İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbçilərin smartfonlardan istifadə qaydaları sərtləşdirilir

Dəyişikliklərdə nələr var; “Hər bir halda nizamnaməyə əməl etmək, ən önəmlisi də məsuliyyəti dərk etmək lazımdır”

“Azərbaycan Ordusunda informasiya təhlükəsizliyi, eləcə də məxfilik qaydaları ilə bağlı mütəmadi olaraq şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır, iltizamnamələrə imza atılaraq bununla bağlı öhdəçilik götürürlər. Buna baxmayaraq, bir neçə hərbi qulluqçunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto və video-görüntülər paylaşması aşkar edilib”.

Bu barədə Müdafiə Nazirliyi oktyabrın 19-da məlumat yayıb.

Bildirilib ki, həmin hərbi qulluqçulardan bəziləri Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından xaric edilib, digərləri barəsində isə ciddi intizam tədbirləri görülüb.

“Ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək. Əlavə olaraq qeyd edək ki, qaydaların daha da sərtləşdirilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə yeni təkliflər hazırlanaraq təqdim edilib”, - məlumatda qeyd olunub.

“Hərbi xidmət keçmə haqqında” əsasnaməyə əsasən  döyüş bölgəsində, hərbi hissələrdə xidmətlə əlaqədar tələblər mövcuddur. Odur ki, tələblərə riayət etməyənlərin cəzalandırılması, son nəticədə ordu sıralarından xaric edilməsi labüddür.

Arzu Nağıyev: Mərkəzi Asiya ölkələri Azərbaycana böyük maraq göstərir -  AZƏRTAC

Arzu Nağıyev

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a şərhində qeyd etdi ki, müxtəlif sosial şəbəkələrdə döyüş bölgələrindən çəkilən fotolar, videolardan düşmən də istifadə edir. Millət vəkili vurğuladı ki, gələcəkdə belə paylaşımlardan insan haqları və digər məsələlər ilə bağlı Azərbaycana qarşı müəyyən xoşagəlməz iddialar səsləndirə bilərlər: “Daxili nizamnaməyə uyğun olaraq hər bir əsgərə, zabitə bu barədə təlimat verilib. Qoşunların dislokasiyası və s. məsələlərlə ilə əlaqədar olaraq dəfələrlə səhvlər, qanun pozuntuları qeydə alınıb. Bunun sonu hərbçilərin ordu sıralarından uzaqlaşdırılması, sənəcama götürülməsi, birmənalı şəkildə ordudan təxris edilməsi ilə nəticələndi. Buna görə də bu qanunların daha da sərtləşdirilməsi istiqamətində müvafiq addımlar atılır. O ki qaldı Müdafiə Nazirliyinin oktyabrın 19-da yaydığı məlumata, hələ ki, bu barədə MM-ə hər hansı sənəd daxil olmayıb. Hərbin əmrin pozulması ilə bağlı müvafiq qanunlara əsasən cəza tədbirləri həyata keçirilməlidir. Müharibə zamanı hərbçilərin yerini bildirməsi nəticəsində ağır nəticələri olan hallar yaşandı. Üstəlik, gələcəkdə məhkəmələrdə bu kimi paylaşımlardan əleyhimizə istifadə edə bilərlər. Nəzərə almaq lazımdır ki, həm 44 günlük Vətən müharibəsindən, həm də lokal antiterror tədbirlərindən sonra bəzi qüvvələr Cənubi Qafqazdakı yeni reallıqları qəbul etmək istəmirlər. Son zamanlar Qərbdə Azərbaycan əleyhinə müəyyən qətnamələr qəbul edirlər. Hər bir halda nizamnaməyə əməl etmək, ən önəmlisi də məsuliyyəti dərk etmək lazımdır”.

Şair Ramaldanov: “Azərbaycan Ordusu regionda sülh və təhlükəsizliyin  təminatçısıdır”

 Şair Ramaldanov

Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “İstərdim ki, bu sonuncu belə hadisə olsun. Smartfonlardan istifadəsi və qadağan edilməsi ilə bağlı Müdafiə Nazirliyinin müvafiq göstərişləri və əmrləri var. Buna baxmayaraq bəzi hərbçilər tələbləri pozurlar. Belə olduğu halda müəyyən sərt qərarlar qəbul edilməlidir. Düşünmürəm ki, sözügedən hərbçilər ordudan birdən-birə xaric ediliblər. Gizlilik, hərbi sirrlərlə bağlı dəfələrlə müzakirələr keçirilib. Xidmət zamanı smartfon tipli telefonlardan istifadə edilməməlidir. Hesab edirəm ki daha qaydaların daha sərtləşdirilməsi dedikdə nəzarət mexanizminin gücləndirilməsi nəzərdə tutulur”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR