İnsanlara hürriyət, millətlərə istiqlal!

Hicablı müəllimələrə qadağa

Ekspertlər hesab edir ki, heç kim müəllimə hicaba görə təzyiq edə bilməz, bu, qanunvericiliyə ziddir

“Mən bu il ibtidai sinif müəlliməsi kimi daimi olaraq işə qəbul olunmuşam. Amma işlədiyim məktəb deyir ki, ya hicabı çıxarmalısınız, ya da işdən çıxmalısınız. Mən nə edim, dərdimi kimə deyim bilmirəm. Məndən əlavə, üç müəllimə də hicablıdır, illərdir işləyirlər, məktəb qərarı indi verir”.

Bu fikirləri Şəfa Əlizadə adlı facebook izləyicisi yazıb. O əlavə edib ki, məktəbdə pedaqoji iclas olacaq: “Deyir, əgər iclasda hicabı çıxarmasanız məktəbdə tədris etməyə icazə verilməyəcək. Əgər hicab problem idisə, o zaman müsahibə mərhələsindən də keçməyə imkan verməzdilər. Xahiş edirəm, mənə kömək edin”. Günlərdir ki, bu məsələ sosial mediada müzakirələrə səbəb olur.

Ümumiyyətlə, son vaxtlar hicab qadağası ilə bağlı narazılıqlar artmaqdadır. Neftçaladan olan bir qrup müəllimə də müraciət edərək məktəb rəhbərliyi tərəfindən təzyiqlərə məruz qaldıqlarını bildirirlər. Adlarının çəkilməsini istəməyən müəllimlər qeyd edirlər ki, məktəb direktoru bir sıra tələblər irəli sürür: “Məktəbdə tədbir olanda direktor bizə icazə vermir iştirak etməyə. Ya da deyir, arxa sırada oturun. Halbuki müəllim kimi özümüzü təsdiqləmişik, işimizdə qüsur tapa  bilməzlər. Hicab mənim seçimimdir, niyə buna qarşı çıxırlar? Direktor isə deyir ki, regional bölmədən belə tapşırıq verilib ki, iclaslarda hicablılar iştirak etməsin”.

Məktəblərdə hicab qadağası varmı? Müəllimlərə qarşı bu cür rəftar normaldırmı? 

Yada salaq ki, bir neçə il əvvəl Sumqayıtda hicab taxdığına görə işdən çıxarılan müəllimə məhkəmə qərarı ilə işə bərpa olunmuşdu. 

Kamran Əsədov diplomu tanınmayan məzunlardan danışdı - Günah kimdədir?

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Azərbaycan Konstitusiyası hər bir vətəndaşın vicdan azadlığını qoruyur və onların dini inanclarını ifadə etmək hüququnu təmin edir: “Konstitusiyanın 48-ci maddəsi vətəndaşlara dini inanclarını sərbəst şəkildə ifadə etmək azadlığı verir və hər hansı dini məcburiyyət və ya məhdudiyyət qoyulmasını qadağan edir. Bu hüquq mülki sahələrdə, o cümlədən təhsil sahəsində də tətbiq olunmalıdır. Müəllimlərin dini geyimlərlə bağlı məsələlərdə hüquqları Azərbaycanın "Təhsil haqqında" Qanunu və Təhsil Nazirliyinin normativ aktları ilə tənzimlənir. Müəllimlərin iş keyfiyyəti və peşəkarlıq prinsipləri əsasında qiymətləndirilməsi vacibdir və işə qəbul və işə davamiyyət dövründə geyim tərzinin spesifik bir məhdudiyyətinin olmadığı halda, sonradan belə bir məhdudiyyətin tətbiqi hüquqi baxımdan məntiqsiz görünür.

Beynəlxalq təcrübədə bu məsələ çox vaxt insan hüquqları müstəvisində müzakirə olunur. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) dini geyimlərlə bağlı qərarlarda balanslı yanaşma göstərir. AİHM-in qərarlarına görə, fərdi hüquqlar və dövlətin neytrallıq prinsipi arasında balansın qorunması vacibdir. Bu, xüsusilə təhsil sahəsində dövlət məktəblərində müəllimlərin dini geyimlərlə işləməsi məsələsində öz əksini tapır. Məsələn, Fransa və Belçika kimi ölkələr dini geyimlərlə bağlı məhdudiyyətlər tətbiq edir, amma bu məhdudiyyətlər əsasən dövlət məktəblərində tərəfsizliyi qorumaq məqsədi güdür. Eyni zamanda Türkiyə və bəzi Avropa ölkələrində dini geyim məsələsində daha sərbəst yanaşmalar müşahidə edilir. Məsələn, Türkiyədə dövlət işçilərinin, o cümlədən müəllimlərin dini geyimlə işləməsinə icazə verilir. Bu ölkələrdə tətbiq olunan yanaşma insanların şəxsi seçimlərinə hörmətin dövlət səviyyəsində dəstəklənməsi nümunəsidir".

Kamran Əsədov əlavə edib ki, Azərbaycanda işə qəbul və tədris proseslərində müəllimlərin peşəkarlıq səviyyəsi və təhsil keyfiyyəti əsas götürülməlidir: “Belə bir tələbə səsvermə yolu ilə qərar verilməsi hüquqi baxımdan uyğun deyil və pedaqoji iclaslarda fərdi hüquqlara kollektiv qərarlar tətbiq etmək qeyri-qanuni və mənəvi cəhətdən ziddir. Həmçinin bu vəziyyətdə müəllimin iş keyfiyyəti və təhsil prosesi ilə bağlı çatışmazlıqlar olmadığı halda, onların geyim tərzinə görə fəaliyyətinin məhdudlaşdırılması ayrı-seçkilik hesab edilə bilər.

Bu məsələni həll etmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Ombudsman Aparatına müraciət etmək daha məqsədəuyğun addım ola bilər. Bu orqanlar vətəndaşların hüquqlarını qorumaq, eləcə də təhsil müəssisələrində qanunvericiliyə uyğunluğu təmin etmək məqsədilə fəaliyyət göstərir. Təhsil Nazirliyinin mövqeyi müəyyən edildikdən sonra bu vəziyyətdə məktəb rəhbərliyinin qərarları ilə bağlı hüquqi əsaslar müzakirə edilə bilər. Azərbaycanda təhsil sahəsində dini geyimlərlə bağlı mövcud qanunvericiliyin aydınlaşdırılması və məktəb rəhbərliyinin belə bir qərar qəbul etməsinin hüquqi əsası ilə bağlı rəsmən aydınlıq gətirilməlidir".

Ceyhun Məmmədov: “Vətəndaşlar seçkilərdə iştirakın əhəmiyyəti haqda  maarifləndirilir”

 Ceyhun Məmmədov

Milli Məclisin deputatı millət vəkili Ceyhun Məmmədov də hesab edir ki, hicaba görə heç kim işindən uzaqlaşdırıla bilməz: "Azərbaycan qanunvericiliyinə əsasən, hər bir insanın dini etiqad azadlığı var. Hər bir insan sərbəst şəkildə öz etiqadını ifadə edə bilər. Əgər onun etiqadı qanunları pozmursa, insanpərvərlik prinsplərinə zidd deyilsə, o öz etiqadını ifadə edə bilər. Heç kim hicaba, namaza görə işindən uzaqlaşdıra bilməz. Eyni zamanda hicaba görə hansısa problem və ya məhdudiyyət yaradıla bilməz.

Bu gün ölkəmizdə çox sayda hicablı qadın və ibadət edən insan sərbəst şəkildə işləyirlər, öz inanclarını və etiqadlarını ifadə edirlər. Bu məsələdə hər hansı problem və ya qadağa ola bilməz. Bununla bağlı ölkəmizdə tam azadlıq var. Gələcəkdə də əgər belə bir hadisələr baş verərsə, araşdırılaraq qanun pozuntusuna yol verən şəxslərlə bağlı araşdırma aparılaraq, onlarla bağlı tədbir görüləcək. Çünki bu, insan hüquq və azadlıqlarının pozulmasıdır".

Qeyd edək ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə də sorğu ünvanlamışıq, cavablandırıldığı halda dərc edəcəyik. 

 Hazırladı: Afaq Mirayiq

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR