Onlayn ictimai-siyasi qəzet
Suriyanın ikinci böyük şəhəri Hələb ətrafında hökumət qüvvələri ilə İdlibdəki müxalif silahlılar arasında döyüşlər davam edir.
Noyabrın 27-də İdlibdə məskunlaşmış “Heyət Təhrir əş-Şam” və Azad Suriya Ordusu çətiri altında toplanmış silahlı dəstələr Hələb şəhəri və İdlibin şərqində yerləşən M-5 və M-4 magistrallarının birləşdiyi Səraqib şəhəri istiqamətində Suriya ordusu mövqelərinə hücum edib.
Müxaliflər elan edib ki, hücuma səbəb Suriya və Rusiya hərbi aviasiyasının İdlibi bombalaması və nəticədə 30-dan çox dinc insanların ölümü olub. Ancaq hücum qəfil və yaxşı hazırlanmış olub, nəticədə ilk iki gündə müxaliflər xüsusən də Hələb istiqamətində ciddi irəliləyib, 30-dan çox kənd və qəsəbəni ələ keçiriblər. Bundan başqa ölkənin şimalı ilə cənubunu birləşdirən İordaniya sərhədindən Türkiyəyə qədər uzanan M-5 magistralına çıxıblar və yol bağlanıb.
Suriya ordusu yalnız dünən toparlanaraq əks hücuma keçə bilib. Suriya xüsusi təyinatlıları “Pələnglər”in komandiri general Suheyl Hassanın komandanlığı ilə döyüşə göndərilib. Suriya və Rusiya aviasiyasının dəstəyi ilə bir neçə kənd geri alınıb. Hücum nisbətən zəifləsə də, Hələb ətrafında şiddətli döyüşlər hələ də davam edir. Bu arada, bir Rusiya hərbçisi və iranlı, istefada olan general təlimatçı öldürülüb.
İdlib müxaliflərinin qəfil hücumunun səbəbləri haqqında fərqli mülahizələr var. Türkiyə hökumət mənbələri də hücumun Suriya qüvvələrinin İdlibi bombalamasına cavab olduğunu bildirir.
Görünür ki, suriyalı müxaliflər Rusiyanın Ukraynada “ilişib qalması” İran və Hizbullahın isə Livanda və Suriyanın şimalında diqqət göstərdiyi bir vaxtda İdlibə diqqətin azalmasından istifadə edərək yaranmış vəziyyətdə diqqəti üzərlərinə çəkmək, mümkün olduğu qədər ərazi, o cümlədən, Hələbi ələ keçirmək və bununla da Suriyanın şimalındakı status-kvonu öz xeyirlərinə çevirmək istəyiblər.
Müxaliflər biliblər ki, bu hücum həm də İran və Bəşər Əsəd hakimiyyətinə təzyiq etmək istəyən İsrail və Qərbin də maraqlarına cavab verdiyi üçün şimaldakı koalisiyadan Hələbə hücuma maneə olmayacaq.
Qalır Türkiyə. Məlum olduğu kimi 2020-ci ilin fevralında İdlibdə Rusiya və Türkiyənin də qarışdığı şiddətli döyüşlərdən sonra Moskvada İdlib razılaşması əldə olundu. Bu razılaşmaya əsasən, İdlibin – M-5 magistralı – cənubunda Rusiya və İran qüvvələri, mərkəzdə isə Türkiyə atəşkəsə nəzarət edəcək. İdlibdə isə HTŞ, ASO və digər fərqli müxalif silahlı qruplar mövcudluğunu davam etdirəcək.
Son hücum 2020-ci il razılaşmasını faktiki olaraq pozur və güman ki, hazırda davam edən toqquşmanın nəticəsi olaraq yeni bir anlaşma olacaq. Təbii ki, Ankara bu vəziyyətin fərqində olub.
Qeyd edək ki, son 3 il ərzində Moskva Türkiyə və Suriya hökumətləri arasında barışıq yaratmaq üçün ciddi diplomatik cəhdlər edib, xarici işlər, müdafiə və kəşfiyyat rəhbərləri səviyyəsində Türkiyə-Suriya təmasları olub. Hətta bu il Ərdoğan və Əsəd görüşü planlanıb. Ancaq bu yaxınlaşma prosesi bir neçə səbəbdən alınmayıb. Əsəd-Ərdoğan barışığı qarşısında iki əsas maneə Dəməşqin Türkiyə ordusunun Suriya ərazisindən çıxarması tələbi, Ankaranın isə müxaliflərə masada tərəf kimi tanınması şərti idi. Hər iki tərəf qarşı tərəfin tələbini qəbul etməyib.
Digər tərəfdən, suriyalı, yəni İdlibdəki müxaliflər Ankaranın Dəməşqlə barışığına etiraz olaraq bu ilin iyulun əvvəlində İdlibdə yerləşən Türkiyə əsgərləri və hökumət obyektlərinə hücumlar ediblər. Bu baxımdan Suriya və Türkiyə barışıq prosesinin bu ayın əvvəlində rəsmi olaraq dalana dirəndiyi elan olunmuşdu. Xarici işlər naziri Hakan Fidan da dedi ki, Dəməşqlə barışıq yolu tükənib.
Hazırda davam edən eskalasiya iki formada nəticələnə bilər. Birinci varianta görə müxaliflərin uğurlu hücumu davam edir və Hələb də daxil olmaqla böyük ərazilər ələ keçirilir. Bu zaman təbii ki, yeni danışıqlar və sülh prosesi başlayacaq. Və bu zaman Ankara masada daha güclü əl olaraq çıxış edəcək, suriyalı müxalifləri Dəməşq və müttəfiqlərinə qəbul etdirəcək.
İkinci ehtimal isə İdlib müxaliflərinin Hələb hücumunun uğursuz nəticələnməsi və radikal müxalifətin əzilməsidir. Əgər bu olarsa təbii ki, yenidən qurulacaq danışıqlar prosesində Türkiyənin Suriya ilə barışıq masasında əyləşməsinə kimsə etiraz edə bilməyəcək. Başqa sözlə, hazırda davam edən yeni hərbi əməliyyat Suriya münaqişəsinin həlli istiqamətində növbəti mərhələ ola bilər. Təbii ki, hər şey döyüşlərin nəticəsindən asılı olacaq.
Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ