından 75,0 ABŞ dollarına (ilin ötən dövrü üzrə faktiki satış qiymətləri və ilin qalan dövrü üzrə 70,0 ABŞ dolları fərz edilməklə, öncəki proqnoza nəzərən 15,0 ABŞ dolları çox) yüksəldilib. 2024-cü ildə ÜDM-in 121,3 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3,0 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in 84,7 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı proqnozlaşdırılır.
İqtisadiyyat Nazirliyinin gözləntiləri bu il Azərbaycan iqtisadiyyatının 3,8 faiz artmasını nəzərdə tutur. O cümlədən neft sektorunda 0,8 faiz, qeyri-neft sektorunda isə 5 faizdən çox artım gözlənilir. Xatırladaq ki, 2024-cü ilin dövlət büdcəsi hazırlanarkən İqtisadiyyat Nazirliyi dünya bazarında neftin orta qiymətinin 60 dollar təşkil etməsi şəraitində Azərbaycanda ÜDM artımını 2024-cü ildə 2,4 faiz, 2025-ci ildə 2,9 faiz, 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə isə 3,6 faiz səviyyəsində proqnozlaşdırmışdı.
Göründüyü kimi, hökumətin iqtisadi artım proqnozu bir qədər artırılıb. Rəsmi statistika göstərir ki, Azərbaycanda iqtisadi artım sürətlənib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-aprel aylarında ölkədə 38 milyard 181,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bu zaman iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 7,7 faiz artıb.
ÜDM istehsalının 40,3 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 20,0 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 3748,1 manata bərabər olub.
Qeyd edək ki, Azərbaycanda real iqtisadi artım göstəricisinin hökumətin proqnozları ilə üst-üstə düşməməsi ilk hal deyil. Elə 2023-ci il üçün ÜDM-in real artım tempi 1,9 faiz rəsmi proqnoza qarşı 1,1 faiz olub. Nominal ÜDM göstəricisi 119,7 milyard manat proqnoza qarşı faktiki 123 milyard manat təşkil edib ki, bu da əsasən enerji daşıyıcılarının ixrac qiymətinin büdcədə nəzərdə tutulduğundan yüksək olması ilə əlaqədar olub. Belə ki, 2023-cü ildə dünya bazarlarında “brent” markalı neftin 1 barelinin qiyməti 82,6 ABŞ dolları təşkil edib. Azərbaycanda ötən ilin birinci yarısında makroiqtisadi proqnozlar yeniləndikdən sonra dəqiqləşdirilmiş proqnozlarda 1 barel neftin qiyməti konservativ olaraq 75 ABŞ dolları götürülmüşdü.
İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan “Ölkənin sosial-iqtisadi proqnoz göstəricilərinin hazırlanması prosesi və 2023-cü il üzrə verilmiş proqnozlar və onların reallaşması” hesabatına əsasən neft-qaz sektoru üzrə faktiki real artım tempinin proqnoza nəzərən aşağı olması əsasən aidiyyəti təşkilatlar tərəfindən təqdim olunmuş neft-qaz hasilatı üzrə proqnozların faktiki göstəricidən az olması ilə bağlı olub. Belə ki, neft hasilatı 30,5 milyon ton proqnoza qarşı 30,2 milyon ton təşkil edib, əmtəəlik qaz hasilatı 36,9 milyard kubmetr proqnoza qarşı 36,4 milyard kubmetr olub: “Proqnozlaşdırılmış qeyri neft-qaz ÜDM-nin nominal həcmi faktiki göstərici ilə üst-üstə düşüb (77.7 milyard manat). Ümumiyyətlə, qeyd edilməlidir ki, fiskal gəlirlər proqnozlaşdırılarkən digər parametrlərlə bərabər qeyri neft-qaz ÜDM-nin nominal həcmləri əsas götürülür. Qeyri neft-qaz sektorunun real artım tempinin proqnozları isə faktiki göstəricidən cüzi fərqlənib (0,3 faiz bəndi az)”.
Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlinin fikrincə, Azərbaycanda iqtisadi artımla bağlı proqnozlaşdırmanın metodologiyasına yenidən baxılmalıdır: “Əgər iqtisadi artımla bağlı proqnoz özünü doğrultmayacaqsa, onun əsasında hazırlanan dövlət büdcəsində dəqiqləşdirmələrə ehtiyac olacaq”.
Vüqar Bayramov
Deputat Vüqar Bayramov isə bildirib ki, İqtisadiyyat Nazirliyinin təqdim etdiyi iqtisadi artımla bağlı proqnoz Beynəlxaq Valyuta Fondunun metodologiyası əsasında aparılıb: “Bu metod da çox sadədir. İqtisadi artımla bağlı proqnozlaşdırma metadologiyası təkmilləşdirilməlidir ki, proqnozlarla real rəqəmlər arasında fərq olmasın”.
Hesablama Palatası isə ilk dörd ay üzrə Azərbaycanda iqtisadi meyillərin təhlilinə əsaslanaraq ilin sonunda neft sektoru üzrə ÜDM-in nominal məbləğinin dürüstləşmiş göstəricidən daha çox olacağı qənaətinə gəlib. Bunu dövlət büdcəsinə dəyişikliklərə dair qanuna verilən rəyi izah edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O, qeyd edib ki, təqdim edilmiş məlumatların təhlili 2024-cü ilin dövlət büdcəsinin yenilənən layihəsində 2024-cü il üzrə icmal büdcəsinin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 24,5 faiz proqnozlaşdırıldığını göstərir ki, bu da müvafiq göstəricidən, yəni büdcə qaydası çərçivəsindən az da olsa, kənarlaşma olduğunu deməyə əsas verir: “Hədəfdən kənarlaşmaya bir neçə amil təsir edib. Bunlardan birincisi odur ki, yenidən baxılan layihə üzrə icmal büdcəsinin baza xərclərin artımı icmal büdcənin qeyri-neft gəlirlərinin artımını üstələyib. Maraqlı məqam odur ki, büdcənin faiz xərclərinin büdcədən azaldılması da büdcə qaydasına mənfi təsir göstərib. İkincisi odur ki, qeyri-neft-qaz sektoru üzrə ÜDM-də artım istiqamətində dəqiqləşmə çox cüzi olub”.
Azərbaycanda iqtisadi artıma dair proqnozlar açıqlayan beynəlxalq qurumların gözləntiləri hökumətdən cüzi fərqlənir. Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanda 2,8 faiz, Dünya Bankı 2,3 faiz, Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) 2,5 faiz, Asiya İnkişaf Bankı (ADB) 1,2 faiz, BMT 2,6 faiz iqtisadi artım proqnozlaşdırıb.
Rəşad Həsənov
Azərbaycan hökumətinin iqtisadiyyatın böyümə perspektivini dəqiq proqnozlaşdıra bilməməsinin səbəbi nədir? Niyə hər ilin ortasında proqnozlara dəyişiklik olunsa belə, ilin sonunda fərqli rəqəmlər əldə olunur? İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, reallıqda hər iki tərəfin arqumentlərində haqlı məqamlar var: “Əlbəttə ki, proqnozlaşdırma mümkün qədər dəqiq aparılmalıdır ki, fiskal siyasətin planlaşdırılması asan olsun, qarşıya qoyulan hədəflərdən kənarlaşma cüzi olsun. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, hökumət proqnozlaşdırmanı apararkən kifayət qədər mürəkkəb faktrorlar kombinasiyasını nəzərə almalıdır. Burada ən böyük çatışmazlıq iqtisadiyyatın qeyri-leqal hissəsinin geniş olmasıdır. Bu amil statistik məlumatların məhdudluğuna və qeyri-dəqiqliyinə gətirib çıxarır. Həmçinin belə vəziyyət olan statistik məlumatların keyfiyyətinə mənfi təsir göstərir. Proqnozlaşdırmada müxtəlif faktorlar üzrə öngörülmə olmalıdır. Məsələn, hökumət makroiqtisadi proqnozlaşdırma apararkən quru sərhədlərin nə zaman açılacağını görə bilmirsə, xidmət sektorunda dövriyyənin, ondan əldə olunacaq vergi gəlirlərinin, turizmə bağlı ticarət dövriyyəsinin proqnozlaşdırılmasında dəqiqliyə nail olmaq mümkün deyil. Yəni iqtisadiyyatda qaranlıq hissə nə qədər çox olarsa, onunla bağlı proqnozlarda kənaraçıxmalar bir o qədər yüksək olar”.
Ekspertin fikrincə, mövcud iqtisadi konyukturun formalaşmasında hökumətin yürütdüyü siyasətin də mühüm rolu var: “Qeyri-leqal iqtisadiyyatın geniş yayılması, fiskal öhdəliklərdən yayınmanın yüksək olması, statistik məlumatların keyfiyyətinin aşağı olması - bütün bunlar hökumətin fəaliyyətinin nəticəsidir. Bu sahələrə ayrı-ayrı dövlət qurumları nəzarət etdiyinə görə belə vəziyyət yaranır: bir qurum digərindən aldığı rəqəmlərlə proqnozlaşdırma aparır və kənaraçıxma yüksək olur. Digər bir tərəfdən, hesab edirəm ki, Milli Məclis üzvlərinin tələbləri də haqlıdır. Bu qədər ciddi kənarlaşmaların olduğu bir halda təbii ki, hökumətin maliyyə-fiskal planlamasının dəqiq çərçivələrinin müəyyənləşdirilməsində problemlər ortaya çıxır. Bu, gələcək iqtisadi artım planlarında da qeyri-dəqiqliyi artırmaqla sosial siyasətin çərçivələrinin müəyyən edilməsində problemlərə gətirib çıxarır. Məsələn, büdcəyə ediləcək dəyişiklikdən aydın olur ki, bu il büdcəyə 1,5 milyard manatdan artıq əlavə gəlir daxil olacaq. Bu gəlir il başlanmazdan əvvəl proqnozlaşdırıla, hesablana bilsəydi, əvvəla, dövlət büdcəsində yenidən dəyişiklik etməyə ehtiyac qalmazdı. İkincisi isə əhalinin aztəminatlı təbəqələrinə yönəlik yeni sosial paket həyata keçirilə bilərdi. Belə dəqiq proqnozlaşdırma olmadığı üçün biz büdcəyə yenidən baxılmasının şahidi oluruq”.
Dünya SAKİT,
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ